Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9384/2025 21.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı cərimənin silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı cərimənin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildə 2-ci qrup Qarabağ Müharibəsi əlili olduğu üçün dövlət tərəfindən dövlətin mülkiyyətində olmaqla ona ancaq sürmək hüququ verilməklə Naz Lifan markalı, ** UN *** dövlət nömrə nişanlı avtomobil verilmişdir. Dövlət həmin avtomobilin sığorta və texniki baxış xərclərini 2014-2019-cı illərdə ödəmişdir, həmin vaxdan sonra ona məlum olmayan səbəbdən ödəməmişdir. Həmin avtomobilin nömrə nişanının bırı itdiyi üçün və sürücülük vəsiqəsinin istifadə müddəti bitdiyi üçün itirilmiş dövlət nömrə nişanını bərpa olunması üçün o, BDYPİ-nə müraciət etmiş, ona bildirilmişdir ki, avtomobil dövlət mülkiyyətində olduğu üçün dövlətin müraciəti əsasında BDYPİ-i itirilmiş nömrə nişanını yeniləyə bilər. Ona görə, o, iddia ərizəsi ilə Məhkəməyə müraciət etmiş və məhkəmə 2023-cü ilin fevral ayında qərar qəbul edərək, müddəti bitmiş sürücülük vəsiqəsinin yenilənməsini, itirilmiş dövlət nömrə nişanı yenilənməsi öhdəliyini BDYPİ-nə həvalə etmişdir. İddiaçı sürücülük vəsiqəsinin yenilənməsi üçün dövlət rüsumunu ödəməkdən imtina etməməyinə baxmayaraq, onun sürücülük vəsiqəsi 3 ildir ki BDYPİ-sinin qoyduğu qadağaya görə yenilənmir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Qeyd olunur ki, “İnzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 04 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir. İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçının etirazı avtomobilin icbari sığortası üzrə tədbiq edilmiş inzibati cərimə üzrə məbləğin silinməsi ilə bağlıdır. Hüquq münasibətinin xarakteri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunan tələbi cavabdeh inzibati orqana qarşı irəli sürsə də, cavabdeh orqan ilə hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır. Belə olanda halda tərəflər arasında hər hansı inzibati mübahisə də mövcud deyildir. Çünki, iddia ərizəsində göstərilən hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində təspit edilmiş inzibati xəta faəliyyəti ilə əlaqədardır. Qeyd edilən halların araşdırılması, inzibati xəta törətmiş şəxsin aşkar edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsi inzibati icraatda səlahiyyətli orqanın (hazırkı iş üzrə cavabdehin) inzibati xətalara dair işlər üzrə inzibati icraat sahəsindəki fəaliyyət sferasına daxildir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinə görə, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İİ hissəsinə uyğun olaraq qeydiyyatdan keçmiş mexaniki avtonəqliyyat vasitələrinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə görə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə, fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə bildirir ki, yaranmış bu mübahisənin mahiyyəti inzibati orqanın inzibati hüquq sahəsindəki deyil, inzibati xətalara dair işlər üzrə fəaliyyəti nəticəsində yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbinə dair işlərə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən mahiyyəti üzrə qiymət verilməsi və qeyd olunan növ işlərə baxılmasında inzibati məhkəmənin səlahiyyəti olmayan məhkəmə hesab edilməsi nəzərə alınmaqla iddia mümkün sayılmamalıdır. Bundan başqa Məhkəmə diqqətə çatdırır ki, iddiaçının hazırki iddia tələbinə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9451/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə münasibət bildirilmiş, mübahisənin inzibati mübahisə olmaması əsası ilə iddia mümkün sayılmamışdır. Buna baxmayaraq, iddiaçı təkrar olaraq eyni hüquq münasibətdən irəli gələn mübahisə üzrə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Beləliklə, inzibati orqanın inzibati xəta fəaliyyətinə aid hazırkı iddia inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Lakin, məhkəmə hazırkı halla bağlı rayon məhkəməsinə müraciət etmək hüququnu iddiaçıya izah edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İddiaçıya hazırkı tələbi ilə aidiyyəti üzrə isəlahiyyətli ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah edilir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-9384/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9384/2025
21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver