Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-937/2020 30.01.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, X7 Ağa qızının katibliyi, İddiaçı X1, 3-cü şəxs X2 nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər X4 və Vəliyev ismayıl Valeh oğlu işə cəlb edilməklə sərəncamların və çıxarışın etibarsız hesab edilməsi barədə iddiası üzrə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər X4 və Vəliyev ismayıl Valeh oğlu işə cəlb edilməklə Cavabdeh1 Başçısının xx.xx.1998-ci il tarixli, 794 və 801 nömrəli, həmçinin xx.xx.1998-ci il tarixli 802 nömrəli sərəncamlarının və həmin sərəncamlar əsasında Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1999-cu il tarixli, 162697 nömrəli qeydiyyat vəsiqəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdehlərin və digər 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxıla bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddiaya qarşı etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndində qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli, 910 saylı Fərmanına əsasən Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri (bəzi istisnalar olmaqla) TƏBİB-in tabeliyinə verilmişdir. Fərmanın 2.1-ci hissəsində göstərilən, Səhiyyə Nazirliyinin strukturuna daxil olan, TƏBİB-in tabeliyinə verilməyən (yəni istisna olunan) tibb müəssisələrinin içərisində 1 saylı Qadın Məsləhətxanası (və ya qadın məsləhətxanası) yoxdur. Fərmanın 2.2-ci və Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli, 148 saylı Fərmanının 3.6-cı maddəsinə əsasən həmin müəssisələrin təsisçi səlahiyyəti TƏBİB-ə məxsusdur. Beləliklə, hazırki iddia tələbi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qaldırılsa da, 1 saylı Qadın Məsləhətxanası hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində deyil. Göründüyü kimi, iddiaçının hazırda onun tabeliyində olmayan qurumla bağlı iddia tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, əgər iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olsa idi belə, iş üzrə tərəflər - iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi bununla da tərəflər inzibati orqanlardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə əsasən isə, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 28 dekabr 2005-ci il tarixli, 345 saylı Fərmanının 2.2-ci bəndinə əsasən, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Göründüyü kimi, mövcud mübahisə inzibati orqanlar arasında yaranmış mübahisə ilə bağlı olduğundan, mübahisə məhkəmə qaydasında deyil, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilməlidir. İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların siyahısında iki inzibati orqanın bir-birinə qarşı iddia tələbi ilə çıxış etməsi müəyyən edilməmişdir (bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddiaları istisna olmaqla). Bir dövlət hakimiyyət orqanının hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi nəticəsində qəbul etdiyi qərarın başqa bir dövlət orqanı tərəfindən mübahisələndirilməsi qanunvericiliyə görə inzibati (publik) hüquq münasibətlərindən irəli gəlmədiyi üçün inzibati məhkəmə qaydasında baxılan işlərin dairəsinə aid deyildir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia inzibati icraat çərçivəsində mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-937/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-937/2020
30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver