Məhkəmə qərarları › İş №2-1(112)-9376/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9376/2025

21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9376/2025 21.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və qeyrilərinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə vermiş, məhkəmənin qərardadı ilə İddiaçı ilə yanaşı X4, X1, X3 və X5 iddiaçı qismində cəlb edilmiş, İddiaçı və X2 ünvan 1 ünvanda qeydiyyatdan çıxarılması və İddiaçı, X4, X1, X3 və X5 iddiaçı qismində cəlb edilmiş, İddiaçı və X2 Bakı ş, Xətai r, Aşıq Qurban küçəsi, ev 25 Ö/T-özbaşına tikili ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: Bakı ş, Xətai r, Aşıq Qurban küçəsi, ev 25 ünvanda yerləşən yaşayış sahəsi ona məxsusdur və ailə üzvləri ilə birlikdə orada yaşayır. Həmin mənzilə bitişik olan ev 25, mənzil 365 ünvanda yerləşən fərdi yaşayış evi əvvəl ona məxsus olmuş və başqa şəxsə satılmışdır. Satılmasına baxmayaraq hal-hazırda ev 25, mənzil 365 ünvanda qeydiyyatda qalmışdır. Müraciət edərək ünvanın dəyişdirilməsi xahiş edilmiş, imtina edilmişdir. Şəhid ailə üzvü kimi onun hüququ pozulur. Onun, azyaşlı nəvələri, gəlininin mənzilə qeydiyyata alınması zərurəti yaranmışdır. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mənzil Kommunal istismar Sahəsinin 66 nömrəli sənədindən görünür ki, iddiaçılar 2023-cü il tarixdən inşa edilmiş Bakı ş, Xətai r, Aşıq Qurban küçəsi, ev 25 ünvanda yerləşən yaşayış sahəsində qeydiyyatdadırlar İmtina məktubundan görünür ki, hüquqmüəyyənedici sənəd təqdim edilməməsinə istinadla müraciətin təminindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarından görünür ki, iddiaçılar İddiaçı və X2 ünvan 2 ünvanına qeydiyyata alınmasına dair iddiası təmin edilmişdir. Mənzil Kommunal istismar Sahəsinin arayışından görünür ki, iddiaçılar Bakı ş, Xətai r, Aşıq Qurban küçəsi, ev 25 Ö/T-özbaşına tikili ünvanında yerləşən yaşayış sahəsində qeydiyyatsız olaraq faktiki yaşayırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Aşıq Qurban küçəsi, ev 25 ünvan göstəricilərinə malik bir-neçə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, X5, X4, X3 ünvan 2 ünvanına qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Qanunvericiliyin tələbindən də göründüyü kimi özbaşına tikintiyə şəxsin mülkiyyət hüququ yalnız müəyyən şərtlərdən asılı olaraq tanına bilər. Nəzərə alınmalıdır ki, hazırki iddia tələbi üzrə iddiaçı tərəfin cavabdehin üzərinə qoyulmasını arzuladığı öhdəlik məhz özbaşına tikintiyə qeydiyyata alınması ilə bağlı olmuşdur ki, bu mübahisənin tənzimlənməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları əsasında həyata keçirilir. Sözügedən Qanunun 2-ci maddəsinə əsasən 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi (1) icarə və kirayə müqaviləsi (2) üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla (3) daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; Qanunun 5-ci maddəsinin 1-ci və 2-ci abzasına əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: -yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd (1); -yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi (2); -yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər (3). Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Sadalanmış maddələrin təhlili nəticəsində müəyyən olunur ki, qanunvericilik şəxsin qeydiyyatının aparılmasını konkret olaraq şərtləndirmişdir ki, bu zaman dəyərləndirmə məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılır. Qeyd olunmalıdır ki, hazırkı tikiliyə münasibətdə mülkiyyət hüquqlarını təsdiq edən sənəd mövcud olmasa belə, hazırkı halda cavabdehin müraciətin təminindən imtinası qanunsuz və əsassız hesab edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1ci maddəsinin tələbləri baxımından qiymətləndirilməsini zəruri hesab edir. Maddənin tələbindən də göründüyü kimi Qanunun məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü şəxslərin qeydiyyata alınması icazə xarakteri daşımayıb və qanunvericiliklə müəyyən edilmiş hallar istisna etməklə heç bir hüquqi nəticə də yaratmır. Qanunun məqsədi dövlətin öz vətəndaşının faktiki yaşayış sahəsini müəyyən edilməsi, onları uçota alınması, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün şərait yaratmaqdır ki, şəxsin başqa bir ünvanda formal olaraq qeydiyyata alınması, iddiaçıların faktiki yaşayış yerinin müəyyən edilməməsi yuxarıda adı çəkilən vəzifə və hüquqlarının reallaşdırılmasına şərait yaradılması məqsədi ilə uyğunluq təşkil etmir. Halbuki, iddiaçıların faktiki yaşayış yerinin müəyyən edilməsi iddiaçıların özü ilə yanaşı, həmin şəxsin faktiki yaşayış yerini müəyyən etmək imkanına, mövcud məlumat bazasına malik olan dövlət orqanlarının, nəticədə dövlət maraqlarına xidmət etmiş olur. Təsadufi deyildir ki, həmin məntiqdən çıxış edərək İddiaçı və X2 iddiası təmin edilmiş hazırda qeydiyyata alınması tələb edilən tikilinin yanında olan, ona bitişik olduğu qeyd edilən ev 25, mənzil 365 ünvana həmin şəxslərin qeydiyyatı həyata keçirilmişdir. Hazırkı halda da həmin iddiaçılar həmin mənzili satmalarına, faktiki olaraq bitişik olan ev 25 Ö/T ünvanlı özbaşına tikilidə yaşamaqlarına istinadla məhkəmənin müəyyən etmiş olduğu hüquqi mövqeyin inzibati orqan tərəfindən nəzərə alınmasını tələb etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən göstərilən mövqe nəzərə alınmamış, oxşar hal üzrə yenidən müraciətin təminindən imtina edilmişdir. Halbuki, hazırkı halda 365 ünvan olan mənzilə qeydiyyata alınma ilə, ev 25 Ö/T ünvana qeydiyyata alınma baxımından hər hansı fərqləndirmə olmamışdır ki, Bakı İnzibati Məhkəməsinin göstərilən mənzilə qeydiyyata alınmaya dair hüquqi mövqeyinin davamı kimi hesab edilir ki, hazırkı halda da, iddiaçılar faktiki yaşadıqları ünvan üzrə qeydiyyata alınmalıdırlar. Belə ki, həmin qeydiyyata alınma, iddiaçıların faktiki yaşayış yerinin müəyyən edilməsi iddiaçıların özü ilə yanaşı, həmin şəxslərin faktiki yaşayış yerini müəyyən etmək imkanına, mövcud məlumat bazasına malik olan dövlət orqanlarının, nəticədə dövlət maraqlarına xidmət etməkdədir. Bu zaman nəzərə alınmalıdır ki, Bakı İnzibati Məhkəməsinin qərarında adıçəkilən iddiaçılarla yanaşı, eləcə də onun ailə üzvü olan digər iddiaçılara münasibətdə fərqli rəftarın tətbiqi üçün də hər hansı zərurət yoxdur. Odur ki, bütün iddiaçıların faktiki yaşayış yeri üzrə qeydiyyatı həyata keçirilməlidir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia Bakı ş, Xətai r, Aşıq Qurban küçəsi, ev 25 ünvanına ilə bağlı olmuş, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, ev 25 ünvanı üzrə başqa şəxslərin adına mülkiyyət hüququ dövlət qeydiyyatından keçmiş, eləcə də istismar sahəsinin arayışı ilə müəyyən edilmişdir ki, iddiaçıların yaşadığı yaşayış sahəsinin ünvanı ev 25, yox, ev 25 ünvan 4r. Odur ki, qeydiyyat hərəkətləri həyata keçirilərkən məhz Bakı ş, Xətai r, Aşıq Qurban küçəsi, ev 25 Ö/T-özbaşına ünvanına şəxslərin qeydiyyatının aparılması ev 25 ünvan üzrə mülkiyyətçilərin hüquqlarına toxunmama zərurəti baxımından həyata keçirilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin İddiaçılar İddiaçı və X2 ünvan 1 ünvanda qeydiyyatdan çıxarılması və İddiaçı, X4, X1, X3 və X5 Bakı ş, Xətai r, Aşıq Qurban küçəsi, ev 25 Ö/T-özbaşına tikili ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar