Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9406/2023 06.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona sosial müavinətin ödənilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 24 may 2006-cı il təvəllüdlü X4 və 17 iyun 2008-ci il təvəllüdlü X6 iddiaçının övladlarıdır. İddiaçının oğlu X4 anadangəlmə “Generolizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, antikonvulsant müalicə fonunda qıcolmalar gündə 12-14 dəfə. Yüngül dərəcəli əqli gerilik. Fizioloji inkişafın ləngiməsi. Skolioz, İİİ dərəcəli C-vari lumbar skolioz. Miopiya, Görmə zəifliyi” diaqnozu, digər oğlu X6 “Generolizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, antikonvulsant müalicə fonunda qıcolmalar gündə 12-15 dəfə.” diaqnozu ilə xəstədir. İddiaçının övladlarının 21 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən sağlamlıq imkanları qiymətləndirilərək 21 iyun 2017-ci il tarixindən 17 iyun 2020-ci il tarixinədək sağlamlıq imkanları məhdud uşaqlar kimi müavinət təyin edilmişdir. Həmin dövrlər üzrə üç il müddətində 2017-ci ilin iyun ayından 30 sentyabr tarixinədək uşaqlara sosial müavinət ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən azyaşlı uşaqları sağlamlıq imkanları yenidən qiymətləndirilərək iddiaçıların övladlarının 27 noyabr 2020-ci il tarixindən 27 noyabr 2024-cü il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, 01 dekabr 2020-ci il tarixdən sosial müavinətin ödənilməsinə başlanılmışdır. Lakin qanunvericiliyin tələblərinin zidd olaraq 2020-ci ilin oktyabr və noyabr ayları üzrə sosial müavinətlər ödənilməmişdir. Bununla əlaqədar olaraq, 2023-cü ilin fevral ayının əvvəllərində iddiaçı cavabdehə müraciət edərək, sağlamlıq imkanları məhdud azyaşlı uşaqlara 2020-ci ilin oktyabr və noyabr ayları üzrə sosial müavinətlərin ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən müraciətin təmin olunmasından imtina edilmişdir.
3. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçının övladları xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X5 xx.xx.2017-ci il tarixdən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət təyin edilmiş və sağlamlıq imkanlarının məhdudluğu müddətinin bitməsi ilə əlaqədar sözügedən müavinətin ödənişi xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. “Əlillik” altsistemində olan məlumata əsasən Mehdi Fərzəliyevin təkrar müayinə əsasında xx.xx.2020 - xx.xx.2024-cü il tarixədək və Əli Fərzəliyevin isə xx.xx.2020 - xx.xx.2023-cü il tarixədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və müvafiq olaraq onlara proaktiv qaydada sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət təyin edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərdə X2 və X5 ödənilməyən sosial müavinətin hesablanaraq ona ödənilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi X2 və X5 münasibətdə TSEK tərəfindən əlilliyinin qiymətləndirilmə tarixi xx.xx.2020-ci ildir. Eyni zamanda inzibati icaraat metariallarına əlavə edilmiş sistemdən çıxarışa əsasən X2 və X5 “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” ödənilən aylıq müavinətin təyinat tarixi əlilliyin qiymətləndirilmə tarixi ilə eynilik təşkil edir (xx.xx.2020-ci il). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Lakin həmin norma xx.xx.2021-ci il tarixdə Qanuna əlavə olunmuşdur. İddiaçının X2 və X5 ödənilməyən sosial müavinətin ödənilməsini iddia etdiyi xx.xx.2020 xx.xx.2020-ci il tarixlərdə qeyd olunan norma qüvvədə olmamışdır.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 7.0.4-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilirdi. Qeyd olunan maddənin tələblərinə əsasən övladlarınız X2 və X5 xx.xx.2017-ci il tarixindən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət təyin edilmiş və sağlamlıq imkanlarının məhdudluğu müddətinin bitməsi ilə əlaqədar sözügedən müavinətin ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən M.Fərzəliyevin təkrar müayinə əsasında xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək və D.Fərzəliyevin isə xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və müvafiq olaraq onlara proaktiv qaydada sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət təyin edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Qeyd olunanlara əsasən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində övladlarınız M.Fərzəliyevin və Ə.Fərzəliyevin sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2021-ci il tarixindən əvvəl (xx.xx.2020-ci il tarixində) müəyyən olunduğu üçün ərizənizdə qeyd etdiyiniz ötən dövr üzrə (xx.xx.2020-ci il tarixindən 26.11,2020-ci il tarixinədək) müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
7. İrəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
8. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
9. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
III.Məhkəmənin mövqeyi
10. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, sağlamlıq imkanları məhdud azyaşlı uşaqlarına 2020-ci ilin oktyabr və noyabr ayları üzrə sosial müavinətlərin ödənilməsini xahiş etmişdir.
11. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: - Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. - Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. - Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: - Bənd 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - Bənd 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. - Bənd 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. - Bənd 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. - 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
14. Məhkəmə qeyd edir ki, iddiaçının övladları X2 (xx.xx.2006-cı il təvəllüd) və X5 (xx.xx.2008ci il xx.xx.2017-ci il tarixdən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət təyin edilmiş və sağlamlıq imkanlarının məhdudluğu müddətinin bitməsi ilə əlaqədar sözügedən müavinətin ödənişi xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. X1 təkrar müayinə əsasında xx.xx.2020 - xx.xx.2024-cü il tarixədək və X3 isə xx.xx.2020 xx.xx.2023-cü il tarixədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və müvafiq olaraq onlara proaktiv qaydada sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət təyin edilmişdir.
15. İddiaçının iddia etdiyi xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərdə sosial müavinətin ödənilməsi zamanı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsi qüvvədə olmamışdır. Belə ki, həmin Qanuna 3.3-1-ci maddəsi xx.xx.2021-ci il tarixdə əlavə edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal müəyyən olunmamışdır. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
16. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
17. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva