Məhkəmə qərarları › İş №2-1(112)-9389/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9389/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9389/2025 25.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehin nümayəndəsi X17 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi və torpaq sahəsinə vəfat etmiş şəxsə məxsusluğu barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvana dair X2 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanın X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçılar yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 25,4 kv.metr olan fərdi yaşayış evi və 470 kv.metr torpaq sahəsinin X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 1 ünvana dair X3 çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh bundan imtina etmişdir. Qeyd edilir ki, mərhumdan miras qalmış həmin ev iddiaçılar və X6 arasında bərabər hissələrdən bağışlanılmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş texniki pasport fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Həmçinin, sözügedən daşınmaz əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 470 kv.m təşkil edir və texniki pasportla perimetrik ölçü fərqi mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdilər ki, onlar mərhum Hüseynağa Əliyevin gəlinləridir. Hüseynağa əliyevin birinci dərəcəli vərəsəsi Mahizər Əliyeva miras payını onlara bağışlayıb. Digər vərəsələrin isə bir neçəsi vəfat edib və qalanlar da miras payından imtina ediblər. Qeyd edilənlərə əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraz ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, valideynləri X5 və X24 olan xx.xx.1952-ci il təvəllüdlü X8, xx.xx.1953-cü il təvəllüdlü X13, xx.xx.1955-ci il təvəllüdlü X11, xx.xx.1961-ci il təvəllüdlü X14, xx.xx.1963-cü il təvəllüdlü X7 və xx.xx.1965-ci il təvəllüdlü X4 doğumu haqqında məlumat aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli AZ-İİ 344468 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X19 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. xx.xx.2006-cı il tarixli AZ-İ 154411 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X15 xx.xx.2006-ci il tarixdə vəfat etmişdir. xx.xx.2019-cu il tarixli AZ-İ 991600 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X14 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən X9 miras qoyan X1 qalmış miras payını iddiaçılara bərabər hissələrdə bağışlamışdır. Notarial qaydada təsdiq edilmiş **********649 saylı, **********974 saylı və **********648 saylı ərizələrə əsasən müvafiq olaraq X12, X10 və X11 xx.xx.1990-cı ildə vəfat etmiş ataları X1 onlara çatan miras payını rəsmi və faktiki olaraq qəbul etmədiklərini, etməyəcəklərini, gələcəkdə mirasın qəbul ilə bağlı məhkəmədə iddia qaldırmayacaqlarını bildirmiş və əgər miras payından imtina edirlərsə bütün miras əmlakdan imtina etmiş sayıldıqlarının onlara məlum olduğunu qeyd etmişlər. Cavabdehin xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubu ilə ünvan 1 ünvana dair texniki pasport məhkəməyə göndərilmişdir. Məhkəmə sorğusuna əsasən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən ünvan 1 fərdi yaşayış evinin hüquq müəyyənedici sənəd üzrə və faktiki ümumi sahəsi 25.4 kv.m təşkil edir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 481.7 kv.m, faktiki olaraq 470 kv.m təşkil edir. Torpaq sahəsinin bir tərəfində dalan, iki tərəfində qonşu, bir tərəfində yol vardır. Arxiv t/p-da göstərilən “A” FYE-i yerindədir., FYEnə bitişik əlavə sahələr və yeni yaşayış evi inşa edilmişdir. Ümumi hasar daxili sahə 470 kv.m təşkil edir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçıların və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçılar hazırkı iddia tələbində fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçılar iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir (22.2.). Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndində “yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda)” qeyd edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçılar müvafiq texniki pasporta malik fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ölmüş şəxsə, yəni X3 məxsus olması barədə arayış verilməsini istəyir. İddiaçıların tələbinin əsasını miras əmlakın onlara bağışlanması təşkil edir. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, təqdim edilmiş sənədlər surətlərdir. Bundan başqa təqdim edilmiş texniki pasport fərdi yaşayış evə torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas hesab olunmur. Qeyd edilməlidir ki, cavabdehin gətirdiyi əsaslar iddia tələbinin rədd edilməsinə səbəb ola bilməz. Belə ki, texniki pasport daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün əsas olan hüquq müəyyənedici sənəddir. Eyni zamanda, məhkəmə sorğusu əsasında həmin sənəd cavabdeh tərəfindən məhkəməyə göndərilmişdir. Yəni sözügedən texniki pasportun mötəbərliyinə hər hansı şübhə yoxdur. Digər tərəfdən, mərhum şəxs həmin texniki pasport əsasında fərdi yaşayış evinə və torpaq sahəsinə gözlənilən mülkiyyət hüquq əldə etmiş, uzun müddət orada mübahisəsiz və etirazsız yaşamışdır. İddiaçılar hazırda sözügedən fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsini xahiş edir. Məhkəmə sorğuları əsasında adına arayışın verilməsi xahiş edilən mərhum şəxsin və vəfat etmiş həyat yoldaşının birgə nikahdan anadan olmuş övladları barədə məlumat əldə edilmiş və onların dairəsi müəyyənləşdirilmişdir. Tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir ki, mərhum şəxslərin birgə nikahdan olan övladlarından Rəfail Əliyev və Rövşən Əliyev vəfat etmişdir. Digər övladları Nailə Rəsulova, Simuzər Zairova, Nazilə Əliyeva notarial qaydada təsdiq edilmiş ərizə ilə miras əmlakdan imtina etmişdir. Digər övladları Mahizər Həsənova isə miras əmlakı hazırkı iddiaçılara bağışlamışdır. Göründüyü kimi sözügedən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi ilə bağlı hər hansı bir mübahisə mövcud deyil. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 25,4 kv.metr olan fərdi yaşayış evi və 470 kv.metr torpaq sahəsinin mərhum X3 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, dalan 6, ev 7 ünvanında yerləşən, ümumi sahəsi 25,4 kv.metr olan fərdi yaşayış evi və 470 kv.metr torpaq sahəsinin mərhum X3 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar