Məhkəmə qərarları › İş №2-1(112)-940/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-940/2025

03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-940/2025 03.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “X3 ilə Bakı şəhər İcra Hakimiyyəti arasında rəsmiləşdirilmiş, “torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2017-ci il tarixli, 1377 saylı 49 illik müqaviləsinin qismən (Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi hissəsininin yerləşdiyi yerə münasibətdə) qanunsuz hesab edilərək ləğv edilməsi öhdəliyinin Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 01 dekabr 2017-ci il tarixli, 318 saylı sərəncamının qanunsuz hesab edilməsi barədə” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “X3 ilə Bakı şəhər İcra Hakimiyyəti arasında rəsmiləşdirilmiş, “torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2017-ci il tarixli, 1377 saylı 49 illik müqaviləsinin qismən (Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi hissəsininin yerləşdiyi yerə münasibətdə) qanunsuz hesab edilərək ləğv edilməsi öhdəlyinin Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 01 dekabr 2017-ci il tarixli, 318 saylı sərəncamının qanunsuz hesab edilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə X3 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus kafeyə aid sahədə cavabdeh X3 tərəfindən inşa edilmiş pilləkənin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh X3 tərəfindən inşa olunmuş qeyri-yaşayış binasının mübahisələndirilən pilləkəni İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş ərazi ilə üst-üstə düşür və pilləkənin yerləşdiyi ərazi ilkin olaraq iddiaçının qeyri-yaşayış sahəsinə aiddir. Həmçinin, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 24 sentyabr 2018-ci il tarixli 21011 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, cavabdeh X3 tərəfindən inşa olunmuş mübahisəli pilləkən tikilisi Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 01 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamı ilə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış 18/03- 8/769 saylı eskiz layihəsində, İddiaçı mülkiyyətində olan sahəsi 102,4 kv.m olan qeyri-yaşayış sahəsinə dair verilmiş texniki pasportun plan-sxemində 18,9 kv.m açıq sahə kimi göstərilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 20 oktyabr 2023- cü il tarixli məktubundan görünür ki, 318 saylı sərəncamın verilməsi üçün ilk öncə X3 ilə Bakı şəhər İcra Hakimiyyəti arasında “torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2017-ci il tarixli, 1377 saylı 49 illik müqavilə imzalanmışdır. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 01 dekabr 2017-ci il tarixli, 318 saylı sərəncamının verilməsi üçün əsas olmuş, X3 ilə Bakı şəhər İcra Hakimiyyəti arasında “torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2017ci il tarixli, 1377 saylı 49 illik müqavilə qismən ləğv edilməlidir. Yuxarıda yazılanları nəzərə alaraq Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 01 dekabr 2017-ci il tarixli, 318 saylı sərəncamının verilməsi üçün əsas olmuş, X3 ilə Bakı şəhər İcra Hakimiyyəti arasında rəsmiləşdirilmiş, “torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2017-ci il tarixli, 1377 saylı 49 illik müqaviləsi qismən qanunsuz hesab edilərək ləğv edilməsini, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 01 dekabr 2017-ci il tarixli, 318 saylı sərəncamının dəyişdirilərək , Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi hissəsininin yerləşdiyi yerə münasibətdə yeni sərəncam qəbul edilməsini cavabdeh qurumlardan xahiş etsə də, müraciətinə cavab verilməyib. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.1–ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2.-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Hazırda iddiaçının iddia tələbi iki hissədən ibarət olmaqla, X3 ilə Bakı şəhər İcra Hakimiyyəti arasında rəsmiləşdirilmiş, “torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2017-ci il tarixli, 1377 saylı 49 illik müqaviləsinin qismən (Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi hissəsininin yerləşdiyi yerə münasibətdə) qanunsuz hesab edilərək ləğv edilməsi və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 01 dekabr 2017-ci il tarixli, 318 saylı sərəncamının qanunsuz hesab edilməsi vəsifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Müqavilənin ləğv edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarına əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir (2), xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.( 4. )İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. (5.2.) Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. 17-ci bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddiaçının hazırkı iddiasının sözügedən hissəsində mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Göründüyü kimi iddiaçının iddia tələbi inzibati icraat qaydasında deyil, ümumi məhkəmədə mülki qaydada baxılmalıdır. Beləliklə, iddiaçı ilə cavabdeh arasında olan mübahisəyə, cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti hazırki hüquq münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) olduğundan, mülki məhkəmə icraatında baxılmalıdır. İddia tələbinin digər hissəsində (sərəncamın qanunsuz hesab edilməsi) məhkəmə qeyd edir ki, cavabdeh qismində göstərilən Bakı şəhər İcra Hakimiyyəti bu tələb cavab verən inzibati orqan deyildir. Belə ki, iddıaçının ləğv edilməsini istədiyi sərəncam Nəsimi rayon İcra hakimiyəti tərəfindən qəbul edilmişdir. Azərbaycan Respubliksı İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, “iddia tələbi “Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 01 dekabr 2017-ci il tarixli, 318 saylı sərəncamının qanunsuz hesab edilməsi barədə” iddiaya cavab verən orqan olmayan Bakı şəhər İcra Hakimiyyətinə qarşı qaldırılmış”, Bundan başqa, “iddianın predmetini təşkil edən “torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2017-ci il tarixli, 1377 saylı 49 illik müqaviləsinin qismən (Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi hissəsininin yerləşdiyi yerə münasibətdə) qanunsuz hesab edilərək ləğv edilməsi öhdəlyinin Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair tələbiniz torpağın icarəyə verilməsi müqaviləsi ilə bağlı yaranmış hüquq münasibətlərindən irəli gələn mübahisənin həllinə yönəldilmişdir”. İddia ərizəsinin dəqiqləşdirilməsi üçün 10 gün müddət təyin edilmiş və iş üzrə təyin edilmiş məhkəmə iclasında iddia ərizəsinin inzibati məhkəmədə baxılmasının mümükülüyü məsələsinə baxılacağı bildirilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır; bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır; iddiaçının hüquqi maragı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun; iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım emək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır- iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçının qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Odur ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir və mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, tərəflər arasında yaranmış mübahisənin mülki məhkəmə icraatında həlli üçün ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar