Məhkəmə qərarları › İş №2-1(112)-9405/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9405/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9405/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, X9 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X13) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X10 ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 79 ünvanında yerləşən 144 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X10 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 notarial qaydada ərizə verərək X12 aid Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 79 ünvanında yerləşən 144 saylı mənzili və pay haqqını iddiaçıya vermiş və kooperativ üzvlüyündən azad edilməsini xahiş etmişdir. Həmin ərizə əsasında "xxxx" MTK-nın 101 saylı protokolu ilə Ə.Ə.Yusibova kooperativ üzvlüyündən çıxarılmış və İddiaçı kooperativ üzvlüyünə qəbul edilmişdir. "xxxx" MTK-nın verdiyi maliyyə arayışına əsasən sözügedən mənzilin dəyəri onun tərəfindən tam ödənilmişdir. "xxxx" MTK və MAPS tərəfindən verilən arayışa görə X13 hal-hazırda Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 79 ünvanında yerləşən 144 saylı mənzildə pasport qeydiyyatındadır, lakin Ə.Yusibova hal-hazırda həmin mənzildə yaşamır. Hazırda X2 mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, Ə.Ə.Yusibovanın iddiaçının mülkiyyətində qeydiyyatda qalması onun həmin mənzilə dair sərəncam hüquqlarını məhdudlaşdırır. Belə ki, həmin mənzili özgəninkiləşdirmək istədikdə, Ə.Yusibovanın razılığının alınması iddiaçının, o cümlədən gələcəkdə olacaq sahibləri üçün əlavə problemlər yarada bilər. Həmçinin şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. X10 isə faktiki olaraq başqa ünvanda yaşaması, iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrin icrasına ciddi maneələr yaratmaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərini pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9405/2021 nömrəli, 19.08.2021-ci il tarixli qərardadı ilə X13 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münabasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddia ərizəsi ilə bağlı 08.09.2021-ci il tarixli, 078-23984-1221 nömrəli yazılı münasibətini məhkəməyə təqdim etmiş və bildirmişdir ki, vət. İddiaçı 10.10.2019-cu il tarixdə Nərimanov RPİ-nə ərizə ilə müraciət edərək mülkiyyətində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. 25.10.2019-cu il tarixdə vətəndaşa cavab olaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri səlahiyyətləri daxilində olmadığından pasport qeydiyyatında olan şəxslərin qeydiyyatdan çıxarılmasının tərəflərindən mümkün olmadığı və bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı 26.10.2021-ci il tarixli, 078-29067-1221 nömrəli məktubunda iddia tələbi ilə bağlı inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada üçüncü şəxsin məlum olan qeydiyyat ünvanına məhkəmə bildirişi göndərilmiş, bildirişin olduğu poçt zərfi “bu ünvanda yaşamır” qeydi ilə poçt xidməti tərəfindən geri qaytarılmışdır. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsinin 12.08.2021-ci il tarixli arayışından görünür ki, 03.02.1962-ci il təvəllüdlü X13 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş X13 tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinə ünvanlanmış 26.09.2019-cu il tarixli ərizədə göstərilmişdir ki, BŞİH-nin verdiyi 21.06.2007ci il tarixli N 021045 saylı orderə əsasən X12 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 79 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 11-ci (on birinci) mərtəbəsində yerləşən və ümumi sahəsi 108.7 kv.m, yaşayış sahəsi isə 50.7 kv.m olan 2 (iki) otaqlı 144 (yüz qırx dörd) saylı mənzili və pay haqqını könüllü olaraq X13 vətəndaş İddiaçı verir. Bununla əlaqədar olaraq X1 üzvlüyündən azad edilməsini xahiş edir. X13 gələcəkdə bu məsələ ilə əlaqədar heç bir iddia qaldırmayacaq. X6 əvəzinə 30.04.2013-cü il tarixli, 12557 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X5 tərəfindən imzalanmışdır. İş materiallarında olan "xxxx" MTK-nın üzvləri iclasının 03 oktyabr 2019-cu il tarixli, 101 saylı protokolundan çıxarışın surətindən görünür ki, X10 MTK-ya ünvanladığı müraciət ərizəsi ilə əlaqədar olaraq MTK üzvlüyündən azad edilməsi və "xxxx" MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 79 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 3-cü (üçüncü) giriş, 11-ci (on birinci) mərtəbəsində yerləşən və ümumi sahəsi 108,7 kv.m, yaşayış sahəsi isə 50,7 kv.m olan 2 (iki) otaqlı, 144 (yüz qırx dörd) saylı mənzilin və pay haqqının İddiaçı adına keçirilməklə 1 (bir) nəfər (özü) ailə tərkibi ilə kooperativə üzv qəbul olunması ilə bağlı qərar qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" Mənzil-Tikinti Kooperativinin maliyyə arayışında göstərilmişdir ki, verilir vətəndaş X11 ondan ötrü ki, həqiqətən də Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 79 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 3-cü (üçüncü) giriş, 11-ci (on birinci) mərtəbəsində yerləşən və ümumi sahəsi 108.7 kv.m, yaşayış sahəsi isə 50.7 kv.m olan 2 (iki) otaqlı 144 (yüz qırx dörd) saylı mənzilin dəyəri tam ödənilmişdir. Borcu yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 02.09.2021-ci il tarixli, **********97 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 79, 144 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi, həmçinin X2 ünvana dair istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 04.09.2021-ci il tarixli, 018- 13541-1221 nömrəli məktubda qeyd edilmişdir ki, 03.02.1962-ci il təvəllüdlü X13 13.11.2009-cu il tarixdən hal-hazıradək ünvan 2 ünvanında qeydiyyatdadır. Adı qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 08.09.2021-ci il tarixli, 078-23985-1221 nömrəli məktubu ilə göndərilmiş fərdi uçot kartoçkasının surətindən görünür ki, X10 yaşayış yeri ünvan 2-dür. Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd qrafasında BŞİH tərəfindən verilmiş 021045 nömrəli 21.06.2007-ci il tarixli sənəd qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Mənzil-Tikinti Kooperativinin 04.11.2021-ci il tarixli, 167 nömrəli arayışında göstərilmişdir ki, verilir X12 ondan ötəri ki, həqiqətən o, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 79, 144 nömrəli mənzildə pasport qeydiyyatındadır və hal-hazırda həmin ünvanda yaşamır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 03.08.2021-ci il tarixli, 078-20071K-3271 nömrəli məktubunda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə şəxsin qeydiyyatdan çıxarılması mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlülüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia cavabdehdən üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş üzrə yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 79, 144 saylı mənzilin sahibi və kooperativin üzvüdür. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxs X4 mənzilin keçmiş sahibi olmuş, sonradan həmin mənzili və pay haqqını İddiaçı adına keçirmişdir. "xxxx" MTK üzvlərinin 03.10.2019-cu il tarixli, 101 saylı iclas protokolu əsasında X13 MTK üzvlüyündən azad olmuş olsa da, həmin mənzildən qeydiyyatdan çıxmamışdır və hazırda sözügedən ünvanda yaşamır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxs mübahisəli ünvanda qeydiyyatda olsa da o, iddiaçının ailə üzvü deyildir, həmin ünvanda faktiki olaraq yaşamır, onun mənzilə dair istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə olan halda üçüncü şəxs iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxs olduğundan mənzilin hazırkı sahibi olan iddiaçı onun qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının əmlak hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması iddiaçının həmin mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etməyə mane təşkil etmir. Belə ki, Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə İddiaçı oğu mübahisəli mənzilin pay dəyərini ödəmiş, kooperativin üzvü olmaqla bilavasitə mənzilə sahiblik, istifadə kimi əmlak hüquqları var və eyni zamanda mənzilə “gözlənilən mülkiyyət” hüquqlarına da sahibdir. Məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı mübahisəli mənzilin “gözlənilən mülkiyyətçisi” qismində çıxış edir və üçüncü şəxs X13 da cavabdeh orqan tərəfindən vaxtılə məhz MTKnın mənzillə bağlı verdiyi ilkin sənədləri əsasında qeydiyyata alınmışdır, belə olan halda iddiaçı MTK-nın verdiyi sənədlər əsasında (iclas protokolu, maliyyə arayışı) mənzilə pay hüququnu itirmiş üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 03.02.1962-ci il təvəllüdlü X10 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X10 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar