Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9370/2023 14.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 20 may 2020-ci il tarixindən təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1963-cü il təvəllüdlüdür. Diplomu, hərbi bileti və əmək kitabçasından görünür ki, 01 sentyabr 1980-cı il tarixdən 24 iyul 1981-ci il tarixinədək (00 il 10 ay 23 gün) Bakı şəhəri 20 saylı Texniki-Peşə məktəbində və 01 sentyabr 1981-ci il tarixdən 25 mart 1986-cı il tarixinədək (04 il 06 ay 24 gün) Bakı baza Energetika Texnikumunda təhsil almış, təhsil aldığı dövrdə 01 noyabr 1981-ci il tarixdən 26 noyabr 1983-cü il tarixinədək (02 il 00 ay 25 gün) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 11 mart 1985-ci il tarixdən 15 iyul 1985-ci il tarixinədək (00 il 04 ay 04 gün) RF-nın Voronej şəhərində “Mərkəzenerqoquraşdırma, trestinin quraşdırma idarəsində çilingər, 07 aprel 1986-cı il tarixdən 29 iyul 1986-cı il tarixinədək (00 il 03 ay 22 gün) Qazaxıstan SSR-nin Uralsk şəhəri İEM-də Qazan-Turbin sexində təmir üzrə çilingər (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod:2140000a-18455), 29 iyul 1986-cı il tarixdən 26 dekabr 1988-ci il tarixinədək (02 il 04 ay 28 gün) həmin sexdə qazan maşinisti (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod:2140000a-13785), 26 dekabr 1988-ci il tarixdən 20 iyul 1990-cı il tarixinədək (01 il 06 ay 24 gün) həmin sexdə təmirçi çilingər (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod:2140000a-18455), 20 iyul 1990-cı il tarixdən 08 aprel 1994-cü il tarixinədək (03 il 08 ay 18 gün) qazanxana sexində qazan maşinisti (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod: 2140000a-13785), 04 may 1994-cü il tarixdən 27 fevral 2001-ci il tarixinədək (06 il 09 ay 23 gün) "xxxx" Dövlət Şirkətinin Ə.Bayramzadə adına Bakı l№-li İEM-də Qazan-Turbin sexində (QTS) qazan maşinisti (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod: 2140000a- 13785), 27 fevral 2001 -ci il tarixdən 01 iyul 2002-ci il tarixinədək (01 il 04 ay 04 gün) həmin İdarənin QTS-də idarəetmə məntəqəsinin qazan maşinisti (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod:2140000a-13785), 01 iyul 2002-ci il tarixdən 01 yanvar 2006-cı il tarixinədək (03 il 06 ay 00 gün) və 01 yanvar 2006-cı il tarixdən 01 yanvar 2020-ci il tarixinədək (14 il 00 ay 00 gün) həmin QTS-də böyük maşinist (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod:2140000a- 18828) vəzifəsində işləmiş, 01 yanvar 2020-ci il tarixdən bu günə kimi həmin sexdə köməkçi avadanlıqlar üzrə böyük maşinist vəzifəsində işləyir. Beləliklə, 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 il 00 ay 19 gün (25 ildən artıq) təşkil etmiş, həmin staj illərindən 19 il 07 ay 23 gün (12 il 6 aydan artıq) müddətini 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsal atların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da o, həmin Qanunun tələblərinə cavab verən iş stajı toplamış, bu səbəbdən də 57 yaşın çatdığı 20 may 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi 16 iyun 2023-cü il tarixli yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı xx.xx.2023-cü il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Cavabdeh tərəfindən aparılan araşdırma nəticəsində iddiaçıya ünvanlanmış imtina məktubunda onun təqdim etdiyi sənədlərə əsasən sığorta stajının qanunvericiliklə nəzərdə tutulan həddən (25 il) az olduğu bildirilmişdir. Bundan sonra İddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İş materiallarından aydın olur ki, İddiaçı ümumi iş stajı 16 il 11 ay 23 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1986-cı il və xx.xx.1994-xx.xx.2005ci il tarixləri arasındakı dövrlər) təşkil edir ki, bu da qanunvericiliklə tələb olunan həddən (25 il) azdır. Cavabdeh “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1, 7, 9.8-ci maddələrinə istinad edərək bildirir ki, 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İşin faktiki hallarına əsasən iddiaçının Qazaxıstan Respublikasının Uralsk şəhərində yerləşən X1 (İEM) işlədiyi və əməkhaqqı aldığını iddia etdiyi xx.xx.1986-xx.xx.1994-cu il tarixləri arasındakı illər onun sosial sığorta stajına daxil edilməmiş və ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Buna əsas olaraq bildirilir ki, iddiaçının sözügedən müəssisədə işləməsi faktını müəyyənləşdirmək üçün aidiyyəti üzrə xx.xx.2022-ci il tarixli **********5 nömrəli sorğu göndərilmiş, sorğuya cavab olaraq, Qazaxıstan Respublikası Dövlət Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, İddiaçı sözügedən müəssisədə işləməsinə dair arxiv sənədləri, eləcə də əməkhaqqı cədvəlləri arxivə təhvil verilməmişdir. Buna görə də, həmin dövrlər onun ümumi iş stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina verilmişdir. -2 saylı “ASAN Xidmət” mərkəzi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -xx.xx.1981-ci il tarixli A№771083 saylı diplomun surətindən görünür ki, İddiaçı 17 iyul 1981-ci ildə Azərbaycan SSR Bakı şəhəri 25№li texniki məktəbin “buruğa xidmət üzrə elektrik montyoru” peşəsi üzrə tam kursu bitirmişdir. Ali və Orta ixtisas təhsilli Nazirliyin Bakı Baza Energetika Texnikumunun “Buxar generatorlu və turbin qurğulu İES” ixtisasını bitirərək istilik texnikası üzrə texnik ixtisası əldə etmişdir. -xx.xx.1986-cı il tarixli ИТ seriyalı 027806 №li diplomun surətindən görünür ki, İddiaçı 27 fevral 1986-cı ildə Azərbaycan SSR Ali və Orta ixtisas təhsilli Nazirliyin Bakı Baza Energetika Texnikumunun “Buxar generatorlu və turbin qurğulu İES” ixtisasını bitirərək istilik texnikası üzrə texnik ixtisası əldə etmişdir. -НЗ seriyalı № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər hərbi xidmətdə olmuşdur; -23 iyul 1985-ci il tarixdən doldurulmağa başlanmış iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1986-cı il tarixədək Bakı Baza Energetika Texnikumunda təhsil almış, təhsil aldığı dövrdə xx.xx.1981ci ildən xx.xx.1983-cü il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, xx.xx.1985-ci ildən xx.xx.1985-ci il tarixədək Voronej “Mərkəzenerqoquraşdırma” trestində çilingər, xx.xx.1986-cı ildən xx.xx.1994-cü il tarixədək Qazaxıstan SSR-nin Ural şəhəri İEMdə Qazan-Turbin sexində təmir üzrə çilingər, qazan maşinisti, təmirçi çilingər, xx.xx.1994-cü ildən xx.xx.2002-ci il tarixinədək "xxxx" Dövlət Şirkətinin Ə.Bayramzadə adına Bakı l№-li İEM-də Qazan-Turbin sexində (QTS) qazan maşinisti, xx.xx.2002-ci ildən xx.xx.2020-ci il tarixədək boyler və daerator qurğularının böyük maşınisti həmin QTS-də böyük maşinist vəzifəsində işləmiş (xx.xx.2002-ci il tarixdən Ə.Bayramzadə adına Bakı 1 №li İEM-1 "xxxx" MMC adlandırılmışdır), xx.xx.2020-ci il tarixdən hal-hazıradək həmin sexdə köməkçi avadanlıqlar üzrə böyük maşinist vəzifəsində işləyir. -"xxxx" ASC-nin baş direktoru B.Q.Akimqujin tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş 02 mart 2023-cü il tarixli, 36 nömrəli arayışdan görünür ki, İddiaçı 07 aprel 1986-cı ildən (əmr №6-k, xx.xx.1986) xx.xx.1994-cü il tarixədək (əmr №12-k. xx.xx.1994) Ural vilayəti İEM-də Qazan-Turbin sexində tam ştat üzrə qazan avadanlıqlarının təmiri, qazan turbin sexində qazan operatoru, təmir üzrə çilingər (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod:2140000a-18455) vəzifəsində 08 il 01 gün işləmişdir. Uralsk İEM-lə “Oblteplokommunenerqo”nun («Облтеплокоммуненерго») birləşməsi ilə əlaqədar xx.xx.1996-cı il tarixdə "xxxx" İstehsalat Birliyi yaranmışdır (Qərbi Qazaxıstan vilayəti akiminin 145 nömrəli, xx.xx.1996-cı il tarixli qərarı) -"xxxx" ASC “Bakı X4” MMC tərəfindən verilən 20 aprel 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı "xxxx" ASC "Bakı X4" MMC-də xx.xx.1994-cü ildən aşağıda göstərilən vəzifələrdə işləyib: xx.xx.1994-cü ildə (əmr № 25/Ş xx.xx.1994-cü il) Qazan turbin sexində qazan bölməsinin baxıcı maşinisti təyin edilib; xx.xx.2001-ci ildə (əmr №29/K 07.xx.xx-2001-ci il) Qazan turbin sexində mərkəzi istilik idarəetmə məntəqəsinin qazan maşinisti keçirilib; xx.xx.2002-cı ildə (əmr № 34/Ş xx.xx.2002-ci il) Qazan turbin sexində boyler və deaerator qurğularının böyük maşinisti keçirilib; xx.xx.2020ci ildən (əmr № 1/Ş xx.xx.2020-ci il) hal hazıradək Qazan turbin sexində köməkçi avadanlıqlar üzrə böyük maşinist vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 24cü bölmə, a” bəndinə əsasən qazan maşinistləri, qazan turbin sexlərinin böyük maşinistləri, qazanxana avadanlıqlarının böyük maşinistləri, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri üzrə çilıngərlər, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. "xxxx" ASC-nin əmrlərinə əsasən “Qırmızı Ulduz” adına Bakı 1№-li İEM Ə.Bayramzadə adına Bakı 1№-li İEM (Əmr № 161, xx.xx.1992-cı il), Ə.Bayramzadə adına Bakı 1№-li İEM X4-1” MMC (Əmr № AU/053, xx.xx.2002-ci il), “Bakı X4-1” MMC “Bakı X4” MMC (Əmr № AÜ/008, 11.01 2006-cı il) adlandırılmışdır. -"xxxx" ASC “Bakı X4” MMC tərəfindən verilən 13 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdir ki, o, həqiqətən "Bakı X4" MMC-də qazan turbin sexinin köməkçi avadanlıqlar üzrə böyük maşınist vəzifəsində çalışır. Arayışda iddiaçının 01 yanvar 2021 - 01 dekabr 2021-ci illər ərzində əmək haqqı cədvəlində aldığı əmək haqqının məbləği aşağıdakı qaydada göstərilmişdir: 2021-ci ilin yanvar ayı üzrə 1315,98 manat, fevral ayı üzrə 673,75 manat, mart ayı üzrə 1038,88, aprel ayı üzrə 1480,25 manat, may ayı üzrə 966,57 manat, iyun ayı üzrə 585,03 manat, iyul ayı üzrə 715,97 manat, avqust ayı üzrə 672,22 manat, sentyabr ayı üzrə 652,90 manat, oktyabr ayı üzrə 848,13 manat, noyabr ayı üzrə 231,93 manat. Cəmi 9180,93 manat. -AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Beynəlxalq Əlaqələr Departamentinə ünvanlanmış Qərbi Qazaxıstan vilayətinin Mədəniyyət, dillərin inkişafı və arxiv işi İdarəsi Kommunal Dövlət Müəssisəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Qazaxıstan Respublikasının Dövlət Arxiv İdarəsindən daxil olan xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Uralsk şəhər arxiv fondunun məlumatlarına əsasən 1986-1994-cü illər üzrə İddiaçı, şəxsi heyətlə bağlı əmrlər, iş stajı və əmək haqqının ödənilməsinə dair cədvəllər aşkar edilməmişdir. Uralsk şəhər İEM “Zapkazenerqo” (Уральский ТЕЦ «Запказенерго») müəssisəsinin 1986-1994-cü illər üzrə sənədləri X5 vilayətinin Dövlət Arxivinə sənədlər təhvil verilmədiyindən İddiaçı iş stajı və əmək haqqının həcmi barədə məlumatların verilməsi qeyri-mümkündür. -DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 34887,00 manat təşkil edirdi. İddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (17 il 9 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1986-cı il, xx.xx.1994- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 12 ildən az (11 il 7 ay 27 gün (xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Beləliklə işin faktiki hallarına əsasən, xx.xx.1963-cü il təvəllüdlü iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı hazırkı ilə iddia ilə bu imtinanı mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. İstinad olunan “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Sözügedən Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin məhkəmə əlavə edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin əsas mahiyyəti cavabdehin iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1986-xx.xx.1994-cü illərdə Qazaxıstan Respublikasının Ural vilayətində yerləşən X1 işlədiyi dövrü sığorta stajına daxil etməməsidir. Belə ki, cavabdeh iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1986xx.xx.1994-cü illərdə Qazaxıstan Respublikasının Ural vilayətində yerləşən X1 işlədiyi dövrü sığorta stajına daxil etməmiş, bunu iddiaçının sözügedən müəssisədə işləməsinə dair arxiv sənədləri, eləcə də əməkhaqqı cədvəllərinin arxivə təhvil verilməməsi ilə əsaslandırmış və nəticədə iddiaçıya pensiya təyin edilməsi üçün ümumi sığorta stajının tələb olunan həddən (25 il) az (17 il, 9 gün) olması qənaətinə gəlmişdir. Məhkəmə cavabdehin imtina dəlili ilə bağlı bildirir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Sözügedən Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Normaların tələblərindən göründüyü kimi, Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Qazaxıstan Respublikasının Ural vilayətində yerləşən X1 əmək fəaliyyətinə xx.xx.1986-ci il tarixdə başlamış, fasiləsiz olaraq eyni müəssisədə xx.xx.1994-cü il tarixə kimi işləmiş, bu barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmış, iddiaçının həmin müəssisədə işləməsi və işlədiyi müəssisənin mövcudluğu təsdiqini tapmış ("xxxx" ASC-nin arayışındakı məlumatlara əsasən), cavabdeh tərəfindən isə iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına ala biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan, müəssisənin həmin dövrdə arxivdə saxlanılan əmək haqqı cədvəllərinin təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun pensiya hüquqlarını məhdudlaşdıran nəticələr doğurmamalı və iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməməli və xx.xx.1986-xx.xx.1994-cü illərdə işlədiyi dövr iddiaçının ümumi stajına daxil edilməlidir. Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının mübahisəli iş dövrünün qiymətləndirilməsi digər dövlətin ərazisində qazanılmış əmək stajına münasibətdə aparılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ə” bəndinə əsasən, işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət iş stajına daxil edilir. Azərbaycan Respublikasının 15 noyabr 1996-cı il tarixli 195-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Sazişin 5-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflərin vətəndaşlarının pensiya hüququnun, o cümlədən güzəştli əsaslarla və xidmət illərinə görə pensiya hüququnun müəyyən ediİməsi üçün onların ərazilərində, həmçinin keçmiş SSRİ ərazisində 1992-ci il yanvarın 1-nə qədər qazanılmış iş stajı nəzərə alınır. Həmin Sazişin 5-ci maddəsinin 1-ci bəndinə əsasən tərəflərin vətəndaşlarına pensiya təyin olunması yaşayış yeri üzrə həyata keçirilir. Həmin Sazişin 1-ci maddəsinə əsasən tərəflərin vətəndaşlarının və onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində yaşadıqları dövlətin qanunvericiliyi əsasında həyata keçirilir. Həmin Sazişin 6-cı maddəsinə əsasən əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlilliyə və ailə başçısını itirməyə görə pensiyalar, pensiya üçün müraciət edənin daimi yaşayış yeri üzrə, onun ərazisində qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, pensiya ödənilməsi üçün nəzərdə tutulan öz vəsaiti hesabına hesablanır və ödənilir. Eyni zamanda həmin Sazişin 13-cü maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, bu Saziş 5 il müddətinə bağlanılır və tərəflərdən biri müvafiq qüvvədə olma müddətinin keçməsinə 6 ay qalmış onun qüvvəsinin dayandırılması barədə öz arzusunu yazılı bildirmədikdə avtomatik olaraq hər dəfə 5 il uzadılır. Göründüyü kimi, Qazaxıstan Respublikasında işləyən vətəndaşların həmin dövlətdə əldə etdikləri stajı pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınır. Beləliklə, həmin sazişlə Qazaxıstan Respublikasında işləyən vətəndaşlara orada işlədikləri dövrlərin pensiya təyinatı zamanı iş stajı kimi nəzərə alınması təminatı verilmişdir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2376/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı). Odur ki, məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1986xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Qazaxıstan Respublikasının Ural vilayətində yerləşən İEM-də işlədiyi barədə qeyd aparıldığından, cavabdeh qurum tərəfindən əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına ala biləcək hər hansı sübut təqdim edilmədiyindən, o cümlədən bu hal “Əmək pensiyaları haqqında” AR Qanunun 23.2-ci maddəsinin və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin tələbinə uyğun olaraq qəbul edilməli olduğundan, həmçinin iddiaçının işlədiyi müəssisə tərəfindən güzəştli iş stajını təsdiq edən müvafiq arayışlar təqdim edildiyindən, iddiaçının 07 aprel 1986-cı il tarixdən 08 aprel 1994-cü il tarixədək Qazaxıstan Respublikasının Ural vilayətində yerləşən X1 işlədiyi dövr (ümumilikdə 25 il 14 gün) onun ümumi iş stajına daxil edilməlidir. Belə olan halda, iddiaçının ümumi iş stajı qanunla tələb edilən 25 ildən çox təşkil edir. Məhkəmə cavabdehin güzəştli stajı ilə bağlı cavabdehin dəlilinə (11 il, 7 ay 27 gün) münasibətdə bildirir ki, iddiaçının işlədiyi müəssisələr tərəfindən verilən işin xarakteri barədə arayışlarda "xxxx" ASC "Bakı X4" MMC-nin və Qazaxıstan Respublikasının Ural vilayətində yerləşən X2 Qazan-Turbin sexində işlədiyi “təmir üzrə çilingər” peşəsinin Nazirlər Kabinetinin 1993-cü il 21 iyun, 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin»in 2 №-li Siyahısının Xİİİ (21400000 “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı») bölməsinin 2140000a - 13785 kodu üzrə - «qazan maşınistləri», 2140000a—18455 kodu üzrə - “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” güzəştli pensiya hüququ verən peşələrə aid edildiyi bildirilmişdir. Odur ki, məhkəmə cavabdehin iddiaçının güzəştli iş stajının olmaması ilə bağlı arqumentini də qəbul etmir və iddiaçının ümumilikdə 12 il 6 aydan artıq güzəştli iş stajının olması qənaətindədir. Məhkəmə cavabdehin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmaması ilə bağlı olan mövqeyinə münasibətdə bildirir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən şəxsə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün pensiya kapitalının yığılması tələb olunmurdu. Bu baxımdan, cavabdehin dəlili qanuni sayılmamalıdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur. Belə ki, iddiaçının 57 yaşı tamamdır, xx.xx.2006-cı ilədək ümumilikdə 25 il 14 gün ümumi, 19 il 07 ay 23 gün ərzində xüsusi staja malikdir. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən hüququnun yarandığı 57 yaşdan, yəni 20 may 2020-ci tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hüququnun yarandığı 57 yaşdan, yəni 20 may 2020ci tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-9370/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9370/2023
14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver