Məhkəmə qərarları › İş №2-1(112)-9388/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9388/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9388/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizginin tərtib edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası X11inin Bakı quberniyası vergi idarəsi fondunun sənədlərində Balaxanı-Suraxanı ərazisi üzrə şəxsi torpaq sahəsinin 1915-1917-ci illərə dair torpaq vergi kitabına əsasən verilən Məstan Əbdül oğluna Maştağa kəndində 1 desyatin 2190 kv.m sajına bərabər olan 226 saylı torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İcra Hakimiyyətinə daxil olmuş 5-18/1-M-186-091/2024 saylı xx.xx.2024-cü il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, torpaq sahəsinin sənədləşdirilməsi Rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid olmadığı üçün xahişinin yerinə yetrilməsinin imkanları xaricində olması və bununla bağlı Daşmaz Əmlakın Dövlət Reysteri Xidmətinə müraciət edilməsi qeyd olunmuşdur. Müraciətin məqzini torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi ilə əlaqədar yazılmışdır. İddia ərizəsinə əlavə olunan X11 İdarəsinin arxiv arayışından göründüyü kimi 7 saylı Asan Xidmət Mərkəzinə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası X11inin Bakı quberniyası vergi idarəsi fondunun sənədlərində Balaxanı- Suraxanı ərazisi üzrə şəxsi torpaq sahəsinin 1915-1917-ci illərə dair torpaq vergi kitabından məlum olur ki, Məstan Əbdül oğlu kəndində 1 desyati 2190 kv.m sajına bərabər olan 226 saylı torpaq sahəsinin sahibi olmuşdur. Qeyd olunan sənədlərə torpaq sahəsinin cizgi sxemi əlavə edilməmişdir. Bakı şəhəri 17 saylı Notariat ofisinin verdiyi arayışdan göründüyü kimi xx.xx.1995-ci il tarixdə rəhmətə getmiş X2 miras qalması ilə bağlı Bakı şəhər Notariat orqanına İddiaçı müraciət etmişdir. X1 Əbdül oğlunun vərəsəsidir. Faktiki olaraq qeyd olunan torpaq sahəsi mərhumdan sonra İddiaçı istifadəsində olmuşdur. Torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin iddiaçının etibarnamə üzrə nümayəndəsi X6 məktubuna cavab olaraq bildirilmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı olmaqla dövlət mülkiyyətinə aiddir və bir hissəsi mühafizə zonasında yerləşir. Eyni zamanda bildirilmişdir ki, torpaq sahəsi daşmaz əmlakın dövlət reysterində qeydiyyata alınmamışdır. İcra hakimiyyətinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin daşınmaz əmlaka aid etməsi aşağıda qeyd olunan hüquq normalarına zidd olması nəzər alınmaqla, yerləşmə sxeminin çəkilməsi icra hakimiyyətinin üzərinə öhdəlik kimi qoyulmasına dair qərar qəbul edilməsini xahiş edir.

3. Cavabdehin xx.xx.2024-cü il tarixli 5-18/2-M-186-091/2024 nömrəli imtinasında qeyd etmişdir ki, “ərizədə qeyd etdiyiniz torpaq sahəsinin sənədləşdirilməsi Rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid olmadığından xahişinizin yerinə yetirilməsi imkanımız xaricindədir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, məsələnizlə bağlı siz Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməlisiniz.”

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.

5. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən Azərbaycan Respublikası X11inin Bakı quberniyası vergi idarəsi fondunun sənədlərində Balaxanı-Suraxanı ərazisi üzrə şəxsi torpaq sahəsinin 1915-1917-ci illərə dair torpaq vergi kitabında məlum olur ki, Məstan Əbdül oğluna Maştağa kəndində 1 desyatin 2190 kv.m sajına bərabər olan 226 saylı torpaq sahəsinin sahibi olmuşdur. Sənədə qeyd olunan torpaq sahəsinin cizgi sxemi əlavə edilməmişdir. (1 kv.sajın=4,550 kv.m, 1 desyatin=1,092 ha)

6. Bakı şəhəri 17 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli arayışına əsasən xx.xx.1995-ci il tarixdə rəhmətə getmiş X2 miras qalması ilə bağlı Bakı şəhər Notariat orqanına İddiaçı müraciət etmişdir. X3 vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir.

7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “Bakı quberniyası vergi idarəsi” fondunun 1915-1917-ci illərə dair sənədlərindən məlum olur ki, Məstan Əbdül oğlunun Maştağa kəndində № 226 saylı, sahəsi 1 desyatin 2190 kv.sajına bərabər olan torpaqda üzüm bağları olmuşdur. Həmin bağların ümumi gəliri 57 rubl 38 qəpik təşkil etmişdir.

8. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, ortofotoda qeyd edilən **********20-11301 reyestr nömrəli 121 saylı, **********31-11301 reyestr nömrəli 137L saylı (sözügedən bağ evi 137a saylı bağ sahəsi kimi xx.xx.2004-cü il tarixli 33511 saylı icarə müqaviləsi əsasında ilkin qeydiyyata alınmışdır) və **********09- 11302 reyestr nömrəli 120 saylı bağ evi kimi qeydiyyata alınmışdır. Sorğunun icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 226 saylı torpaq sahəsinin ortofotosunun, koordinatlarının, müayinə aktının və qeyd edilən reyestr nömrəli bağ evlərinə aid müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 2.08845 ha, faktiki 3.75 ha təşkil edir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

11. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

15. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

16. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

19. Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinə əsasən (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) əsasən (bundan sonra 1991-ci il Torpaq Məcəlləsi): Maddə 14 (Torpaq sahələrindən daimi istifadə) Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir

20. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q” bəndinə əsasən torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.

21. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası X11inin “Bakı quberniyası vergi idarəsi” fondunun sənədlərində Balaxanı-Suraxanı ərazisi üzrə şəxsi torpaq sahəsinin 1915-1917-ci illərə dair torpaq vergi kitabına əsasən, Məstan Əbdül oğluna Maştağa kəndində 226 saylı torpaq sahəsinin sahibi olmaqla ona torpaq sahəsinin ölçüsü 1 desyatin 2190 kv.m sajın (beynəlxalq ölçü vahidi ilə 2.08845 ha və ya 20.8845 kv.m) qeyd olunmuşdur. Onun həmin sahədə üzüm bağları olmuşdur. Həmin şəxs isə vəfat etmiş, X3 isə onun vərəsəsi olmuşdur. Sonuncunun xx.xx.1995-ci il tarixdə ölümündən sonra Bakı şəhəri 17 saylı Notariat ofisin məktubuna əsasən iddiaçı vəfat etmiş şəxsin varisidir.

22. Məhkəmə tərəfindən müəyyən edildi ki, iş materiallarında rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən inzibati əraziləri daxilində torpaq sahəsini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verməsini təsdiq edən sənəd mövcud deyil. X8 əldə olunan 1915- 1917-ci illərə dair torpaq vergi kitabında saxlanılan sənədlər torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd hesab edilmir.

23. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:

49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

3. Keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir.

24. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

25. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

26. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar