Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-937/2024 27.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarların qanunsuz hesab edilərək ləğv edilməsi və qaçqın statusunun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 yanvar 2023-cü il tarixli İQ-01/1 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” və 15 fevral 2023-cü il tarixli 22 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarların qanunsuz hesab edilərək ləğv edilməsi, “qaçqın statusu verilməsi haqqında” vəsatətin təmin edilməsi və ona “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikasının Lahor şəhərində dünyaya gəlmiş və dini etiqadıma görə müsəlmandır. Orta məktəbi bitirdikdən sonra Lahor şəhərində 1992-1996-cı illərdə maliyyə üzrə magistr təhsili almış, daha sonra 1996-2006-cı illərdə aşpaz kimi çalışmış, 2010-2022-ci iliərdə Pakistanın Pişavar şəhərində “Dry CeJJ” adlı Şirkətdə direktor vəzifəsində çalışmışdır. Hal-hazırda evlidir, Komai Waheeda adlı Pakistan İslam Respublikası vətəndaşı ilə ailə həyatı qurmuş və bu nikahdan 3 qız və 1 oğlan övladı dünyaya gəlmişdir. Pakistan vətəndaşıdır və 12 iyul 2022-ci il tarixdə təqribən axşam saat 8 radələrində Pakistan İslam Respublikasının Pişavar şəhərində Shahid Hussain adlı dostu ilə birlikdə olarkən 3 nəfər naməlum şəxs odlu silahdan atəş açmaqla dostunu qətlə yetirmişlər. Bundan sonra isə qətldə şübhəli bilinən şəxslər tərəfindən təhdidlərə məruz qalmışdır. Belə ki, cinayət törətmiş şəxslər onlar barədə mühafizə orqanlarına məlumat verəcəyi təqdirdə onu da öldürəcəkləri barədə işlədiyi ofisin önünə təhdid məktubu qoymuşlar. Baş vermiş cinayət hədisəsi ilə əlaqədar məhkəmədə şahid qismində dindirilmişdir. Həyatı təhlükədə olduğu üçün Pakistan İslam Respublikasını tərk etmək məcburiyyətində qalmışdır və 7 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş, hal-hazırda ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayır. Lakin ailəsi hələ də Pakistandadır və onların da həyatı təhlükədədir. Qaçqın statusunun verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Vəsatətin araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətiəri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən “Qaçqın statusunun verilməsindən imtina edilməsi barədə” 11 yanvar 2023-cü il tarixli İQ-01/1 nömrəli qərar verilmişdir. Sözügedən qərardan tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisinə inzibati qaydada şikayət verilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 15 fevral 2023-cü il tarixli 22 nömrəli inzibati şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən “Qaçqın statusunun verilməsindən imtina edilməsi barədə” 11 yanvar 2023-cü il tarixli İQ- 01/1 nömrəli qərarın dəyişdirilmədən saxlanması barədə yeni qərar qəbul edilmişdir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş hər iki qərar qanunsuzdur və buna görə ləğv edilərək ona qaçqın statusunun verilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməlidir. Belə ki, inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı bir neçə arqumentlərə əsaslanmışdır. Cavabdeh orqan hesab etmişdir ki, izahatları inandırıcı deyil və bir-birinə ziddir. Bundan başqa cinayət hadisəsindən sonra onun Pakistana yenidən qayıtmağı, hüquq mühafizə orqanlarına müraciət etməməyi, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusunun müəyyən edilməməsi qənaətinə gələrək inzibati orqan qaçqın statusunun verilməsindən imtina etmişdir. İzahatlarını ingilis dilində vermiş, izahatları bir-birinə tam uyğun olmuşdur. Cinayət törətmiş şəxslər tərəfindən təhdidlərə məruz qaldığından sonra Pakistanı tərk etmiş, lakin təxirəsalınmaz işləri səbəbindən həyatı təhlükədə olmasına baxmayaraq çox qısa müddətə, yəni 2-3 günlük Pakistana qayıtmış və 7 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Cinayət törətmiş şəxslər onun onlar barədə mühafizə orqanlarına məlumat verəcəyi təqdirdə onu və ailə üzvlərini öldürəcəkləri ilə bağlı hədə-qorxuları səbəbindən mühafizə orqanlarına müraciət etməkdən çəkinmişdir. Onun həyatı təhlükədədir və bu səbəbdən ona qaçqın statusu verilməlidir ki, Azərbaycan Respublikasında təhlükəsiz şəraitdə yaşaya bilsin. Qeyd olunanlara əsasən cavabdehin qəbul etdiyi qərarlar qanunsuz olmuş və bu səbəbdən ləğv edilməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “11 yanvar 2023cü il tarixli İQ-01/1 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərarın ləğv edilməsi, qaçqın statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli İQ-01/11 nömrəli qərar qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Şəxsin vəsatətində və müsahibəsində ziddiyyətlər mövcuddur. Belə ki: a) Ameer İmran qatillər tərəfindən hədələndiyini və bu barədə polisə məlumat verməməsi barədə xəbərdarlıq olunduğunu bildirsə də, Ameer baş verənlərlə bağlı polisə məlumat verməməsinə baxmayaraq yenə də həmin şəxslər tərəfindən təqibə məruz qaldığını göstərmişdir; b) Ameer İmran qatilləri tanıdığını bildirsə də, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməmiş, qatillərin tapılması istiqamətində köməklik göstərməmişdir. Dövlət tərəfindən hər hansı təqibə məruz qalmamışdır. Göründüyü kimi İddiaçı Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Odur ki, göstərilənlərə əsaslanaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələri rəhbər tutularaq məhkəmədən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilmiş M6- 116-2022 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən qaçqın statusu almaq məqsədi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmiş və adına ***-**** saylı şəxsi iş açılmışdır. Bu sənəd Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasına əsasən xx.xx.2023-cü il tarixədək etibarlıdır və həmin Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 54.0.15-ci maddəsinə əsasən arayışın sahibi vəsatətinə baxıldığı dövr ərzində Azərbaycan Respublikası ərazisində iş icazəsi tələb olunmadan müvəqqəti olaraq əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-01/1 saylı xx.xx.2023-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərara əsasən Pakistan İslam Respublikasının vətəndaşı İddiaçıa qaçqın statusu verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 22 saylı xx.xx.2023-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərara əsasən qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli İQ-01/1 nömrəli qərarından Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-37/1-B-33- 18/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3- 37/1-B-xx-xx/2023 nömrəli inzibati şikayətlər təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən iddiaçının Qaçqın statusunun verilməsi haqqında ***-**** saylı xx.xx.2022-ci il tarixli vəsatəti (ərizə-anket) və həmin vəsatətə (ərizə-anketə) 1№-li əlavə, aparılmış inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Odur ki, Dövlət Miqrasiya Xidmətinin qərarı qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati aktdır və hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: - 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. - 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Bu səbəbdən cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməsi ilə məhdudlaşdırılır. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqibin mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Şəxsin vəsatətində və müsahibəsində ziddiyyətlər mövcuddur. Belə ki: a) Ameer İmran qatillər tərəfindən hədələndiyini və bu barədə polisə məlumat verməməsi barədə xəbərdarlıq olunduğunu bildirsə də, Ameer baş verənlərlə bağlı polisə məlumat verməməsinə baxmayaraq yenə də həmin şəxslər tərəfindən təqibə məruz qaldığını göstərmişdir; b) Ameer İmran qatilləri tanıdığını bildirsə də, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməmiş, qatillərin tapılması istiqamətində köməklik göstərməmişdir. Dövlət tərəfindən hər hansı təqibə məruz qalmamışdır. Göründüyü kimi İddiaçı Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmiş, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Həm məhkəməyəqədər, həm də məhkəmədə aparılan inzibati icraat zamanı iddiaçının istinad etdiyi ümumi narahatçılıq isə özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. İddiaçı onun barəsində sözügedən haldan irəli gələn irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan əsaslı təqib qorxusunun mövcudluğunu dəstəkləyən hər hansı inandırıcı və mötəbər sübut təqdim etməmişdir. Məhkəmə inzibati orqanın gəldiyi nəticə ilə razılaşır ki, ərizəçinin müsahibə zamanı bildirdiyi məqamlar mənşə ölkəsində onun və ailəsinin həyatı üçün hazırda ciddi bir təhlükənin olmadığını deməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-937/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-937/2024
27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver