Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9381/2021 08.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1999-cu il tarixdə doğulmuş, doğum haqqında şəhadətnaməsini itirmiş, ona görə də şəxsiyyət vəsiqəsini ala bilmir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarında olan: - Cavabdehin xx.xx.2021-ci il tarixli 2754-05/15 saylı iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 okytabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmçinin qeyd edirik ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4-cü maddəsində əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, doğum haqqında şəhadətnaməsi və sair sənədlər əsasında verilir. Belə ki, şəxsiyyət vəsiqəsinin əldə olunması üçün doğum haqqında şəhadətnaməni təqdim edə bilmədiyini, eləcə də şəxsiyyəti təsdiq edən sənədi olmadan müvafiq şəhadətnamənin əldə edilməsinin mümkün olmadığını nəzərə alaraq ərizənin təmin edilməsi mümkün deyil. Hal-hazırda şəxsiyyət vəsiqənin olmamasını nəzərə alaraq, doğum haqqında təkrar şəhadətnamənin məhz şəxsiyyət vəsiqəsini təqdim edə bilən şəxsə verilməsi ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. - R.Baxışov adına 218 saylı tam orta məktəb tərəfindən verilmiş 353 saylı xx.xx.2014-cü il tarixli və 660 saylı xx.xx.2021-ci il tarixli arayışlardan görünür ki, İddiaçı 2013/2014-cü tədris ilində həmin məktəbin 9e sinfində oxumuşdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli 012-15914-1221 saylı məktubundan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. - Bakı şəhər Xətai rayon Polis İdarəsinin xx.xx.2021-ci il 101-30442 saylı məktubundan görünür ki, İddiaçı adına sənədləşən fərdi uçot kartoçkası Xətai RPİ-nin arxində aşkar olunmamışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli 3589-05/13 saylı məktubla məhkəməyə təqdim edilmiş 1767 saylı xx.xx.1999-cu il tarixli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə atası X2, anası X1 olmaqla, Bakı şəhərində anadan olmuşdur. Milliyyəti azərbaycanlıdır. Ona 073311 saylı doğum haqqında şəhadətnamə verilmişdir. - AZ-İ № 265587 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, iddiaçının valideynləri olan X2 və X1 arasında nikah qeydi xx.xx.2017-ci il tarixdə ləğv olunmuşdur. - Keşlə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 1000 saylı arayışdan görünür ki, İddiaçı K.Əfkari küçəsi 25 ünvanında qeydiyyatdadır. Beləliklə, işdə olan sənədlərdən məlum olur ki, İddiaçı doğum faktı xx.xx.1999-cu il tarixli 1767 saylı doğum haqqında akt qeydində qeyd edilmişdir. Həmin qeyddən müəyyən edilir ki, iddiaçı xx.xx.1999-cu il tarixdə atası X2, anası X1 olmaqla, Bakı şəhərində anadan olmuşdur, milliyyəti azərbaycanlıdır. Bu barədə 073311 saylı doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçıya məxsus doğum haqqında şəhadətnamə itdiyi üçün təkrar şəhadətnamənin verilməsi məqsədilə cavabdeh Xətai rayon qeydiyyat şöbəsinə müraciət etsə də, şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə xahişi təmin edilməmişdir. Halbuki, iddiaçının doğumu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında qeydiyyat aparıldığı üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsi cavabdeh qurum tərəfindən təmin olunmalı idi. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin qərarın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Həmin qərarın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-9381/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9381/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver