Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9408/2021 24.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qarşı “protokolun və qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin əmək müqavilələrinin tərtibatı ilə bağlı iradlarına dair hərəkətlərinin qərəzli və əsassız hesab edilməsinə, 14.04.2021-ci il tarixli İnzibati Xəta haqqında MN ******* nömrəli Protokolun əsassız və qanunsuz hesab edilməsinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin rəis müavini Orxan Hüseynzadənin qəbul etmiş olduğu 23.04.2021 -ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarın əsassız və qanunsuz hesab edilərək ləğv edilməsinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Baş əmək müfəttişi X2 tərtib etdiyi 14.04.2021-ci il tarixli, ******* nömrəli İnzibati Xəta haqqında Protokol üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, işçilərə minimum aylıq əmək haqqı məbləğindən aşağı əmək haqqının verilməsi məsələsi araşdırılaraq, cavabdehə izah edilmişdir ki, sistemdə göstərilən məbləğlər işçilərin iş saatlarına uyğundur, onlar tam iş saatı və tam iş gününü işləmirlər. Sistemdə müəyyən xətalar, səhvlər ola bilər. Ancaq bütün işçilərin əmək müqavilələrində onların tam iş saatlarını işləməmələri nəzərdə tutulmuşdur. Cavabdeh MMC-də çalışan 49 nəfərin əmək müqaviləsinə baxmaq istəmiş, həmin gün iddiaçı tərəfindən 49 nəfər işçinin əmək müqaviləsi onlara təhvil verilmişdir. Təhvil verilmiş əmək müqavilələri 20 günə yaxın müddətdə cavabdehdə qaldıqdan sonra iddiaçı onları geri almaq istədikdə, cavabdeh tərəfindən artıq barələrində inzibati xəta haqqında protokol tərtib edildiyi bildirilmişdir. İddiaçı həmin protokolun rəsmi qaydada göndərilməsini xahiş etmiş, 14.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətini 24.04.2021-ci il tarixdə poçt vasitəsilə almışdır. Protokolun və Qərarın qəbul edilməsində iddiaçının nümayəndələrinin iştirakı təmin edilməmişdir. Cavabdeh vəzifə səlahiyyətlərini aşmaqla, internet səhifəsində qeyd edilmiş rəqəmlərə istinad etməklə, işin faktiki hallarını nəzərə almadan qanunsuz qərar tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə etdi və bildirdi ki, X6 Xidməti tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş İddiaçı MMC-nin vəzifəli şəxsi həmin qərarla razı olmadığı halda ya yuxarı səlahiyyətli orqana, ya da rayon məhkəməsinə şikayətçi qismində ərizə ilə müraciət etməli idi. Belə olan halda İddiaçı MMC-nin iddiaçı qismində sözügedən qərarı inzibati məhkəmədə mübahisələndirilməsi qanunvericilik cəhətdən yolverilməzdir. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İş materiallarından görünür ki, X6 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə İddiaçı MMC-nin vəzifəli şəxsi X5 barəsində 14 aprel 2021-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra həmin protokol əsasında M.Abbasov barəsində 23 aprel 2021-ci il tarixdə ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin Qərara əsasən İddiaçı MMC-nin vəzifəli şəxsi X4 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək həmin inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-nin 1.1-ci maddəsi). Qanunun normasına əsasən inzibati məhkəmə icraatı qaydasında yalnız inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2.2-ci maddəsinə əsasən həmin Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Məhkəmə qeyd edir ki, əməl o zaman inzibati xəta sayılır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra –İXM) Xüsusi hissəsində inzibati xəta kimi müəyyən edilsin və onun törədilməsinə görə məsuliyyət nəzərdə tutulsun. İnzibati tənbeh, bir qayda olaraq, inzibati xəta törədən şəxsə qarşı tətbiq edilir, bu da inzibati xəta törədən şəxsin maddi və mənəvi təsirə məruz qalması ilə ifadə olunur. Bəzi inzibati tənbehlər özündə eyni zamanda həm mənəvi, həm də maddi təsirləri birləşdirir və yaxud onun tətbiqi inzibati xəta törədən şəxsin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılması ilə nəticələnir. Bu tənbehlər səlahiyyətli dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən tətbiq olunur. İnzibati mübahisələr isə digər hüquqi təbiətə malikdirlər. İnzibati hüquqi mübahisələr dedikdə, inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə yaranan mübahisələr başa düşülür. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlı olur. İşin yuxarıda sadalanan hallarından aydın olur ki, iddiaçının ləğv olunmasını xahiş etdiyi protokol və qərar cavabdehin inzibati xəta üzrə fəaliyyətinin birbaşa nəticəsi olmaqla inzibati xəta haqqında iş üzrə icraat zamanı qəbul olunmuşdur. Buna görə də yuxarıda istinad olunan normaların tələblərinə əsasən həmin qərar və protokolun ləğvindən ibarət hazırkı tələbə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin həmin Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. İXM-in 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. İXM-in 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə). İXM-in 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-in 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə iddiaçıya izah edir ki, hazırkı iş üzrə ləğv edilməsi barədə iddia qaldırılan inzibati təhbeh vermə haqqında qərar qeyd edilən qaydada yuxarı səlahiyyətli orqana və ya yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə müraciət etməklə mübahisələndirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9408/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9408/2021
24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver