Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9406/2022 23.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “mərhum həyat yoldaşının əmək pensiyasının ödənilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşının aldığı pensiyanın ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 61 yaşındadır. 3-cü qrup əlilliyə görə pensiya alır. X1 xx.xx.2021-ci ildə vəfat etmişdir. Yoldaşı Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən pensiyaya çıxmışdır. Rəhmətə getdiyindən onun pensiyasısı almaq hüququ yaranmışdır. Bununla bağlı həm cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həm də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya cavab göndərilmiş və pensiya seçmək hüququ olmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, onun pensiya seçmək hüququ var və göstərilən şərtlərə uyğun gəlir. İddiaçının 4 övladı vardır və övladlarından biri onkoloji xəstə olduğuna görə iddiaçı ilə birgə qalır. Bu səbəbdən iddiaçı onun övladlarına da baxır. Bu səbəbdən iddiaçı hesab edir ki, mərhum həyat yoldaşının pensiyasını almalıdır.
3. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı ilə əvəz olunmuşdur.
4. Cavabdeh etiraz təqdim edərək (dəftərxana vasitəsilə) bildirmişdir ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsindən məlum olur ki, iddiaçının 61 yaşı var, şəxs İİİ dərəcəli əlildir və buna görə də pensiya alır. İddiaçının ərizəsinə görə onun mərhum həyat X1 xx.xx.22021-ci ildə vəfat etmişdir. Bununla yanaşı o, qeyd edir ki, mərhum həyat yoldaşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləmiş, daha sonra, ona pensiya təyin edilmişdir. İddiaçının iddiasına əsasən həyat yoldaşının ölümü, onun ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsinə əsas verir. Həmçinin iddiaçının 4 övladının olduğunu (1984-cü il təvəllüdlü Məmmədova Aynur, 1987-ci il təvəllüdlü İbrəhimli Günel, 1991-ci il təvəllüdlü İrzayeva Leyli, 1995-ci il təvəllüdlü Əlizadə Orxan) və onlardan birinin də onkoloji xətə olduğu qeyd edilir. Buradan da aydın olur ki, dörd övladı da yetkinlik yaşına çatmışdır və 18 yaşına çatana qədər sağlamlıq imkanları məhdud olmamışdır. Yəni bu situasiya İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün əsas vermir. Bununla əlaqədar, ilk olaraq, Fondun mərkəzi filialına ərizə ilə müraicət edilmiş və əlilliyə görə əmək pensiyasını ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilməsi xahiş edilmişdir. Müraciətə uyğun olaraq, mərkəzi filial tərəfindən bildirilmişdir ki, həqiqətən də, iddiaçıya 2 iyul 2021-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən “ümumi xəstəliklə əlaqədar” İİİ dərəcə əlillik təyin olunmuşdur, lakin qanunvericiliyə əsasən İİİ dərəcə əlilliyinin olması və onun 61 yaşının tamam olması İddiaçı müraciətində bildirilən əmək pensiyasının təyin edilməsinə əsas vermir. Cavabdeh, müraciətlə əlaqəli olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə istinad etmiş və orada ailə başçısını itirməyə görə pensiya təyin edilməli olan şəxslər göstərilmişdir. Bu əsasla, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Bundan narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan -18 yaşına çatmamış övladları; -18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları; -təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (ən çoxu 23 yaşına çatanadək); -həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşına (hazırda qadınlar üçün 62 il 6 ay) çatmış, yaxud İ və ya İİ dərəcə əlil atası, anası, əri (arvadı); -həmçinin, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Qanunun bu normasından aydın olur ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün müəyyən kriteryalar mövcuddur. İddiaçı sadəcə əlilliyinin mövcudluğu onun bu pensiyanı almaq hüququ olan şəxslərlə bir sıraya qoymur daha aydın desək, İddiaçı o zaman ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərdi ki, o, 1 və ya 2-ci dərəcəli əlil olsun və ya pensiya hüququ verən yaş kimi azı 62 il 6 aya malik olsun. Göründüyü kimi iddiaçı bunlardan heç birinə malik deyildir. İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur və müraciətin edildiyi tarixdə iddiaçının 61 yaşı tamam olmuşduriddiaçının təqdim etdiyi X2 məxsus ölüm haqqında şəhadətnamədə mərhum həyat yoldaşının xx.xx.2021-ci ildə COVİD-19 virusu səbəbiylə öldüyü qeyd edilir. İddiaçı həmçinin əlilliyə görə əmək pensiyası aldığı kartın məlumatlarını da təqdim etmişdir. Qeyd olunanlara əsasən əmək pensiyası hüququ verən yaş 62 il 6 ay olmadığından, eyni zamanda qanunvericilikdə vəfat etmiş ailə başçısının İ və ya İİ dərəcə əlil atasının, anasının, ərinin (arvadının) ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olduğundan iddiaçıya İİİ dərəcə əlil olmağı ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması mümkün deyil. Çünki qanunla müəyyən edilmiş bir sıra kateqoriya şəxslərə İddiaçı aid edilə bilməz bu səbəbdəndir ki, cavabdehin imtinası qanunidir. Cavabdeh orqan qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq icraatı iclasında tərəflər iştirak edir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri götürülməsini xahiş edir. Cavabdeh orqanın nümayəndəsi işin baxılmadan geri götürülməsinə etiraz etmir.
II. İddianın geri götürülmüş sayılması
6. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
8. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).
9. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
10. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
11. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
12. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
13. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
14. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
15. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
16. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
17. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
18. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
19. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.
20. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
21. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva