Məhkəmə qərarları › İş №2-1(112)-9376/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9376/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9376/2023 29.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 1410-cu keçid, X9 küçəsi 86 ünvanında yerləşən, 34.44 kv.metrdən ibarət, 136 "a saylı qeyri yaşayış sahəsinin (yaradıcılıq emalatxanasının) onun adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və göstərmişdir ki, qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 1410-cu keçid, X9 küçəsi 86 A ünvanında yerləşən, 34.44 kv.metrdən ibarət, 136 "a” saylı qeyri-yaşayış sahəsinin (yaradıcılıq emalatxanasının) onun adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Rəssamlar İttifaqının üzvü olmaqla, Azərbaycan Respublikasının əməkdar rəssamıdır. Bir çox beynəlxalq sərgilərin iştirakçısı olmaqla dövləti beynəlxalq arenada layiqincə təmsil etmişdir. Buna görə də dövlət başçısı tərəfindən mükafatlandırılmışdır. Ona Azərbaycan Rəssamlar İttifaqının İcraçı Katibliyinin qərarı ilə Bakı şəhəri, ünvan 2 ünvanında, sahəsi 34.44 kv.m olan 136 "a" saylı fərdi yaradıcılıq emalatxanasının orderi verilmişdir. İddia ərizəsinə əlavə edilmiş yaradıcılıq emalatxanasının orderindən görünür ki, həmin emalatxana yaradıcılıq emalatxanası olmaqla X2 balansındadır. Emalatxana iddiaçının istifadəsinə verilməklə ona məxsusluğu Azərbaycan Rəssamlar İttifaqı tərəfindən də təsdiq edilir. Uzun müddətdir ki, həmin emalatxanadan fərdi yaradıcılıq emalatxanası kimi istifadə edir. "Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Həmin Sərəncamın 2-ci bəndinə əsasən dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin 14 iyul 2000-ci il tarixli qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində onların mülkiyyət hüququnu müvafiq qaydada rəsmiləşdirmək vəzifəsi Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Göründüyü kimi qeyd edilən sərəncamla X5 üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş, etirazında imtina məktubunda göstərilənlərə istinad edərək göstərmişdir ki, qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən heç birini təqdim etməmişdir. Eyni zamanda bildiririk ki, elektron kadastr baza məlumatlarına əsasən tikili yaşayış binasının həyətində ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşir. Həmçinin iddiaçının idarəyə müraciəti zamanı təqdim edilən sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, xx.xx.2022-ci il tarixli müraciəti zamanı təqdim edilən orderdə yaradıcılıq emalatxanasının nömrəsi “136”, xx.xx.2023-cü il tarixli müraciəti zamanı 136 ”a” qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun iddiaçının adına qeydə alınmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan: - Azərbaycan Rəssamlar İttifaqının yaradıcılıq emalatxanasının orderindən görünür ki, Azərbaycan Rəssamlar İttifaqının İcraçı Katibliyinin qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, 3215-ci məhəllə, 1410 keçid, X9 küçəsi, “Rəssamlar evi” ünvanında sahəsi 34,44 kv.metr olan 136a saylı yaradıcılıq emalatxanası Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam X4 verilmişdir. - Azərbaycan Rəssamlar İttifaqının xx.xx.2023-cü il tarixli 81 nömrəli məktubundan görünür ki, rəssam, Rəssamlar İttifaqının üzvü X4, Azərbaycan Rəssamlar İttifaqının İcraçı Katibliyinin qərarına əsasən əsasən, Bakı şəhəri, Binəqədi r-nu, 6-cı Mik-n, 3215 məhəllə 1410 keçid, MirMahmud Kazımovski k-si 86 ünvanında, sahəsi 34,44 kv. metr olan 136 «A» saylı fərdi yaradıcılıq emalatxanasının Orderi verilmişdir. Azərbaycan Rəssamlar İttifaqı, sözügedən emalatxananın, həqiqətən, Rəssamlar İttifaqının balansında olan “Rəssamlar evi”nin həyətində yerləşdiyini təsdiq edir. Emalatxana, “Rəssamlar Evi”nin həyətində olan nasos qurğuları üçün tikilmiş bir mərtəbəli tikilinin üzərində, sonradan tikintisinə icazə verilən yaradıcılıq emalatxanası kimi nəzərdə tutulmuşdur və hazırda emalatxana, istedadlı dekorativ- tətbiqi sənət rəssamı, Rəssamlar İttifaqının üzvü, Azərbaycanın Əməkdar X1 tərəfindən yaradıcılıq emalatxanası kimi istifadə edilməkdədir. - 30.03.2022-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, daşınmaz əmlakın hüquqmüəyyənedici sənəd üzrə və faktiki sahəsi 34,44 kv.metrdir, 1 mərtəbəli binanın zirzəmi mərtəbəsidir. İddiaçı hazırda həmin emalatxanaya mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 1251 saylı Fərmanına əsasən:

1. Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilməsi;

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin həmin Sərəncamın birinci bəndinə uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin 14 iyul 2000-ci il tarixli qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində onların mülkiyyət hüququnu müvafiq qaydada rəsmiləşdirməsi qərara alınmışdır. Göründüyü kimi, qanunverici Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətə verilməsini birbaşa müəyyən etmiş, burada hər hansı bir qeyd şərt nəzərdə tutmamışdır. İş materialları ilə mübahisəli qeyri-yaşayış sahəsinin, yəni yaradıcılıq emalatxanasının rəssam olan iddiaçının istifadəsinə verilməsi müəyyən edilir. Belə olan halda aydındır ki, iddiaçı yuxarıda istinad olunan Fərmanın tələblərinə uyğun həmin emalatxanaya hüququnun qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənəd təqdim etməməsinə istinad etmişdir. Lakin cavabdeh bu zaman nəzərə almamışdır, həmin Qanun xx.xx.2004-cü ildə qüvvəyə minmiş, iddiaçı isə tələbinin hüquqi əsası kimi həmin Qanun qəbul edilməzdən əvvəl qəbul edilmiş, yalnız müəyyən kateqoriya şəxslərə şamil olunan xx.xx.2003-cü il tarixli 1251 saylı Fərmana istinad etmişdir. Bundan başqa, işdə olan sənədlərdən görünür ki, cavabdeh inzibati orqan iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlə eyni olan sənədlər əsasında digər rəssamların, o cümlədən iddiaçının müvafiq yaradıcılıq emalatxanalarına yaranmış mülkiyyət hüququnu qeydə almış, bununla da artıq hazırkı mübahisə üzrə müvafiq inzibati praktikasını formalaşdırmış, bu praktika davamlı və ardıcıl olmuşdur. Belə ki, cavabdeh 2019-2020-ci illərdə həmin ünvanda yerləşən 7 yaradıcılıq emalatxanasına mülkiyyət hüququnu qeydə almışdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Məhz qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya imtina cavabı verərkən formalaşdırdığı əvvəlki inzibati praktikaya zidd hərəkət etmiş, bu zaman həmin halı əsaslandırmamış, iddiaçının qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici əsaslara malik olmasını da nəzərə almamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur, buna görə də iddia tələbi təmin olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 1410-cu keçid, X9 küçəsi 86 A ünvanında yerləşən, 34.44 kv.metrdən ibarət, 136 "a” saylı qeyri-yaşayış sahəsinə (yaradıcılıq emalatxanasının) dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar