Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9380/2023 28.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə (üçüncü şəxs X5) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları:
1. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 7 ünvanında yerləşən 20 saylı mənzil İddiaçı (bundan sonra – İddiaçı) xüsusi mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 7 ünvanda yerləşən 20 saylı mənzildə digər şəxslə yanaşı xx.xx.1978-ci il təvəllüdlü X5 qeydiyyatdadır.
3. İddiaçı ərizə ilə Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, mülkiyyətindəki mənzildən orada qeydiyyatda olan X3 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə şəxsin qeydiyyatdan çıxarılması mümkün deyildir. Məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət olunması məqsədəmüvafiqdir.
5. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, üçüncü şəxs X1 mənzilində pasport qeydiyyatında saxlanılması barədə cavabdehin hərəkətinin qanunsuz sayılması, həmin şəxsin ünvan 3yə olan pasport qeydiyyatının ləğv edilməsi barədə inzibatı aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı daha sonra xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, “X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 7 ünvanında yerləşən 20 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, X5 (bundan sonra – üçüncü şəxs) üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması:
8. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ünvan 3-nin mülkiyətçisidir. Bu barədə ona xx.xx.2023-cü il tarixli ********** nömrəli Çıxarış verilmişdir. O, həmin mənzili 02 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 satın almışdır. Həmin mənzil ona satılarkən mənzildə X3 və X7 pasport qeydiyyatında olmaları ona məlum idi. Belə ki, bu haqda ona Asan 5 tərəfindən 17 mart 2023-cü il tarixli arayış verilmişdir. Lakin tərəflər arasında bağlanmış həmin Müqavilənin 13-cü bəndinə əsasən X11 öhdəlik götürmüşdür ki, xx.xx.2013-cü il tarixinədək ona satdığı mənzildən qeydiyyatdan çıxacaqdır. Həmin qadın artıq qeydiyyatdan çıxmışdır. Mənzil ona satılarkən mənzildə qeydiyyatda olan digər şəxs X5 RF-nın Moskva şəhərində təsdiq edilmiş notarial təsdiqli ərizəni göndərərək həmin mənzilin anası tərəfindən ona satılmasına etiraz etmədiyini rəsmən bildirmişdir. Həmin ərizənin məzmunundan görünür ki, X5 RF-nın vətəndaşıdır və onun Belqorod şəhərində rəsmi pasport qeydiyyatı və daimi yaşayış ünvanı vardır. Ona görə də, o, mənzil mülkiyyətinə keçdikdən sonra, X3 Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 7 mənzil 20-yə olan pasport qeydiyyatının ləğv edilməsi üçün Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin adıçəkilən idarə ona 17 aprel 2023-cü il tarixində imtina məktubunu təqdim edərək, bu məsələ ilə bağlı məhkəmə orqanına müraciət etməyini tövsiyə etmişdir.
9. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində imtina məktubunda göstərilən əsaslara istinad etmişdir.
10. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. 11.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəf təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi:
12. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
13. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
14. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
16. Hazırkı iddia üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
17. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Xuluflu küçəsi, 7 saylı evin 20 saylı mənzili X9 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 294 nömrəli reyestr kitabında 3/42549 nömrə ilə xx.xx.1994-cü il tarixdə qeydiyyat aparılmışdır.
18. 269760 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və X12 xx.xx.1982-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Şirşov, arvada Şirşova soyadı verilmişdir.
19. 02.02.2023-cü il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X10 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 50,3 kv.metr, yaşayış sahəsi 28 kv.metr olan mənzilin tam mülkiyyət üzrə ona məxsus olan tam hissəni alıcı İddiaçı mülkiyyətinə vermişdir.
20. Müqaviləyə əlavə edilmiş notarial qaydada təsdiq edilmiş xx.xx.2003-cü il tarixli razılıq ərizəsindən görünür ki, X5 anası X7 mülkiyyətində olan 20 saylı mənzilin satılmasına etiraz etməmişdir.
21. AR DİN Baş pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-26903/2023 nömrəli məktubuna əsasən ünvan 3 ünvanında xx.xx.1978-ci il təvəllüdlü X5 xx.xx.2003-cü il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar.
22. Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 30 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 30/0270 nömrəli, 11 may 2023-cü il tarixli arayışına əsasən Faiq Yusifov küçəsi, ev 7, mənzil 20 ünvanında faktiki olaraq ev sahibi İddiaçı yaşayır. Keçmiş ev sakini X6 2015-ci il tarixdən göstərilən ünvanda yaşamır.
23. Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, üçüncü şəxs iddiaçıya məxsus yaşayış sahəsinin keçmiş mülkiyyətçisinin ailə üzvü olmuş, mübahisəli ünvana həmin yaşayış sahəsi iddiaçıya satılanadək qeydiyyata alınmışdır. İddiaçı hazırda həmin mənzilin yeni mülkiyyətçisi kimi ona məxsus yaşayış sahəsində yaşamayan və hüquqları olmayan həmin şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş edir.
24. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
25. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
26. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
27. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır.
28. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
29. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
30. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2). Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
32. Hazırkı məhkəmə qərarının 17-22-ci bəndlərində sadalanan sübutlara əsasən müəyyən olunur ki, üçüncü şəxs mübahisəli evin keçmiş mülkiyyətçisi T.Şirşovanın oğlu olmaqla ailə üzvü olmuş, həmin yaşayış sahəsini iddiaçıya satdıqdan sonra onun, habelə mənzilə hüququ olan bütün şəxslərin, o cümlədən üçüncü şəxsin mənzilə dair bütün hüquqlarına xitam verilmişdir. Həmin şəxsin hazırda mübahisəli yaşayış sahəsində yaşaması, habelə mənzilə hər hansı bir hüququnun olması iş materialları ilə müəyyən edilmir. Deməli, onun 20 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcuddur.
33. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Buna görə də iddia təmin edilməlidir.
34. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
36. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
37. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxs xx.xx.1978-ci il təvəllüdlü X3 Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 7 ünvanda yerləşən 20 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova