Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9397/2025 21.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona vurulmuş 2023,23 manat maddi və 2000 manat mənəvi zərər olmaqla, cəmi 4023,23 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “X1” markalı, 99FY962 dövlət nömrə nişanlı avtomobillə Nəsimi rayonu, 28 May küçəsi istiqamətində hərəkətdə olarkən, 28 May küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsini keçdikdən sonra yol kənarında **-YP-*** nömrəli avtomobillə xidmət aparan DYP əməkdaşı onu saxlamış, avtomobilini qanunsuz olaraq duracağa yerləşdirmiş, müvafiq olaraq İXM-nin 342.5, 342.1.3, 327.1 və 327.2.2-ci maddələri ilə 150 manat cərimə tətbiq olunması barədə xx.xx.2025-ci il tarixli, İPX ******* saylı protokol və TP ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. İddiaçının avtomobili xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 23 gün müddətində duracaqda saxlanılmışdır. Bu müddət ərzində o, avtomobilsiz qalmış və dəfələrlə DYP idarəsinə, işi ilə əlaqədar Bakı şəhərdaxili və Füzuli rayonuna taksi ilə getmişdir ki, bununla onun taksilərə kifayət qədər xərci çıxmışdır. Qeyd olunan 23 gün müddətində gündəlik olaraq ortalama 50 manat taksilərə ödəniş etmişdir ki, bu da 1150 manat edir. Eyni zamanda, 23,23 manat avtomobilin duracaqda saxlanılmasına görə ödəmişdir. Sözügedən qərardan verdiyi şikayətə dair Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(009)-221/2025 saylı qərarı ilə DYPİ-nin İXM-nin 342.5-ci maddəsi ilə cərimə olunmağı barədə xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərar ləğv edilmişdir. Qərardan apelyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini almışdır. Həmin qərar ləğv edilməsinə baxmayaraq ona yazılmış cərimə sistemdən silinməmiş, nəticədə xx.xx.2025-ci il tarixdən avtomobilinə həbs qoyulmuşdur. Qeyd olunan tarixdən bu günə qədər avtomobildən istifadə edə bilmir və gündəlik olaraq taksidən istifadə edir. Bayram günləri də işi ilə əlaqədar rayonlara getməyə də kifayət qədər, təxminən 850 manat taksilərə xərci çıxmışdır. Bundan başqa, polis əməkdaşı onu saxladıqda qanunları pozmağı barədə ona qarşı böhtan atmış, avtomobilini qanunsuz duracağa yerləşdirmiş, əsassız olaraq dəfələrlə DYP idarəsinə get-gələ salmışdır ki, bununla da ona maddi ziyanla yanaşı, mənəvi ziyan vurulmuşdur. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli FİU 046600 nömrəli dayancaq haqqı qəbzinə əsasən avtomobilin duracaqda saxlanılmasına görə iddiaçı tərəfindən 23,23 manat ödənilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarına əsasən İXM-nin 342.5, 342.1.3, 327.1 və 327.2.2-ci maddələri ilə iddiaçı 150 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-221/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, şikayətçi İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə Bakı şəhər X3 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)- 221/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı 17 fevral 2025-ci ildə qanuni qüvvəsini almış və icra edilməsi üçün Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə göndərilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı barəsində Bakı şəhəri BPİ DYPİ-nin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunan qərardan İddiaçı tərəfindən məhkəməyə şikayətlə müraciət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli iş № 3(009)- 221/2025 nömrəli qərarı ilə şikayət təmin edilərək İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə qəbul edilmiş Bakı şəhər X3 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişdir. Qəbul edilmiş qərardan apellyasiya qaydasında şikayət verilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdeh tərəfindən ona maddi və mənəvi ziyanın ödənilməsini xahiş edir. Həmin iddia mahiyyətcə vurulmuş ziyana görə kompensasiya haqqında iddiadır. İddiaçı ona maddi ziyan dəydiyini və maddi ziyanın məhz hazırkı iş üzrə cavabdeh tərəfindən vurulduğunu hesab edir. İddiaçıya məxsus avtomobilin duracağa yerləşdirilməsi cavabdehin səlahiyyətlərinə aidddir. Bu səbəbdən cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinə hər hansı rəsmi cavab verilməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ona məxsus avtomobilin əvvəlcə əsassız olaraq duracağa yerləşdirilməsi və daha sonra üzərinə həbs qoyulması səbəbindən ona maddi və mənəvi ziyanın dəydiyini bildirmiş və hazırkı tələblə cavabdehə müraciət etmişdir, lakin cavabdeh tərəfindən ona hər hansı rəsmi cavab verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə iddianın təmin edilməsi üçün iddiaçıya məxsus avtomobilə məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində ziyan dəyməsi, həmin ziyanın məbləğinin iddiaçının tələb etdiyi həcmdə olması sübuta yetirilməlidir. İşdən görünür ki, iddiaçı barəsində cavabadeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən məhkəməyə şikayət verilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət təmin edilərək sözügedən qərar ləğv edilmişdir. Hazırda qəbul edilmiş qərardan cavabdeh tərəfindən apellyasiya qaydasında şikayət verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar (12.3). Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər (12.4). Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (76.3). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3). Qanunvericiliyin tələblərindən də göründüyü kimi inzibati məhkəmə icraatında sübutların araşdırılması və toplanması zamanı məhkəmə yalnız proses iştirakçılarının təqdim etdiyi izahat və sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları öz təşəbbüsü ilə araşdırmalı, zəruri hallarda əlavə sübutlar toplamalı və iştirakçılardan məlumat tələb etməlidir. Proses iştirakçıları isə sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 96.1-ci maddəsinə əsasən əsasən fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda; 96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə; 96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; 96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda; 96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda; 96.1.7. İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə. Qeyd edilməlidir ki, iddiaçının barəsində çıxarılmış inzibati tənbehvermə haqqında qərarda əsaslanılan maddələr, yəni İXM-in 342.5 (Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı) və 342.1.3-cü (dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsi) maddələri sürücünün nəqlyyat vasitəsinin idarəsindən kənarlaşdırılmasına əsas verir. Belə olan halda cavabdeh tərəfindən qəbul edilmiş qərarın əssassız olması Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən müəyyən edilir. Həmin vaxt isə iddiaçının avtomobili artıq özünə qaytarılmışdı. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin hüquqazidd əməli nəticəsində ona maddi və mənəvi zərər dəyməsi, həmin zərərin məbləği, eləcə də göstərilən zərərlə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə mövcudluğu mötəbər və kifayət edən sübutlarla təsdiq edilməmişdir. İnzibati tənbeh haqqında qərarın ləğv edilməsi faktı özlüyündə mülki-hüquqi məsuliyyətin yaranması üçün kifayət etmir. Mülki Prosessual Məcəllənin sübutetmə yükü ilə bağlı müddəalarına əsasən, iddiaçı öz tələblərinin əsasını təşkil edən halları sübut etməlidir. Lakin iş materialları ilə bu hallar sübuta yetirilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-9397/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9397/2025
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver