Məhkəmə qərarları › İş №2-1(112)-9374/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9374/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9374/2021 11.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı qızının cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə qarşı «cavabdehin imtinasının (məktubunun) qanunsuz sayılması, iddiaçıya doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə qarşı «cavabdehin imtinasının (məktubunun) qanunsuz sayılması, iddiaçıya doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 8 mart 1957-ci il tarixdə Ermənistan Respublikasının Noemberyan rayonunun Pitqovan kəndində doğulmuşdur. 1988-ci ilin məlum hadisələrinə qədər həmin kənddə yaşamışdır. O, 1978-ci ildə dini kəbinkəsmə ilə X1 qeyri-rəsmi nikaha daxil olmuşdur. Onların iki övladı – 7 noyabr 1985-ci il tarixdə X2, 16 aprel 1988-ci il tarixdə X3 doğulmuşdur. Onların ailəsi 1988-ci ildə Bakı şəhərinin Bayıl qəsəbəsində məskunlaşmışdır. Lakin məskunlaşdıqları yer 1991-ci ildə tamam yanaraq məhv olmuşdur. Həmin hadisədə onun özünün, ərinin və qızlarının bütün sənədləri yanmışdır (məhv olmuşdur). Ermənistan Respublikası ilə yaranmış məlum münasibətlərlə əlaqədar onlar özlərinə doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ala bilmirlər. İddiaçı 30 ilə yaxındır sənədsiz yaşayır. 1997-ci ildə onların Elyanora adlı qız övladı doğulmuşdur. Uşağa doğum şəhadətnaməsnin alınması mümkün deyil. Uşaqların sənədlərinin alınması üçün ilkin olaraq iddiaçının doğum şəhadətnaməsi verilməlidir. Məcnun Abbasov 1997-ci ildə ailəni tərk edib Rusiyaya getmişdir. İddiaçı doğum haqqında şəhadətnamə almaq üçün hazırkı cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Cavabdehin ona (özünü İddiaçı qızı kimi təqdim edən şəxsə) ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından, Sizin doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanlarında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi brədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum akt qeydi bərpa olunaraq, doğum haqqında şəhadətnamə verilə bilər. Şəxsiyyət vəsiqəsinin alınması iddiaçını və ailəsini vətəndaşlıq, sosial təminat, təhsil hüququndan məhrum edir. İddiaçı hesab edir ki, məhkəmə ərizəni təmin etməli və doğum haqqında şəhadətnamənin ona verilməsi öhdəliyini cavabdehin üzərinə qoymalıdır. Göstərilənlərə və «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın müddəalarına, «İnzibati icraat haqqında» AR Qanununun 71.2ci maddəsinə, İPM-in 1.1, 2.2.1, 2.2.2-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 4, 149, 150-ci maddələrinə əsaslanaraq, cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin imtinasının (məktubunun) qanunsuz sayılması və iddiaçıya doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəfglər məhkəmə iclasına gəlməmişlər. Məhkəməyə iddiaçının ünvanladığı ərizədə işə onun iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Qaydanın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan, habelə müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri tərəfindən aparılır. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Qaydanın 9.5-ci bəndinə görə qeydiyyat şöbəsində və konsulluq idarəsində vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri olmadıqda, təkrar şəhadətnamə verilməsi haqqında ərizə icra olunmaq üçün Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə göndərilir. Qaydanın 9.6-cı bəndinə görə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində vətəndaşlıq vəziyyəti haqqında akt qeydi barədə məlumatlar olmadıqda, ərizəçiyə vətəndaşlıq vəziyyəti haqqında akt qeydinin olmaması barədə arayış verilir (göndərilir). Göründüyü kimi, mövcud qanunvericilik normaları müraciət edən şəxsə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydləri mövcud olduğu halda, təkrar şəhadətnamənin verilməsini, Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində müvafiq akt qeydi barədə məlumatlar olmadığı hallarda isə, bu barədə arayışın verilməsini nəzərdə tutur. Hazırkı işin hallarına görə iddiaçı Ermənistan Respublikasında doğulduğunu iddia edir və onun doğum akt qeydinin həmin ölkədə tərtib olunduğu həm böyük ehtimallıdır, həm də bunu özü də təkzib etmir. Hər bir halda, iddiaçının doğumu haqqında akt qeydinin Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində olmadığı müəyyən edilir. Məhkəmənin qənaətinə görə hazırkı cavabdeh Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi iddiaçının doğum haqqında şəhadətnaməsinin verilməsində səlahiyyətli deyil. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı qızının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 80, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar