Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9359/2022 26.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı müraciətlərə cavab verilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli sərancamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Ekoloji vəziyyətin yaxşılaşmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planın” ekoloji, iqtisadi, sosial və hüquq mahiyyətini izah etmək və onun icrasının gecikməsinə aydınlıq gətirmək; bu proqramın icrasında hökümətin, yəni Nazirlər Kabinetinin hüquqi və iqtisadi rolunun izah edilməsi; 262 saylı sərancamın verilməsinə səbəb olan hüquqi əsasın əmələ gəlməsi, onun təsir dairəsi və müddətinə açıqlıq gətirilməsi; 213 saylı sərəncamın verilməsinə səbəb olan hüquqi əsasın əmələ gəlməsi, onun təsir dairəsi və müddətinə açıqlıq gətirilməsi; ADEC AİŞ-nin 262 saylı sərancamdan irəli gələn öhdəliklərinin, daha dəqiq sözügedən ərazidən əhalinin köçürülməsində iştirak etməməsinin səbəbini izah etmək; sözügedən ərazidə yerləşən əhalinin vaxtında köçürülməməsinin səbəbinin izahını; sözügedən ərazidə yaşayan vətəndaşlara göstərilən çoxşaxəli şiddətin səbəbinin izah edilməsi; 3000 civarında mülk sahiblərinin və 15 000 civarında vətəndaşın “Ağ Şəhər”də mülk sahibi olmaq və orada “yaşamamaq istəyinin” olmamasının səbəbini izah edilməsi; mülk sahiblərinin mülklərinin zorla dəyər-dəyməzinə əllərindən alınmasının iqtisadi əsaslarının izah edilməsi; bu prosesin icrasında saxta sənədlərin (saxta mülklər, şişirdilmiş ölçüdə mülklər, saxta alıcılar, müqavilələr, çirkli və təyinati dəyişilmiş pullar, notariat əməliyyatları, bank əməliyyatları və s.) tərtib edilməsinin izah edilməsi; Bakı ŞİH, ADEC AİŞ və Xətai RİH-nin bu proqramın icrası zamanı sözügedən ərazidə vətəndaşların sağlamlıq, mülkiyyət, yaşayış yerinin seçilməsi və s. insani hüquqlarının qarşılanması uçun kompleks tədbirlər barəsində gördükləri işlərə izahat verilməsi; sözügedən ərazidə yerləşən mülk sahiblərinə məxsus torpaqların sonda kimə satılması barədə izahat verilməsi öhdəliyinin Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1967 saylı sərancamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində Bakı ŞİH Başçısının xx.xx.2007-ci il, 262 saylı sərancamı ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllərdə və Nobel prospekti ilə Xəzər dənizi arasında (bundan sonra sözügedən ərazi) yerləşən yeni yaşayış binalarının, sosial-ictimai obyektlərin, dəniz kənarı zolağın işlənməsi ADEC Azərbaycan İnkişaf Şirkətinə həvalə edilib. Daha dəqiq 2006-2010-cu illəri əhatə edən 5 illik dövlət planında təbii ki, əhali sözügedən ərazidən köçürülməli və sözügedən ərazinin - “Qara Şəhər”in qara torpağı (neft tullantıları ilə çirklənmiş) ya yerində təmizlənib, ya da ki, daşınıb aparılmalı idi. Bundan sonra 2011-ci il tarixdən “Ağ Şəhər” lahiyyəsinin icrasına başlanmalı idi. Təssüflər olsun ki, dövlətin bu planı bu günə qədər də, yerinə yetirilməyib. Bu dövlət proqramının və “Ağ Şəhər” lahiyyəsinin icrası zamanı baş verən qeyri-adekvat hərəkətlər: - sözügedən dövlət proqramının icrasının gecikməsi (2006-2010); - sözügedən ərazidə yaşayan əhalinin mülklərinin sökülməsi, əhalinin köçürülməsi və kompensasiyanın ödənilməsi vəzifəsini Bakı ŞİH xx.xx.2007-ci il tarixli, 262 saylı sərancamı ilə ADEC AİŞ-nə, xx.xx.2013-cü il tarixli, 225 saylı sərancamı ilə isə Xətai RİH-nə tapşırması; - Azərbaycan Respublikası Maliyyə Nazirliyi sözügedən ərazidə yerləşən mülklərin alınması zamanı “Torpaqların dövlət ehtiyaclar üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun şamil edilməməsini qeyd etməsi, Bakı ŞİH və Xətai RİH-nin demələri ki, Maliyyə Nazirliyi səhv edir, burada bu qanun qüvvədədir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin qeyd etməsi ki, sözügedən ərazidə bütün aidiyatı məsələləri həll etmək ADEC AİŞ-nə məxsusdur. Bakı ŞİH və Xətai RİH -nin isə deməsi ki, İqtisadiyyat Nazirliyi qələt edir, mülkləri almaq Xətai RİH-nə məxsusdur; -sözügedən ərazidəki təxminən 3000 (üç min) mülkü ucuz qiymətə Xətai RİH-nin milyader məmuru Anar Tağızadənin, bir hissəsini X1 və başqa şəxslər alıb, baha qiymətə tikinti şirkətlərinə satmaları; - Xətai RİH-nin öz vəzifə səlahiyyətini aşaraq Azərbaycan Respublikasında qüvvədə olan mülkiyyət haqqında qanunlara kobudcasına sayğısızlıq etməsi, həm də hüquq-mühafizə orqanları və aidiyatı dövlət qurumlarının da Xətai RİH-nin bu qeyri-qanuni hərəkətinə haqq qazandırmaları; Xətai RİH gözügedən ərazidə aparılan işlərin icrasında məsuliyyət hissini itirərək kobud saxtakarlığa geniş meydan açması, - Xətai RİH-nin ADEC AİŞ-nin nəzdində mülklərin alqı-satqı fəaliyyəti ilə məşğul olan reket şöbəsi təsüratı yaratması; -sözügedən ərazidə aparılan işlərə sərf edilən pulların şəffaflığının şübhə yaratması; -ədalət məhkəmələrində möhtərəm hakimlərin Xətai RİH-nin qeyri-qanuni hərəkətinə bəzən həvəslə, bəzən də həvəsizcəsinə “qucaq açmaları”; - Bakı ŞİH öz hərəkəti (eyni işin müxtəlif qurumlara həvalə etməsi, nəzarət funksiyasını icra etməməsi, vətəndaşların haqlı şikayətlərini “qulaqardına” vurması və sairə) ilə belə təəssürat yaradır ki, sözügedən dövlət proqramı və “Ağ Şəhər” lahiyyəsi Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin aşağı salınmasına xidmət edir. Yuxarıda qeyd etdiyi dövlət proqramı və “Ağ Şəhər” lahiyyəsi mifi 2007-ci ildən ortalığa çıxandan sonra, çoxsaylı vətəndaşlar kimi o və ailəsi də Bakı ŞİH-nin təşkil edib, rəhbərlik etdiyi qurumların qanunsuz hərəkətlərinin təsirinə məruz qalmışlar və hal-hazırda da qalırlar: 2007-ci ildən Xətai RİH-nin pisixoloji travmaya səbəb olan basqıları-“evinizdə təmizlik işi aparmayın, evinizi sökəcəyik”. 2013-cü ildən Xətai RİH-nin qrup şəkilində (50-60 nəfər) mülkünə basqılar təşkil etməsi. Evin telefon xəttini dayandırması, qaz, işıq, su təhcizatını intensiv olaraq fasilələrlə dayandırması, mülkünə fiziki zədə vurması, mülkündə çox saylı oğurluqlar təşkil etməsi, Xətai RİH 2017-ci ilin sentyabr ayından onu və ailəsini öz şəxsi mülkündən didərgin saldılar ki, ”o burada yaşamır” kimi çirkin “dəlil” əldə etsinlər. Xətai RİH 2017-ci ildə Xətai RİH-nin qeyri-insani hərəkətləri nəticəsində ağır xəstəliyə məruz qalmış həyat yoldaşını xarici ölkəyə müalicə üçün aparmağından istifadə edib, ünvan 1 ünvanında yerləşən 2 mərtəbə evini əşyaları qarışıq məhv edib. Bu gün Xətai RİH törətdiyi cinayəti inkar edir, daha dəqiq deyir ki, onun evini sökməyiblər, evi yerindədir. Xətai RİH 2017-ci ildə öyrədilmiş şəxslər tərəfindən onu və 9 nəfər ailə üzvünü ünvan 3 ünvanında yerləşən şəxsi mülkündən mərhum etmək üçün məhkəmə davası açdırdı (İş № 2(011)-4898/17). Onun ünvan 3 ünvanında yerləşən şəxsi mülkünü Xətai RİH-nin hücumlarından mühafizə etmək üçün, o Xətai RİH tərəfindən ədalətsiz olaraq 2017-2019-cu illərdə məhkəmələrdə “süründürüldü”. 2020-ci ildə Xətai RİH və ADEC AİŞ onun ünvan 5 ünvanının əvəzləyicisi) ünvanında yerləşən mülkünü ağır texnikalarla məhv etmək istədilər. Heç bir məhkəmə qərarı və bildiriş olmadan xx.xx.2021-ci il tarixdə Xətai RİH başçısının müavini Etibar Əhmədovun rəhbərlik etdiyi 70 nəfərə yaxın dəstə onun Xətai rayonu, Turşu küçəsi 23V ünvanında yerləşən xüsusi mülkünə hücum etdilər. Hücumun qarşısı evdə uçuntular altında qalan 2 azyaşlı qız uşağını ölümdən azad etmək üçün qonşular tərəfindən alındı. Onun xüsusi mülkünə külli miqdarda ziyan dəydi və ən faciəlisi isə o oldu ki, 2 azyaşlı qız uşaqları ağır psixoloji travma aldılar. Hüquq-mühafizə orqanlarının, aidiyyatı dövlət qurumlarının və ədalət məhkəmələrinin ədalətsiz münasibətindən “şücaətlənən” Xətai RİH-nin insani hisləri bloklanmış dəstəsi xx.xx.2021-ci il tarixdə heç bir məhkəmə qərarı və bildiriş olmadan 80-ə yaxın canlı qüvvə, o cümlədən 30-a yaxın çinli polis məmuru və ağır texnika ilə onun xüsusi mülkünə basqı edib, orada yaşayanları küçəyə atdılar, evin əşyalarını talan etdilər və evi viranə qoydulur, yəni xüsusi mülkü olan evini yerlə bir etdilər. Qonşuların, ailə üzvülərinin və onu tanıyanların gözü önündə onun şərəf və ləyaqətini alçaltdılar. Hüquq-mühafizə orqanları, aidiyyatı dövlət qurumları, xüsusi ilə də ədalət məhkəmələri Bakı ŞİH-nin komandirlik etdiyi Xətai RİH-nin qanunsuz və “qan donduran” qeyri-insani və qeyri-bəşəri hərəkətini ədalətli hesab etdilər. Onun və ailəsinin heç bir mülkiyyət, mənzil toxunulmazlığı, sağlam mühitdə yaşamaq, istədiyi yerdə yaşamaq, aidiyyatı informasiya almaq, ictimai ayrı seçkiliyə məruz qalmamaq və sairə hüqüqları yoxdur. Məhkəmələrin onun və 9 nəfər ailə üzvünün hüquqlarının nümayişkarə formada müdafiə etməməsi: mülkünün məhv edilməməsi üçün tədbir görməməsi, azyaşlı qız uşaqlarının ölümünə cəhd təşəbüsünə (yəqin ki, bu hakimlərin uşaqları yoxdur, ya da ki, başqalarının uşaqlarını uşaq saymırlar) adekvat reaksiya verməməsi, məhkəmə iclaslarında özlərini tərəf kimi və cavabdehin vəkili kimi aparmaları, məhkəmə icraatında çəkişmə prinsiplərinə əməl etməməsi, saxta sənədləri “ədalətlə” qəbul etmələri, fakt və sübutları məkrli surətdə təhrif etmələri, “bezdirmə” sindromundan istifadə etmələri, öz vəzifə səlhiyyətlərindən sui-istifadə etmələri, şəxsi maraqlarını müqəddəs peşə amallarına qurban vermələri, şəxsən onda şaşqınlıq yaradır. Peşəkar hakimin “zorlanan vətəndaşa mənbəyi qeyri-müəyyən, çirkli pulun məkrli məqsədlə ödənilməsi” cinayət əməliyyatına ədalətlidir deməsi, insanlığın mənəvi deqradasiyasıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin orqan tərəfindən müraciəti ilə bağlı imtina almamış, lakin buna baxmayaraq mövcüd iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə müvafiq ərizə ilə müraciət etmədiyindən, müraciətindən imtina olunması barədə yazılı imtinanı almadığından, bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-9359/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9359/2022
26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver