Məhkəmə qərarları › İş №2-1(112)-9394/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9394/2021

06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9394/2021 06.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı mənzil-tikinti kooperativinin sədri X6 və vəkili X5, İddiaçı mənzil-tikinti kooperativinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “qeydiyyatın ləğvi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı "xxxx" MMMC-nin təsis edilməsi ilə bağlı 14 sentyabr 2020-ci il tarixli təsis yiğincağının qərarın etibarsız hesab edilməsi və maraqlı şəxs "xxxx" MMMC-nin 1121- MM8-0202 nömrəli qeydiyyatın və bunun nəticəsində verilmiş qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın, nizamnamənin və qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdeh Ədliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MTK Bakı şəhəri, D.Bünyadzadə küçəsi 3 saylı binanı inşa etmişdir. Bir neçə ay bundan qabaq kooperativə "xxxx" MMMC-nin rəhbəri Rəfayel Həsənov müraciət edərək binaya aid sənədləri MMMC-yə təqdim edilməsini xahiş etmişdir. "xxxx" MMMC-nin qeydiyyata alınması üçün əsas olunmuş təsis sənədlərini-təsis yığıncağının qərarı, arayış, ərizə və ad dəyişməsi ilə əlaqədar ümumi yığıncağının digər qərarlarının surətləri təqdim olunmuşdur. 14.09.2020-ci il tarixli təsis yığıncağının qərarı ilə müəyyən olunub ki, həmin müştərək cəmiyyəti rəhbərlik etdiyi kooperativin bazasında təsis edilmişdir və 40 nəfər tərəfindən imzalanmışdır. Həmin qərardan görünür ki, 40 nəfər arasından yalnız 27 nəfərin mənzillərə mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmışdır, qalan 13 nəfərin mənzillərə aid olan hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmadığı üçün mülkiyyətçi hesab olunmurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və ( və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının 50%dən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 1 ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Eyni zamanda həmin məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Göründüyü kimi sözügedən mülkiyyət hüququ sərəncam vermək hüququnu ehtiva edir. Bundan başqa qərarda adları qeyd olunan şəxslərlə əlaqə saxladığımız zaman məlum olub ki, bəzi şəxslər həmin qərarı ümumiyyətlə imza çəkməyiblər. Belə ki, X2 və X7 notarial qaydada təsdiq olunmuş ərizələrlə bildirirlər ki, "xxxx" MMMC -nin 14.09.2020-ci il tarixli təsis yığıncağında iştirak etməyiblər, həmin qərarı imzalamayıblar, həmin yığıncağın qərarı ilə tanış olaraq qərarda onların adı, soyadı və ata adları qarşısında əks olunan imza onların deyil. Həmçinin qərarda olan X4, X9, X11 və X3 imzaları şəxsiyyət vəsiqələrində və MTK ilə olan müqavilələrdə əks olunan imzalar arasında kəskin şəkildə fərq var. Bundan başqa adı qeyd olunmuş X4 son 2 il ərzində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayır və buqərarı ölkəmizdə fiziki cəhətdən olmadığından imzalaya bilməzdi. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə müvafiq sorğu göndərilib. Bütün bunlar ona dəlalət edir ki, sənədləri cavabdehə təqdim edən X10 və X1 yol verərək dövlət qurumuna yanlış məlumatlar təqdim etmişdilər. Əlavə olaraq bildirir ki, MTK tərəfindən təsdiq olunmuş arayış əslində Ədliyyə Nazirliyinə təqdim etmək üçün yox, ərazinin polis sahə müvəkkilinin xahişi ilə rayon icra hakimiyyətinə bina barədə ətraflı məlumatı olması üçün verilmişdir. Sonradan təsis sənədlərin arasında arayışı görəndə mən polis sahə müvəkkili barəsində şikayət ərizəsi verib. Bundan sonra Ədliyyə Nazirliyinə müraciət edərək "Ə.Y.” MTK-nın bazasında təsis edilmiş "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin qeydiyyatını ləğv etməyi xahiş etmişlər. Ədliyyə Nazirliyi 12 avqust 2021-ci il tarixli 05/4680/2-13 saylı məktubda qeyd etmişdirlər onlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.2.2-ci maddəsinə əsasən hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda hüquqi şəxs ləğv edilə bilər. Məsələ ilə əlaqədar məhkəməyə müraciət edə bilərlər.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən "Ə.Y.” MTK-nın sədrinə ünvanlanmış 12.08.2021-ci il tarixli məktubla bildirilmişdir ki, Rafayel Həsənov tərəfindən "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin dövlət qeydiyyatına alınmasına dair sənədlərdə bir neçə mülkiyyətçinin imzalarını, habelə bəzi sənədləri saxtalaşdıraraq Ədliyyə Nazirliyinə təqdim edilməsi səbəbindən qurumun ləğv olunması ilə bağlı daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririlmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.2.2-ci maddəsinə əsasən hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda hüquqi şəxs ləğv edilə bilər. Məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi.

II. İddianın mümkünlüyü

5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

6. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

7. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... ...4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... ...6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... ...16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər...

8. "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (bundan sonra – cəmiyyət) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 09.03.2021-ci il tarixdə 1121-MM8- 0202 nömrə ilə qeydiyyata alınmışdır. Cəmiyyətin nizamnaməsinin 1.1-ci maddəsinə əsasən, cəmiyyət müstəqil təsərrüfat subyekti olmaqla ünvan 1 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirlir. Nizamnamənin 1.8-ci maddəsinə əsasən, cəmiyyətin yerləşdiyi ünvan ünvan 1, mənzil 41, giriş-1-dir. Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa əsasən, qurumun fəaliyyət predmeti və məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək olmaqla qeydiyyata alınmanın hüquqi əsasları sahə mülkiyyətçilərinin 14.09.2020-ci il tarixli təsis yığıncağının və 30.12.2020-ci il tarixli ümumi yığıncağının qərarları qeyd edilmişdir. Cəmiyyətin nizamnaməsinin 13.1-ci maddəsinə əsasən cəmiyyətin yenidən təşkili və ləğvi mülki qanunvericiliklə nəzərdə tutulmuş əsaslarla və qaydada həyata keçirilir. Nizamnamənin 13.2-ci maddəsinə əsasən, Cəmiyyətin iştirakçıları çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin əlli faizindən çoxuna malik olmadıqda, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı cəmiyyətin ləğv edilməsi haqqında qərar verməyə borcludur.

9. İddiaçı hüquqi şəxsin (cəmiyyətin) yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatını mübahisələndirir.

10. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. 119.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsi bu Məcəllənin 44-47ci maddələrində nəzərdə tutulmuş qaydada keçirilən ümumi yığıncaqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin səs çoxluğu ilə qəbul edilir. 119.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin cəmiyyəti yaratmış iştirakçılarının səslərinin sayı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxunu təşkil etməlidir. 119.5. Nizamnaməsində başqa hal nəzərdə tutulmayıbsa, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti fəaliyyət müddəti məhdudlaşdırılmadan yaradılır. 120.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. 133.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yenidən təşkili və ləğvi mülki qanunvericiliklə nəzərdə tutulmuş əsaslarla və qaydada həyata keçirilir. 133.2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçıları çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin əlli faizindən çoxuna malik olmadıqda, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin ləğv edilməsi haqqında qərar verməyə borcludur.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsindən: 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; 59.2.2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; 59.2.3. lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə; 59.2.4. məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbir tətbiq edildikdə. 59.2-1. Bu Məcəllənin 59.2.1-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir. İcra orqanı bəyanatın qəbul edilməsinin mümkünsüzlüyünü bildirdikdə, iştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olubolmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur. 59.3. Bu Məcəllənin 59.2.2 və 59.2.3-cü maddələrində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı (qurumu) və ya yerli özünüidarə orqanı irəli sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər. Bu Məcəllənin 59.2.4-cü maddəsində göstərilən əsas üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur. 59.4. Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir.

12. Beləliklə, məhkəmə qeyd edir ki, "xxxx" MMMC-nin təsis edilməsi ilə bağlı 14 sentyabr 2020-ci il tarixli təsis yiğincağının qərarın etibarsız hesab edilməsi hissəsində tələb mülki xarakterlidir. Digər tərəfdən İddiaçı mənzil-tikinti kooperativi "xxxx" MMMC-nin nizamnaməsinə əsasən onun ləğvi üçün vəkil edilmiş orqan, eləcə də mülki qanunvericiliyə əsasən cəmiyyətin qeydiyyatının ləğvi ilə bağlı tələb irəli sürmək hüququ verilmiş şəxs deyil.

13. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil, iddiaçının mülki qanunvericiliyin qeyd edilən normalarına əsasən cəmiyyətin qeydiyyatının ləğvi ilə bağlı tələb irəli sürmək hüququ olmadığı üçün həmin hüququn məhkəmə müdafiəsi yoxdur, iddiaçının müraciətlərinə verilən cavabın forma və məzmunu onun qanunla qorunan hüquqlarına xələl gətirmir, nəticə etibarilə iddiaçının hüquqi müdafiəyə ehtiyacı yoxdur. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

15. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar