Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-94/2021 01.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçı X2 (Ünvanı: Mingəçevir şəhəri, Samux küçəsi ev 92/56), cavabdehin nümayəndəsi X5 (Ünvan: Qazax şəhəri Heydər Əliyev prospekti ev 46, mənzil 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu, mütəxəssis) iştirakları ilə, iddiaçı - X2 cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon xidmət nümayəndəliyinə qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 577 saylı Qərarına əsasən bütün Çernobıl əlilləri kimi iddiaçıya pensiyada yaranmış fərqin pensiya hüququ yarandığı tarixdən yenidən hesablanaraq birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)958/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, X3 Çernobıl AES-in qəzanın aradan qaldırılması dövrü üçün Bakı şəhərindəki 9 saylı Avtobazada çilingər vəzifəsində işlədiyi iş yerindən ona verilmiş əmək haqqını və pul mükafatlarını toplanaraq alınan orta aylıq əmək haqqı 25.4-ə vurulmaqla indeksləşdirərək pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və 4 qat məbləği həmin tarixdən bu günə yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. (hakim E.Mustafayev) Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1507/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)958/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin əsl cavabdeh, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon xidmət nümayəndəliyi ilə əvəz edilməsi qərara alınmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı ƏƏSMN Dövlət Sosial Müdafiə Fondunun Suraxanı şöbəsindən Çernobıl əlili kimi pensiya alır. Pensiya hüququ yarandığı tarixdən indiyi kimi olan müddət ərzində yaranmış fərqi ƏƏSMN Dövlət Sosial Müdafiə Fondunun Suraxanı şöbəsi yenidən hesablayaraq ona birdəfəlik ödəmir. Bu barədə o, Fonda dəfələrlə müraciət etməyinə baxmayaraq ödənişin həyata keçirilməsinə nail ola bilməmişdir. ƏƏSMN Dövlət Sosial Müdafiə Fondunun Suraxanı şöbəsinə ərizə ilə rəsmi qaydada müraciət etməyinə baxmayaraq, hal-hazırkı vaxtadək Fond nə onun onlara yazdığı ərizəsinə rəsmi qaydada cavab verməyib, nə də ki, birdəfəlik ödənişi həyata keçirməyib. O fonda gedərək bunun səbəbi ilə maraqlanarkən fonddan ona bildirildi ki, Qanuna müvafiq qaydada həmin fərq oan Fond tərəfindən ödənilməli olduğundan onun ərizəsinə cavab yazmırlar. Bu baxımdan o qərara gəldi ki, həmin yaranmış fərqin yenidən hesablanaraq birdəfəlik ona fond tərəfindən ödənilməsi üçün məhkəməyə müraciət etsin. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, X3 xx.xx.1995-ci il tarixdə əlilliyə görə pensiya təyin edilmişdir. Vətəndaşın pensiya təminatı hüququnun yaranma tarixinə müvafiq olaraq ona pensiya təyin edilməsi ilə bağlı münasibətlər “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tənzimləmə predmetidir. Həmin Qanunun 71-ci maddəsinə əsasən “pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır.Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır.” Yuxarıda qeyd edilən normanın tələblərindən aydın olduğu kimi pensiya hesablanarkən vətəndaşın arzusundan asılı olaraq son 24 yaxud ardıcıl 60 ay üçün aldığı əməkhaqqı nəzərə alınır. Hazırkı iş üzrə isə iddiaçı Çernobıldakı fəaliyyət dövrü ilə bağlı əməkhaqqı, yaxud mükafat almasını təsdiq edən mötəbər sənədləri (əgər vardırsa) cavabdeh inzibati orqana təqdim etməmişdir. Buna görə də, cavabdeh orqan tərəfindən ona pensiya təyin edilərkən iddia etdiyi dördqat əməkhaqqı məbləği nəzərə alınmamışdır. Hesab edirlər ki, iddiaçı tərəfindən sübuta yetirilməyən əməkhaqqının pensiya təyinatı zamanı nəzərə alınması əsassız olmaqla yanaşı faktiki olaraq da mümkün deyildir Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İş materiallarına əlavə edilmiş ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X6 xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə qədər, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə qədər, xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilə qədər müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Suraxanı rayonu Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş Cep.BTЭ-7 053945 nömrəli arayışın surətindən görünür ki, X2 ömürlük ikinci qrup əlildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 468389 nömrəli arayışın surətindən görünür ki, X1 ÇAES qəza ilə əlaqədar hərbi xidmət vəzifəsinin icrası zamanı səbəbi ilə müddətsiz ikinci qrup əlildir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon sosial təminat şöbəsi tərəfindən verilmiş 316972 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, X3 İİ qrup əlilliyə görə Çernobıl qəzası ilə əlaqədar pensiya təyin edilmişdir. Vəsiqə xx.xx.1995ci ildən ömürlük verilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqularını pozmur. İddiaçı X2 pensiya işinə dair sənədlərin müvafiq qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, X3 10 04 1995-ci ildən Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı İİ qrup ömürlük əlillik verilmişdir. Həmin tarixdən etibarən vətəndaşa pensiya təyin edilib və ödənilir. Vətəndaşın pensiyasının 4 qat əmək haqqından hesablaması ilə bağlı iddiasına gəlincə isə Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı iştirakına görə 1992-ci ildə 4 qat əmək haqqı hesablanması nəzərdə tutulmuşdur. X3 xx.xx.1995-ci ildən pensiya təyin edildiyi üçün 1992-ci ildə nəzərdə tutulan güzəştlər tətbiq edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış Xidməti məktubuna əsasən Fondun mərkəzi arxivində saxlanılan X3 (xx.xx.1963-cü il təvəllüdlü) məxsus 316972 nömrəli pensiya işinə daxil edilmiş sənədlər arasında “Çernobıl” AES-də qəzanın nəticələrini aradan qaldırılmasında iştirak edən şəxs kimi ona dördqat əmək haqqının hesablanması ilə bağlı arayış aşkar edilmədi. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Məhkəmə iş üzrə müəyyən etdiyi faktiki hallara yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının Çernobıldakı fəaliyyət dövrü ilə bağlı əməkhaqqı, yaxud mükafat almasını təsdiq edən mötəbər sənədlərin (maliyyə arayışının) mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon xidmət nümayəndəliyinə qarşı X3 Çernobıl AES-in qəzanın aradan qaldırılması dövrü üçün Bakı şəhərindəki 9 saylı Avtobazada çilingər vəzifəsində işlədiyi iş yerindən ona verilmiş əmək haqqını və pul mükafatlarını toplanaraq alınan orta aylıq əmək haqqı 25.4-ə vurulmaqla indeksləşdirərək pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və 4 qat məbləği həmin tarixdən bu günə yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-94/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-94/2021
01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver