Məhkəmə qərarları › İş №2-1(112)-9404/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9404/2022

22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9404/2022 22.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin xx.xx.2021-ci il tarixdən təyin edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2021-ci il tarixdən 2-ci qrup Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 2ci qrup “Hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz təyin olunmuş əlilliyin başlanğıcının xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İş üzrə hazırlıq iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən idida ərizəsinə münasibət bildirilməsi üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdehe tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət təqdim edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki: - iddiaçıya xx.xx.2016-cı il tarixdə ikinci dərəcəli, “Hərbi xidmət dövrü ilə əlaqədar” xx.xx.2021-ci il tarixədək əlillik dərəcəsi təyin edilmişdir. - əlillik müddəti bitdikdən sonra “Həkim məsləhət komissiyasının” xx.xx.2021-ci il tarixli, 0050003AADWM nömrəli bildirişinə əsasən, ididaçı 23 nömrəli Şəhər Poliklinikasının Həkim Məsələhət Komissiyası tərəfindən müayinə olunmuş və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil eidlmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçı 23 nömrəli Şəhər Poliklinikasının Həkim Məsələhət Komissiyasının 0020003AADWM nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və ona əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. İmtinaya əsas kimi, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması, həkim rəyi - mütəxəssis rəyləri, xəstənin hazırki vəziyyəti, əsas xəstəliyin ağırlaşmalarının dəqiqləşməsi və ətraflı qeyd olunması göstərilmişdir. - Cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, xx.xx.2022-ci il tarixdən, ikinci dərəcəli, hərbi xidmət dövrü ilə əlaqədar, müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. İddiaçının hazırki hüquqi marağı əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ona ödənilməmiş əlilliyə görə pensiyanın ona ödənilməsinin təmin edilməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 6.1-ci maddəsinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 6.2-ci maddəsinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə görə əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Digər tərəfdən, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 24 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İşin hazırki halında iddiaçının əlillik dərəcəsinin müddəti mart 2021-ci il tarixdə bitmiş, bundan sonra onun əlilliyi ilə bağlı müalicə və müayinələr aparılmış, nəhayət noyabr 2021-ci il tarixdə 23 saylı Şəhər Poliklinikası tərəfindən onun əlilliyi qiymətləndirilməsi üçün göndəriş Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş, sonuncu tərəfindən aparılmış əyani müayinə və s. nəticələrindən sonra iddiaçıya xx.xx.2022-ci il tarixdə əlillik dərəcəsi təyin edilmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyin normalarını nəzərə alaraq hesab edir ki, iddiaçı ona əlilliyə görə təyin edilmiş pensiyanın ödənilməmiş dövrlər üzrə ödənilməsi barədə aidiyyəti üzrə səlahiyyətli orqana ( Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti qurumuna) müraciət etməlidir. Bununla bağlı, məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilsə də, iddiaçı tərəfindən iddianın dəyişdirilməsindən imtina edilmiş, iddiaya olduğu kimi baxılması xahiş edilmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar