Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9369/2024 25.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 65 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü ildə Tərtər rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə başladığı müddətdən iş yeri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. İddiaçı 65 yaşı tamam olduqdan sonra dəfələrlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş və ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. 2024-cü ilin yanvar ayında ona xx.xx.2024-cü tarixli 3-17-1/12-M-35784/2024 saylı imtina məktubu ilə bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Qeyd olunmalıdır ki, X3 ilə birgə nikahdan doğulan 12 may 2000-ci il təvəllüdlü X7 2-ci Qarabağ müharibəsində iştirak edərək, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş, nəşi 2020-ci ilin dekabr ayında tapıldığından, 29 dekabr 2020-ci il tarixdə dəfn edilmişdir. Şəhid ailəsinin üzvü kimi Prezident tərəfindən təyin edilmiş 600 manat məbləğin bir hissəsi 300 manat iddiaçıya ödənilir, lakin hər ay Prezident təqaüdünün bir hissəsinə uyğun olaraq 300 manat ödənilmir. Dəfələrlə yazılı və şifahi qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialına müraciət edərək, Prezident təqaüdünün tam şəkildə ödənilməsini tələb edilməsinə baxmayaraq, müraciətin təmin edilməsindən imtina edilmiş və ona xx.xx.2023-cü il tarixli **********9 saylı məktubla bildirilmişdir ki, şəhid İsa Məmmədovun anası X1 analıq hüququndan məhrum olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qərarını təqdim etdikdən sonra şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün tam şəkildə ödənilməsinə yenidən baxıla bilər. Bundan sonra Suraxanı rayon Məhkəməsinə müraciət edərək, X2 analıq hüququndan məhrum olunması barədə qətnamə qəbul edilməsini xahiş olunsa da, iddia təmin edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-ci il tarixli iddiaya yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx.xx.1954-cı il tarixdə anadan olmuş və qanunla müəyyən olunmuş pensiya yaşına xx.xx.2018-ci il tarixdə çatmışdır. Qeyd olunan səbəbdən iddiaçıya Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********1 nömrəli qərar ilə əvvəlki 3 ilin ödənişi nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı mərhum övladı X5 xx.xx.2020-ci il tarixdə vəfatı ilə əlaqədar Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı ilə ailə başçısını itirməyə əmək pensiyası təyin edilərək ödənilməkdədir. Qeyd olunan səbəbdən Qanunun 5-cı maddəsinin tələbi və Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının 24.01 2022-ci il tarixli ********** nömrəli xidməti məruzəsi əsasında iddiaçı N.X6 tərəfindən ödənilən yaşa görə əmək pensiyasının ödənişi 26.01 2022-ci il tarixdə dayandırılmışdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: -AZE seriyalı 16508868 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1954-cü il tarixdə Tərtər rayonunda anadan olmuş, 63 yaş 6 ayı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********1 nömrəli qərarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmiş, təyin edilən pensiyanın məbləği 353,28 manat müəyyən edilmiş, pensiya ödənişi xx.xx.2018-ci il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı ilə iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.17.1-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, pensiyanın məbləği 577,20 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********6 nömrəli qərardan görünür ki, XŞTMF-dan daxil olan xx.xx.2022-ci il tarixli ********** N-li xidməti məruzəyə əsasən vətəndaş XŞTMF-da pensiyaçı olduğu üçün 820290 N-li pensiya işinin ödənişi xx.xx.2022ci ildən dayandırılmışdır. “Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisr olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (aili başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. - İddiaçının cavabehə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, o ərizə ilə müraciət edərək, əmək pensiyasının xx.xx.2022-ci il tarixdən dayandırıldığını bildirmiş, hər iki pensiya almasına kömək gösərilməsini xahiş etmişdir. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya yaş həddi kişilər üçün 63 yaş 6 ay müəyyən edilib. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2018-ci il tarixindən yaşa görə sosial ödəniş almaq hüququ yaranmışdır. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat edən şəxsin atası, anası, əri, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61- 80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq iddiaçıya övladı X4 ölümü ilə əlaqədar Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Qeyd olunan maddələrin tələblərinə əsasən iddiaçıya yaşa görə və ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olmasına baxmayaq hər iki əmək pensiyasının eyni vaxtda ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə təkrar cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının ödənilməmə səbəbi barədə məlumat verilməsini xahiş etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Hazırda Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxs olduğunuz üçün sizə Qanunun 7-ci maddəsinə əsasən ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçıya ilkin olaraq yaşa görə sosial müavinət təyin edilmiş, daha sonra onun yazılı ərizəsinə əsasən xx.xx.2021-ci il tarixli qərar ilə ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********1 nömrəli qərar ilə iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin dövrdə iddiaçı həm ailə başçısını itirməyə görə, həm də yaşa görə əmək pensiyasını eyni vaxtda almış olsa da, XŞTMF-nın xx.xx.2022-ci il tarixli ********** Nli xidməti məruzəsinə əsasən cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********6 nömrəli qərar ilə ona yaşa görə əmək pensiyasının ödənilməsi dayandırılmışdır. İddiaçı hazırda ona ödənilən yaşa görə əmək pensiyasının dayandırılmasını qanunsuz hesab edərək, ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsasızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən: İ. Hər kəsin sosial təminat hüququ vardır. İİ. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Maddə 5.2. sığortaolunanların qanunvericiliklə onlara təyin olunmuş əmək pensiyası ilə yanaşı, qeyri-dövlət pensiyası hüququ vardır. Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; İstinad olunan normalardan görünür ki, qanunvericiliyə əsasən, hər bir şəxsin yalnız bir pensiya almaq hüququ tanınır və bu hüquq həmin şəxsin sərbəst iradəsinə uyğun olaraq seçiminə əsasən həyata keçirilir. Belə ki, şəxsin qanunla müəyyən olunmuş əmək pensiyası növlərindən yalnız birini seçmək imkanı vardır. Bu seçim, şəxsin marağı və həyat şəraiti nəzərə alınmaqla, ona ən uyğun olan pensiya növünün müəyyən edilməsi və həmin növə dair hüququn reallaşdırılması ilə təmin edilir. Hazırda mübahisəli məsələ ilə bağlı müəyyən olunur ki, iddiaçı öz iradəsinə uyğun olaraq ailə başçısını itirməyə görə pensiya almaq hüququnu reallaşdırmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası onun sərbəst seçimi əsasında təyin edildiyindən ona aldığı pensiya ilə yanaşı, həmçinin yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Əks yanaşma, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 5.1-ci maddəsinin pozulmasına səbəb olur. Məhkəmə bu zaman onu da nəzərə alır ki, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği ailə başçısını itirməyə görə pensiya məbləğindən az olduğundan onun pensiyasının yaşa görə əmək pensiyasına keçirilməsi də hüquqi marağına xidmət etmir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciəti ilə bağlı qəbul etdiyi imtina qərarı qanuni olmuş, onun hüquq və azadlıqlarını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırkı iş üzrə belə bir hal olmadığından məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9369/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9369/2024
25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver