Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9382/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı məhkəmədə iddia qaldıraraq, xx.xx.2016-cı il tarixindən, əmək kitabçasında qeyd edilən iş illərini sığorta stajına daxil etməklə, 52 yaşı tamam olduğu gündən əvvəlki dövrdə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı əmək fəaliyyətinə 1980-ci ildə başlamışdır. Əmək fəaliyyəti əsasən əyirici və s. peşələr olmuşdur. İddiaçı hal-hazırda işləmir. Güzəştli şərtlərlə əmək pesniyasının təyin edilməsi üçün cavabdehə müraciət edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixində pensiya təyinatından imtina etmişdir, imtinası əsasən 25 il stajın olmaması və kapitalın yığılmaması olmuşdur. İddiaçı əmək fəaliyyətinə 1980-ci ildə başlamış, əmək fəaliyyəti əsasən zərərli olmuşdur. İddiaçının 2006-cı ilədək ümumi 25 ildən çox stajı vardır. Bu müddətin 15 ili zərərli sahədə olmuşdur. 2006-cı ildək qüvvədə olan qanunvericiliyə əsasən ümumi və güzəştli iş stajını artıqlaması ilə toplamışdır.
3. Cavabdehin etirazında qeyd olunur ki, iddiaçı Qədirli X1 Filiala müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, onun müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q-22848/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilən ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Azərnəqliyyatyollayihə” institutunda işlədiyi qeyd olunmuş, bu qeydlərin Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı həmin dövr ərzində işlədiyinə dair sözügedən müəssisənin arxivində heç bir əsaslı sənəd mövcud olmadığı müəyyən edilmişdir. Bu fakt “Azərnəqliyyatyollayihə” institutunun 04 dekabr 2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir (əlavə edilir). Bu səbəbdən də iddiaçının sözügedən dövr üzrə əmək fəaliyyəti ilə məşğul olub-olmadığını müəyyən etmək mümkün olmadığından həmin dövr iş stajına daxil etmək mümkün deyil. İşin araşdırılmış hallarından müəyyən olur ki, iddiaçının ümumi iş stajı 19 il 7 ay 25 gün (xx.xx.1980-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18230,85 manat təşkil edir. Əlavə olaraq bildirilir ki, iddiaçıya məxsus sözügedən əmək kitabçasında xx.xx.2005- xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərində “Azərbaycan Hava Yolları” DK İstehsalat Təsərrüfat müəssisəsində, xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə “Mellok”- İKS-də işlədiyini qeyd olunmuş, lakin 01 yanvar 2006-cı il tarixdən bugünədək ona münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2006-ci ilin yanvar, noyabr, dekabr ayları üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (3 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır.
4. Məhkəmə hesab edir ki, iddia geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilməlidir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın geri götürülmüş sayılmasına etiraz etmədiyini bildirdi.
6. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
II. İddianın geri götürülmüş sayılması
7. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
8. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
9. İş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmiş, lakin iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirakını təmin etməmişdir.
10. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.
11. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından: ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
12. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
13. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
14. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
15. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
16. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
17. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddiaçı münasibətdə iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva