Məhkəmə qərarları › İş №2-1(112)-940/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-940/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-940/2022 27.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçınə qanunsuz olaraq 27.603,63 manat mənfəət vergisinin hesablanması barədə 24 fevral 2021-ci il tarixli, **********492700 №-li kameral vergi yoxlaması qərarının və həmin qərarın dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin 14 aprel 2021-ci il tarixli, **********749700 №-li qərarının qanunsuz hesab edilməsi və ləğv edlilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini cavabdehlər sırasından çıxarmış, eyni zamanda cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçınə 27.603,63 manat mənfəət vergisinin hesablanması barədə 24 fevral 2021-ci il tarixli, **********492700 №-li kameral vergi yoxlaması qərarının qanunsuz hesab edilməsi və ləğv edlilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 izahatında bildirdi ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 24 fevral 2021-ci il tarixli, **********492700 №-li kameral vergi yoxlaması qərarına əsasən İddiaçınə 2019-cu il hesabat dövrü üzrə 27.603,63 manat mənfəət vergisi hesablanmışdır. İnzibati icraat qaydasında həmin qərardan şikayət edilsə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin 14 aprel 2021-ci il tarixli, **********749700 №-li qərarına əsasən cavabdehin həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Mübahisə predemeti olan qərar qanusuz hesab edilərək ləğv edilməlidir. Belə ki, cavabdeh tərəfindən mübahisə predmeti olan qərar çıxarılan zaman mövcud işin faktiki hallarına əhəmiyyət verilməmiş və həmin faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 24 fevral 2021-ci il tarixli, **********492700 №-li kameral vergi yoxlaması qərarından verilmiş şikayət əsasında aparılan inzibati icraat zamanı tam olaraq sübut olunmuşdur ki, 2019-cu il ərzində İddiaçı MMC-nin "xxxx" QSCnin “Səbail” filialında olan AZ50ACAB******************** nömrəli hesablaşma hesabına 10242,88 ABŞ dolları (17412,9 manat) və AZ91ACAB******************** nömrəli hesablaşma hesabına 21180,56 manat mədaxil olmuşdur. Yəni 2019-cu il ərzində İddiaçı MMC-yə ümumilikdə 38.593,46 manat mədaxil olmuşdur. Belə olan halda hansı, hüquqi və riyazi məntiqlə 2019-cu il üçün İddiaçı MMC-yə 27.603,63 manat mənfəət vergisi hesablana bilər? Eyni zamanda, inzibati icraat qaydasında araşdırma zamanı da 144.336,86 manat dəyərində mal qalığının olmasına hüquqi qiymət verilməmişdir. Mübahisə predmeti olan qərar çıxarılan zaman Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydalar da nəzərə alınmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili X6 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahatında bildirdi ki, 2019-cu il üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsinin 200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 5506,64 manat məbləğ, bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 №-li Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” xanalarının cəmi olan 149580,86 manat məbləğlə müqayisədə 144074,22 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə 22.07.2020-ci il tarixli **********122800 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə 2019-cu il üçün mənfəət vergisi bəyannaməsinə 27603,63 manat məbləğində əlavə vergi məbləği hesablanmış və barədə vergi ödəyicisinə 24.08.2020-ci il tarixli **********968900 nömrəli "Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı tərəfindən vergi məbləğinin dəqiqləşdirilməsi məqsədilə 14.01.2021-ci il tarixdə 2019-cu il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Vergi orqanı tərəfindən 14.01.2021-ci il tarixdə 2019-cu il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinə 27603,63 manat hesablanmış və 24.02.2021-ci il tarixli **********492700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 08.02.2018-ci ildə qeydiyyata alınmışdır, VÖEN **********, qanuni təmsilçi X4r. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********492700 nömrəli 24.02.2021-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə İddiaçı MMC-yə (VÖEN **********) 27.603,63 manat əlavə vergi məbləği hesablanmışdır (bəyannamə və hesabat növü – mənfəət vergisi, bəyannamə və hesabat dövrü – 2019-cu il). İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 14 aprel 2021-ci il tarixli **********749700 saylı qərarından görünür ki, İddiaçı kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə 14.01.2021-ci il tarixli inzibati şikayətin təmin edilməməsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24.02.2021-ci il tarixli **********492700 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçı ”İCON GMBH” MMC-yə 2019-cu ilin mənfəət vergisi üzrə 27.603,63 manat vergi məbləği hesablanmışdır, bununla əlaqədar olaraq cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24.08.2020-ci il tarixli **********968900 nömrəli qərar qəbul edilmişdir. Daha sonra iddiaçı tərəfindən vergi məbləğinin dəqiqləşdirilməsi məqsədilə 14.01.2021-ci il tarixdə 2019-cu il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Vergi orqanı tərəfindən 14.01.2021-ci il tarixdə 2019-cu il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinə 27.603,63 manat hesablanmış və 24.02.2021-ci il tarixli **********492700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar edilmişdir. 24.02.2021-ci il tarixli qərardan iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən baxılarkən iddiaçının səlahiyyətli nümayəndəsi (rəhbəri) X2 araşdırmada iştirakı təmin edilmiş, inzibati araşdırma ilə bağlı izahatı alınmış, C.Xəlilov araşdırmaya təqdim etdiyi izahatında 2019-cu il üçün cari təqdim edilmiş mənfəət vergisi bəyannaməsində mühasibin səhvi səbəbindən bəyannamədə ilin sonu vəziyyətinə mal qalığı haqqında məlumatların bəyan olunmadığını, 14.01.2021-ci il tarixdə müvafiq dəqiqləşmələr aparılmaqla bəyannamənin təqdim olunduğunu, hesabat dövrünün sonuna göstərilmiş 144336,86 manat məbləğində olan mal qalığının mövcud olduğu və ünvan 1 ünvanında saxlanıldığını qeyd etmiş, lakin bununla bağlı saxlanc (icarə) müqaviləsi təqdim etməmişdir, həmin ünvanda eyni təchizatçı tərəfindən eyni adlı mallar alan (idxal edən) digər vergi ödəyicisinin fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən kameral vergi yoxlaması Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar