Məhkəmə qərarları › İş №2-1(112)-9368/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9368/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9368/2023 13.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzil növbəsində qabağa çəkilmə” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mövcud qanunların aliliyini və tələblərini əsas tutaraq Azərbaycan Respublikası Silahlı qüvvələrində 20 il və daha çox qüsürsüz xidmət medalı ilə təltif olmağı Xidmət zamanı əlil olmağı və eləcədə müharibə veteranı olmağı ilə bağlı güzəşt və imtiyazları nəzərə alınmağı və hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyində haqq etdiyi mənzil növbəsi qanunun verdiyi əsaslara uyğun qabağa çəkilərək, 2023-cü ilin siyahısına daxil edilməsi ilə bağlı onun xeyrinə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı orta məktəbi bitirdikdən sonra 2001-ci ildə H.Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuşdur. 2005-ci ildə H.Əliyev adına Ali Hərbi Məktəbi raket-artelerya ixrisası üzrə bitirmişdir. xx.xx.2005-ci il tarixində MN-nın 0351 saylı əmri ilə leytenant rütbəsi almış və MN-nin Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə başlamışdır. Xidmət yeri daim ön cəbhədə olub. 44 günlük Vətən Müharibəsinin iştakçısı, müharibə veteranıdır. 20 il qüsursuz xidmətə görə 1-ci dərəcəli medalı ilə təltif olunmuşdur (xx.xx.2022-ci il, MN-038 saylı əmr). Xidmət dövründə yaranmış xəstəliyə görə MN Mərkəzi Hospitalın Hərbi Həkim Komissiyasının qərarı ilə Böyrək çatışmazlığı diaqnozu əsasında, xidmətə yararsız hesab edildiyi üçün MN-nin xx.xx.2022-ci il tarixli 028 saylı əmri əsasında Xidmət dövründə Xəstəliyə görə ehtiyyata buraxılmışdır. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinədən keçmiş və ona 3 cü qrup əlillik dərəcəsi verilmişdir. Hal hazırda özü ilə birgə ailə üzvləri 4 nəfərdən ibarətdir. Yaşamaq üçün evi olmadığından Bakı şəhərində kirayədə qalır. 2 azyaşlı qız övladı var. Kiçik qızı anadangəlmə xəstəliklə doğulmuşdur. Davamlı müalicə və həkim nəzarətində olmalıdır. Yoldaşı heç bir yerdə işləmir. Səhəti ilə bağlı aylıq dərmanların dəyəri 320 manat edir. Hər ay da dərmanların sayı və qiyməti artır. Artıq bir böyrəyinin fəaliyyəti günü gündən pisləşməyə doğru gedir. Bundan başqa əsəb və sinir xəstəliyindən və şəkərli diabetdə əziyyət çəkir. Əsəbləri sıradan çıxdığından yuxusuzluq və yaddaş pozuntusu yaranıb. Qalan ömrü ancaq həkimlərdən və bahalı dərmanlardan asılıdır. MN-nin Silahlı Qüvvələrində 2001-ci ildən 20 təqvim ili və daha çoxqüsursuz xidmət etmiş zabit kimi MN-nin Mənzil-İstismar idarəsinin müvafiq komissiyası tərəfindən ev növbəsinə qeydiyyata alınmışdır. Lakin hazırda 1995-ci ildən xidmət edən zabitlərin evlə təminatının 2023-cü ildə həyata keçiriləcəyi bildirilir. Ümumi qaydada 2001-ci ildən xidmət edən zabitlərin evlə təminat növbəsinin yaxın 5-6 ildən sonra (2029-cü ildə) çatacağı haqda ona bildirilmişdir. Onun hərbi xidmətdə aldığı xəstəliyə görə 3-cü qrup əlilliklə, 44 günlük Vətən müharibəsi veteranı olması və eləcə də ailəsində azyaşlı xəstə uşağın olması ilə bağlı ev növbəsinin qabağa çəkilməsi haqqda Müdafiə Nazirliyinə etdiyi müraciyyətinə bir tərəfli, ümumu qaydalar əsasında (Az.Res.Prezidentinin xx.xx.2011 tarixli 569 saylı fərman) baxılmış və ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi tərəfindən ümumləşmiş, səti cavab verilmişdir. Hərbi qulluqçuların mənzillə təminatının ümumi qaydalarını əsas tutan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh şəxsi nədənsə mənzil təminatında xüsusi hallar və imtiyazlarla bağlı digər qanun və sərəncamların birini də əsas tutmurlar. Onun bütün xidmət dövrü ancaq ön cəbhədə, səngərdə, döyüş postunda keçib. 44 günlük müharibə zamanı ən ağır döyüş əməliyyatlarında iştrak etmişdir. Ağır döyüş həyacanı, əsəb-stres, soyuq səngər şəraitində hər iki böyrəyi sıradan çıxıb. Artıq dializ ərəfəsindədir. Xidməti döyüş tapşırığını yerinə yetirərkən sağlamlığını itirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9368/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Müdafiə Nazirliyinin Mənzil İstismar sahəsi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia verilərkən AR İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, hazırki iddia AR İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsində təsbit edilən məcburetmə haqqında iddiadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 1.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 2.3-cü maddəsinə əsasən Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011 -ci il tarixli 569 nömrəli Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiyada Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. İddiaçı adı 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsi ilə əlaqədar olaraq adı çəkilən Komissiyaya təqdim ediləcək siyahıya daxil edilmişdir. Beləliklə də cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi öz səlahiyyətləri daxilində İddiaçı adını 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsi ilə əlaqədar olaraq adı çəkilən Komissiyaya təqdim ediləcək siyahıya daxil etmiş, İddiaçı dövlət vəsaiti hesabına mənzil növbəsində qabağa çəkilməsi Müdafiə Nazirliyinin səlahiyyətinə aid edilmədiyindən və bunun üçün əsaslar mövcud olmadığından iddia mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası İPMnin 35.3, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən İddiaçı “mənzil növbəsində qabağa çəkilmə” öhədliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair xx.xx.2023-cü il tarixli, **********423 nömrəli elektron arayışdan qeyd edilmişdir ki, ad, soyad, ata adı: İddiaçı, şəxsiyyət vəsiqəsinin №: AA*******, ünvan: ünvan 1ixi: xx.xx.1984, doğum yeri: Bakı şəhəri, rütbəsi: kapitan, vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair: Vətəndaş, həqiqətən xx.xx.2001 - xx.xx.2005, xx.xx.2005 - xx.xx.2022 tarixlərində həqiqi hərbi xidmət keçmişdir, ehtiyata buraxılma səbəbi: xəstəliyə görə - HHK-nın rəyinə əsasən. İş materiallarına əlavə edilmiş N nömrəli Hərbi Hissə Komandirinin 11.026.2022-ci il tarixli 168 nömrəli Əmrindən Çıxarışda bildirilmişdir ki, Kapitan İddiaçı, N nömrəli hərbi hissənin maddi-texniki təminat (Q4) bölməsinin raket artilleriya silahlan xidməti rəisinin döyüş sursatları ilə təminat üzrə köməkçisi, ‘Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq. Azərbaycan Respublikası Müdafiə nazirinin 07 aprel 2022-ci il tarixli 0281 nömrəli əmri ilə hərbi qeyim formasını daşımaq hüququ verilməklə həqiqii hərbi xidmətdən ehtiyataya buraxılmış hesab edilsin, 26 iyul 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Sabunçu rayon idarəsinə göndərilsin. Kapitan İddiaçı 2022-ci il xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarında nəzərdə tutulmuş birdəfəlik pul mükafatını yanvar-iyun aylarında tam həcmdə almağa layiqdir. Kapitan İddiaçı 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib 2022- ci ilin növbəti məzuniyyət hesabından tam istifadə edib, 1 (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilib. Kapitan İddiaçı ehtiyata buraxılması ilə əlaqədar 5 (beş) aylıq vəzifə maaşı miqdarında birdəfəlik pul müavinəti ödənilsin. Kapitan İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 0130 nömrəli əmri ilə 2-ci məharət dərəcəsi təsdiq edilmişdir. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 07 aprel 2022-ci il tarixli 0281 nömrəli əmrindən çıxarış İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqəsində qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən üçüncü dərəcə əlillik təyin edilmişdir. Diaqnoz: Xronik nefritik sindrom. Xroniki qlomerulonefrit latent genişliyi Xroniki böyrək xəstəliyi Xroniki böyrək çatışmazlığı İİ mərhələ. Böyrəklərin ikincili büzüşməsi. Əlillik səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli, 2536 nömrəli məktubunda bildirilmişdir ki, hal-hazırda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına ikinci hissəsinə əsasən yaradılmış Komissiyada Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. İddiaçı adı 2001-ci ildən Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsi ilə əlaqədar olaraq adı çəkilən Komissiyaya təqdim ediləcək siyahıya daxil edilmişdir. Komissiya tərəfindən qərar qəbul edildikdə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 1243 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, mənzil növbəsinə qəbul edilməsi üçün Sizin adınız 2001-ci ildən Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların adlı siyahısına daxil edilərək, yuxarıda qeyd edilən Fərmanın 2-ci hissəsinə əsasən yaradılmış müvafiq Komissiyaya təqdim olunacaqdır. Müraciətdə qeyd etdiyiniz digər məsələ ilə əlaqədar bildirirəm ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında hərbi qulluqçuların və ehtiyatda (istefada) olan şəxslərin növbədən kənar mənzillə təmin edilməsi nəzərdə tutulmamışdır və növbəlilik əsasında mənzillə təmin edildiyiniz halda Sizə əlavə məlumat veriləcəkdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2001-xx.xx.2005, xx.xx.2005- xx.xx.2022ci il tarixlərində Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin 07 aprel 2022-ci il tarixli 0281 nömrəli əmri ilə xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən üçüncü dərəcə əlildir, eyni zamanda Azərbaycan ordusunda xidmət müddəti 20 il 11 ay 22 gün olmaqla 2001-ci ildən Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilmişdir. İddiaçının hazırkı tələbi onun 20 il qüsursuz xidmətə görə dövlət vəsaiti hesabına mənzil növbəliliyinin qabağa çəkilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədədir. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən:

1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.

2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı (….) tərkibdə Komissiya yaradılsın. Göründüyü kimi aşağıdakı hərbi qulluqçuların dövlət hesabına mənzillə təmin olunmaq və bunun üçün adının müvafiq komissiya tərəfindən siyahıya daxil edilməsini tələb etmək hüququ vardır: -hərbi qulluqçu Azərbaycan ordusunda xidmət etməli; -azı 20 təqvim ili xidmət keçməli; -tələb edilən 20 təqvim ilində qüsursuz xidmət keçməlidir. Adıçəkilən Fərmanda hərbi qulluqçunun dövlət hesabına mənzillə təmin edilməsi hüququ, bunun üçün müvafiq komissiyanın yaradılması qaydası öz əksini tapsa da lakin mənzil növbəliliyinə götürülmüşlərin mənzil növbəliliyinin bu və ya digər haldan asılı olaraq önə çəkilməsi və ya növbədənkənar mənzillə təmin edilmə ilə bağlı hər hansı normativ tənzimləmə nəzərədə tutulmamışdır. Eyni zamanda 569 nömrəli Fərmandan əlavə bu məsələləri tənzimləyən hər hansı normativ sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, cavabdehin dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq şəxslərin siyahısında növbəliliyinin qabağa çəkilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş səlahiyyəti olmadığından cavabdehdən mövcud olmayan vəzifənin icrası tələb edilə və ya onun üzərinə belə bir öhdəlik qoyula bilməz. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Hazırkı halda cavabdeh qismində qoyulmuş inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş qeyd edilən iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzil növbəsində qabağa çəkilmə” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar