Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9395/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü il təvəllüdlü iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1990-cı ilə qədər “Bakı Baş Tikinti” 11 №li Trestinin 23 №-li tikinti İdarəsində bənna, tikinti ustası, və iş icraçısı vəzifələrində, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə qədər “Bakı Təmir Tikinti” Trestində baş mühəndis, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər 11 №-li Trestin 7 №-li Tikinti İdarəsində iş icraçısı, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə qədər “Azərbalıq” İK-nın tikilməkdə olan müəssisələr müdiriyyətində mühəndis, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə qədər "xxxx" MMC-nin nəzdində “Təmir Tikinti Tresti”nə daxil olan 9 №-li Təmir Tikinti İdarəsində rəis, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilə qədər Baş İstehsalat Təmir Tikinti İdarəsinin Mənzil mühəndis Təmir Tikinti Trestinin 1 №-li Xüsusi Təyinatlı Tikinti İdarəsində baş mühəndis, xx.xx.1996-cı ildən xx.xx.2000-ci ilə qədər “Bakı Baş Tikinti” 11 №li Trestinin 7 №-li Tikinti İdarsində iş icraçısı, xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilə qədər 11 №li Trestin 23 №-li Tikinti İdarəsində iş icraçısı, xx.xx.2010-cu ildən xx.xx.2013-cü ilə qədər "xxxx" Şirkətində mühəndis, xx.xx.2014-cü ildən xx.xx.2015ci ilə qədər "xxxx" MMC-də iş icraçısı, xx.xx.2017-ci ildən hazıradək isə "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyir. Yuxarıda sadalanan əmək fəaliyyətləri iddiaçıya məxsus əmək kitabçası ilə yanaşı sonuncu iş yerindən verilmiş arayışla da öz təsdiqini tapmışdır. Qeyd edilən arayışda iddiaçının işlədiyi sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu bölməsinə uyğun olaraq o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və ümumi iş stajı 36 il 06 ay 15 gün, güzəştli iş stajı 18 il 0 ay 20 gün təşkil edir. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli, 3-17-1/2-B-199197/2024 saylı cavab məktubu ilə qeyd edilənlərin icrasından imtina etmişdir. İmtinanın əsası kimi 3 hal əsas göstərilmişdir:
1. Ümumi iş stajının 25 ildən az olması; 2. Zərərli iş stajının 12 il yarımdan az olması; 3. Sığorta kapitalının pensiya təyinatı üçün əsas verən minimum kapitaldan aşağı olması. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Həmçinin işəgötürən müəssisə tərəfindən ona sonuncu iş yerindən verilmiş arayışda qeyd edilmişdir ki, işlədiyi sahə zərərli peşə hesab edilir. Cavabdehin stajla bağlı ümumi mövqeyi ondan ibarətdir ki, iddiaçının xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilə qədər işlədiyi müddət üzrə sənədləri dövlət arxivinə təhvil verilməmişdir. Bu əsasdan həmin dövr sığorta stajı kimi nəzərə alınmamışdır. Hesab edilir ki, cavabdehin bu mövqeyi əsassızdır. Belə ki, əmək fəaliyyətinə dair sənədlərin dövlət arxivinə təhvil verilməməsi iddiaçının yox işəgötürənin təqsiri olmuşdur. Həmçinin Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən iş stajını təsdiq edən yeganə sənəd əmək kitabçasıdır. Əmək kitabçasındakı qeydlərin isə mötəbərliyini şübhə altına alan hər hansı bir sübut cavabdeh tərəfindən irəli sürülməmişdir. Cavabdehin pensiya kapitalı ilə bağlı mövqeyi ilə bağlı bildirilir ki, ümumi və zərərli iş stajını tamamladığına görə iddiaçıya münasibətdə həmin kapital şərti əsaslı olmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsi təşkil etmişdir. Həmin maddənin iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: "Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır." Həmin Qanunun 7-ci maddəsinə görə 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan normaların müddəaları baxımından İddiaçı 2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: 1. Ərizəçinin 60 yaşı tamam olmalıdır (yaş tələbi); 2. Ərizəçi iş stajının ən azı 12 il 6 ayını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli iş stajı tələbi);
3. Ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərt təmin olunmadığı halda isə ərizəçi ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (pensiya kapitalı və ya ümumi iş stajı tələbi). İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. Ərizəçinin işlədiyi dövrlərin güzəştli iş stajı hesab edilməsi üçün bir sıra hallar nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-17-1/2-B-199197/2024 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Mərkəzi filiala təqdim etdiyi xx.xx.1982-ci il tarixli ИТ-İN ******* saylı əmək kitabçasında xx.xx.1996-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində BBTİ 7 saylı və 23 saylı Tikinti İdarələrində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin Milli Arxiv İdarəsinin bununla bağlı xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-B-11xx-xx-1185/2024 saylı arayışında sözügedən müəssisələrin 1996-2004-cü illərə dair sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Eyni zamanda, iş stajına dair məlumatların araşdırılması ilə əlaqədar cavabdeh inzibati orqan tərəfindən aidiyyəti üzrə sorğu göndərilmiş, müvafiq sorğuya cavab olaraq həmin müəssisələrin iş qovluqlarının Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialında mövcud olmadığı bildirilmişdir. Göründüyü kimi, xx.xx.1982-ci il tarixli ИТ-İN ******* saylı əmək kitabçası iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən (xx.xx.1996-xx.xx.2004-cü illər ərzində) müddətlərdə BBTİ 7 saylı və 23 saylı Tikinti İdarələrində iş içraçısı vəzifəsində işləməsi faktını özü-özlüyündə, qeyd-şərtsiz təsdiq etmir. Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-B-11xx-xx- 1185/2024 saylı arayışında isə sözügedən müəssisələrin 1996-2004-cü illərə dair sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Odur ki, iddiaçının yuxarıda qeyd olunan dövrlər ərzində işləməsinə əsaslı şübhələr yarandığından mübahisələndirilməyən ümumi iş stajı 25 ildən az, yəni (21 il 7 ay 26 gün (xx.xx.1981xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 8 il 3 ay) təşkil etmişdir. Eyni zamanda, “Araz İnşaatçı" MMC-nin xx.xx.2024-cü il tarixli arayışına əsasən, İddiaçı güzəştli iş stajı da 12 il 6 aydan az (6 il 7 ay (xx.xx.2017-xx.xx.2023-cü il tarixləri arasındakı dövr) təşkil etmişdir. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, müraciət olunan tarixə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28.415,01 manat təşkil etmişdir. Məhz bu səbəblərə görə də, İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -Şəxsiyyət vəsiqəsindəki məlumatlardan görünür ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -05 noyabr 1982-ci il tarixdən doldurulmağa başlanan ИТ-İ № ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1990-cı il tarixədək “Bakı Baş Tikinti”nin “Fundamenttikinti” trestinin 23 saylı Tikinti İdarəsində 1-ci dərəcəli fəhlə, 2-ci dərəcəli bənna, 3-cü dərəcəli bənna, tikinti ustası, iş icraçısı, xx.xx.1990-cı ildən xx.xx.1991-ci il tarixədək “Məişət Təmir Tikinti” ixitsaslaşdırılmış trestinin 5 №-li X1 Təmir Tikinti İdarəsində mühəndis (baş mühəndis kimi), xx.xx.1991-ci ildən xx.xx.1992-ci il tarixədək “Bakı Baş Tikinti”nin “Sosial Mədəni Tikinti” İdarəsinin 11 №-li trestinin 7 saylı Tikinti İdarəsində iş icraçısı, xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək “Azərbalıq” İKA-nın Tikilməkdə olan müəssisələr müdriyyətinin Texniki-nəzarət şöbəsində 2-ci dərəcəli mühəndis, xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək "xxxx" MMC-nin nəzdində Təmir Tikinti Trestinə daxil olan 9 №-li Təmir Tikinti İdarəsində rəis, xx.xx.1994-cü ildən xx.xx.1996-cı il tarixədək “Baş İstehsalat Təmir Tikinti” İdarəsinin Mənzil Mühəndis Təmir Tikinti trestinin 1 №-li Xüsusi Təyinatlı Tikinti İdarəsində baş mühəndis, xx.xx.1996-cı ildən xx.xx.2000-ci il tarixədək “Bakı Baş Tikinti” 11 №-li trestinin 7 №-li Tikinti İdarəsində iş icraçısı, xx.xx.2000-ci ildən xx.xx.2004-cü il tarixədək “Bakı Baş Tikinti” 11 №-li trestinin 23 №-li Tikinti İdarəsində iş icraçısı, xx.xx.2010-cu ildən xx.xx.2013-cü il tarixədək "xxxx" LTD Şirkətində mühəndis, xx.xx.2014-cü ildən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də iş icraçısı vəzifələrində işləmişdir, xx.xx.2017-ci ildən hazıradək isə "xxxx" MMC-də tikintidə iş icraçısı vəzifəsində işləyir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) "xxxx" MMC-də xx.xx.2017-ci il tarixdən 012 saylı əmrə əsasən iş icraçısı vəzifəsində çalışır. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 6 il 8 ay 28 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri çoxmərtəbəli yaşayış binalarının tikintisində iş icraçısı vəzifəndən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinə uyğundur. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, BBTİ 7 saylı və 23 saylı Tikinti İdarələrinin 1996-2004cü illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı 1990-2004-cü illərdə işlədiyi “Bakı Təmir Tikinti İdarəsinin”, həmin idarənin 7, 11, 23 №-li trestlərinin, Bakı Tikinti və Şəhərin İnkişafı Departamenrinin sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü iddiaçının cavabdeh inzibati orqana 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Cavabdeh iddiaçıya ümumilikdə 21 il 7 ay ümumi iş stajı, eyni zamanda xx.xx.2017-ci ildən xx.xx.2023-cü il tarixədək olan əmək fəaliyyətini dövrləri nəzərə alınmaqla, 6 il 7 ay güzəştli iş stajı hesablamış və onun qanunla tələb olunan ümumi (25 il) və güzəştli stajının (12 il 6 ay) toplanmadığı qənaətinə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması Həmçinin məhkəmə əlavə edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması, həmçinin fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olmaması tərəflər arasında mübahisəli deyil. Bununla belə, iş materiallarında olan sənədlərdən də iddiaçının xx.xx.2024-cü il tarixdə 60 yaşının tamam olduğu və qanunla tələb olunan pensiya kapitalının yığılmadığı (40320,00 manat tələb olunduğu halda, 28415,01 manat pensiya kapitalı mövcuddur) müəyyən edilir. İşin mübahisəli halı iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1996-xx.xx.2004-cü illərdə “Bakı Baş Tikinti” İdarəsinin 11 №-li trestinin 7 nömrəli və 23 nömrəli Tikinti İdarələrindəki əmək fəaliyyəti dövrü ilə bağlıdır. Cavabdeh iddiaçının həmin müəssisədə iş icraçısı vəzifəsində işlədiyi dövrü onun ümumi və güzəştli iş stajına daxil etməmiş və mövqeyini sözügedən müəssisələrin 1996-2004-cü illərə dair sənədlərinin dövlət arxivinə təhvil verilməməsi ilə əsaslandıraraq əmək kitabçasındakı mübahisəli dövrə aid qeydlərin şərtsiz olaraq əmək stajına daxil edilməsi üçün yetərli hesab etməmişdir. Məhkəmə cavabdehin imtina dəlilləri ilə bağlı bildirir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında xx.xx.1996-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Baş Tikinti”nin 11 №-li trestinin 7 nömrəli Tikinti İdarəsində və xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “Bakı Baş Tikinti”nin 11 №li trestinin 23 nömrəli Tikinti İdarəsində işlədiyi əmək fəaliyyəti dövrləri ilə bağlı onun əmək kitabçasında müvafiq qeydiyyat aparılmış, aparılan araşdırma ilə müəssisənin mövcudluğu təsdiqlənmişdir. Belə ki, əmək kitabçasındakı qeydlərdən görünür ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1992-ci il tarixədək Bakı Baş Tikinti İdarəsinin ayrı-ayrı idarələrində fəhlə, bənna, tikinti ustası, iş icraçısı, mühəndis işləmiş və cavabdeh həmin dövrləri onun ümumi iş stajına daxil etmişdir. Lakin mübahisəli dövrə münasibətdə cavabdeh eyni davranışı sərgiləməmiş, bunu müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi ilə əlaqələndirmişdir. Halbuki, həmin qeydlər müəssisəsinin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiqləndiyindən və cavabdeh tərəfindən bu qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı tutarlı dəlil təqdim edilmədiyindən həmin dövr iddiaçının ümumi əmək stajına daxil edilməlidir. Formalaşmış məhkəmə təcrübəsi də bu yöndədir ki, müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi və əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun pensiya hüquqlarını məhdudlaşdıran nəticələr doğurmamalı və iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməməlidir. Çünki arxiv sənədlərinin saxlanılması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Əgər məsələ sosial sığorta ödənişlərinin həyata keçirilməməsi ilə əlaqələndirilirsə, nəzərə alınmalıdır ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Bu baxımdan iddiaçının xx.xx.1996-xx.xx.2004-cü il tarixləri arasındakı işlədiyi dövr (3 il, 11 ay, 12 gün) onun ümumi iş stajına daxil edilməlidir. Belə olan halda, iddiaçının ümumi iş stajı qanunla tələb edilən 25 ildən artıq olur (21 il 7 ay 26 gün (mübahisələndirilməyən) + 3 il 11 ay 12 gün= 25 il, 7 ay, 8 gün) Güzəştli staja gəlincə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə razılaşır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış təqdim edilməlidir. Hansı ki bu arayış iddiaçının həmin arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, onun işlədiyi sahələrin, peşələrin və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğunun müəyyən edilməsinə xidmət etməlidir. Lakin oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən o da nəzərə alınmalıdır ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmalı və nəzərə almalıdır. Bu xüsusat inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması, həmçinin maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtinanın yolverilməzliyi inzibati icraat haqqında qanunvericiliyin tələblərindən də irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Məhkəmə qeyd edir ki, Bakı Baş Tikinti İdarəsi və onun ayrı-ayrı idarələri (o cümlədən 11 nömrəli Trestin 23 və 7 nömrəli) artıq mövcud olmadığından iddiaçı tərəfindən həmin müəssisədən güzəştli arayışın təqdim edilə bilməməsi işin obyektiv hallarından irəli gəldiyindən mübahisəli dövrün iddiaçının güzəştli iş stajı kimi nəzərə alınmasına maneə təşkil etməməlidir. Belə ki, hazırkı işin hallarına görə işdə mövcud olan digər sübutların məcmusu əsasında iddiaçının məhz işlədiyi yerdən güzəştli iş stajına dair arayış olmadan da, iddiaçının ən azı 1996-2004-cü illərdə işlədiyi iş icraçısı vəzifəsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməyə imkan verən vəzifələrə aid etmək olar. Belə ki, işin məhkəmə araşdırması zamanı tikinti sahəsində fəaliyyət göstərən analoji müəssisə kimi "xxxx" MMC-yə sorğu edilmiş və iddiaçının Bakı Baş Tikinti İdarəsində xx.xx.1981-xx.xx.2004-cü illər arasında işlədiyi bənna, tikinti ustası, iş icraçısı, baş mühəndis vəzifələrinin güzəştli pensiya hüququ verən peşələrin siyahısına aid edilibedilməməsi barədə məlumat verilməsi istənilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş məktubda sözgedən vəzifələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin, a) yarımbəndinə əsasən bənnalar, b) yarımbəndinə əsasən isə iş icraçıları peşələrinə uyğun olması konkret olaraq göstərilmişdir. Məhkəmə hesab edir ki, həm Bakı Baş Tikinti İdarəsinin, həm də "xxxx" MMC-nin təmirtikinti sahəsində ixtisaslaşdığı onların adlarından bəlli olması ilə yanaşı, hər iki idarədə iş icraçısı vəzifəsinin nəzərdə tutulması, həmin idarələrin təmir-tikinti işləri ilə məşğul olmasına dəlalət edir. Göstərilənlərə əsasən analoji müəssisədən alılnmış məlumatların həqiqətə uyğun olmaması ilə bağlı tutarlı dəlil təqdim edilmədiyindən həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. O da qeyd olunmalıdır ki, iddiaçının güzəştli iş stajına daxil edilən "xxxx" MMC-də xx.xx.2017-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlərdə işlədiyi iş icraçısı vəzifəsinin onun Bakı Baş Tikinti İdarəsində işlədiyi eyni vəzifənin funksionallıq və müəssisələrin fəaliyyət istiqamətləri baxımından bir-birindən nə ilə fərqlənməsi barədə inzibati orqan tərəfindən hər hansı dəlil də gətirilməmişdir. Odur ki, iddiaçının müxtəlif illərdə, başqa müəssisələrdə, eyni vəzifə üzrə fərqli peşə funksiyalarını həyata keçirməsinə dair cavabdeh inzibati orqan tərəfindən tutarlı dəlil təqdim edilmədiyindən iddiaçının “Bakı Baş Tikinti” İdarəsinin 11 nömrəli trestinin 7 nömrəli və 23 nömrəli Tikinti İdarələrində təcrübə zavodunda xx.xx.1996-xx.xx.2004-cü il tarixləri arasındakı (7 il, 10 ay, 23 gün) işlədiyi iş icraçısı vəzifəsi güzəştli şərlərlə əmək pensiyası almağa imkan verən staj kimi qəbul edilməlidir. Belə olan halda iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajı yaranmış olur. (mübahisələndirilməyən 6 il, 7 ay stajı + 7 il, 10 ay, 23 gün = 14 il, 5 ay, 23 gün). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamış, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov