Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9410/2022 30.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Qaradağ rayon Polis İdarəsinə qarşı X5, X13, X9, X8 və X7 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2, X10, X6, X4 və X3 ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, 6 saylı evin 85 saylı mənzildən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdeh Qaradağ rayon Polis İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, 6 saylı evin 85 saylı mənzilini 08 sentyabr 2018-ci ildə alqı-satqı və ipoteka müqaviləsi əsasinda X1 almışdır. Həmin mənzil 12 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmiş və bu barədə çıxarış verilmişdir. Alqı-satqı və ipoteka müqaviləsinin 2.2.4-cü bəndində satıcı və bu ünvanda qeydiyyatda olanlar satılan mənzildən bir ay müddətinə qeydiyyatdan çıxmağı öhdələrinə götürsələr də, hazırki vaxtadək ona məxsus mənzildə qeydiyyatda qalmaqdadırlar. Adları çəkilən şəxslərin həmin mənzildə qeydiyyatda qalması onun üçün bir sıra çətinliklər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüqualarının pozulmasına səbəb olur və o, əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, X5, X13, X9, X8 və X7 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxslərə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirmələri tələb olunmuşdur. Cavabdeh inzibati orqan və üçüncü şəxslər tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olnmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh və üçüncü şəxslər müvafiq olaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və məhkəmə iclasına gəlmədikərindən, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdiyindən, üçüncü şəxslər isə gəlmədiyi barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1980-ci ildə Qobustan rayonunda doğulmuş İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, məhəllə 3184/3187, Z.Qəmbərov küçəsi, yataqxanada qeydiyyatdadır. Bakı şəhəri 46 saylı Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə bağlanmış 193İK/2018 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Şamaxı yolu, ev 6 ünvanında yerləşən 85 saylı mənzili X11 müqavilə əsasında almışdır. Müqavilənin 2.2.4.-cü bəndinə əsasən “Satıcı” müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətində satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. “Asan 3” tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X5, xx.xx.1961-ci il təvəllüdlü X13, xx.xx.1982-ci il təvəllüdlü X9, xx.xx.1984-cü il təvəllüdlü X8 və xx.xx.1987-ci il təvəllüdlü X7 Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadır. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 069-6599Z-3222 saylı cavab məktubunda qeyd edilmişdir ki, vətəndaşın qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 018-17505-1222 saylı məktubda qeyd olunmuşdur ki, X5 xx.xx.2005-ci il, X13 xx.xx.2004-cü il, X9 xx.xx.2002-ci il, X8 xx.xx.2022-ci il və X7 xx.xx.2005-ci il tarixdən hal-hazıradək Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 069-12734 nömrəli məktubundan görünür ki, X5 xx.xx.2005-ci il tarixdə, X13 xx.xx.2004-cü il tarixdə, X9 xx.xx.2002-ci il tarixdə, X8 xx.xx.2022-ci il tarixdə və X7 xx.xx.2005-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Adları qeyd olunan şəxslərin qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən məhkəməyə təqdim olunması mümkün olmamışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, yat 6, 85 saylı mənzilin mülkiyyətçisidir. İddiaçı ona mülkiyyət hüququ ilə məxsus evdə qeydiyyatda olan və faktiki yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutmaqla müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı həmin üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi irəli sürmüşdür. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzil iddiaçıların mülkiyyətində və sahibliyindədir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia, həmçinin əsaslıdır. İddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci yarımbəndində göstərilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı üçüncü şəxslərin X5, X13, X9, X8 və X3 iddiaçıya məxsus mənzildə qeydiyyatda olması müəyyən olunsa da, onların mübahisəli mənzildə əmlak, o cümlədən istifadə hüquqlarını olmaması, həmçinin həmin şəxsin qeyd olunan mənzildə yaşamadığı və mənzildən qeydiyyatdan çıxmağa etirazının olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). Göründüyü kimi, üçüncü şəxslərin- X5, X13, X9, X8 və X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün qanuni əsas mövcuddur ki, cavabdeh üçüncü şəxsləri qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərini pozmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər - xx.xx.1957-ci il təvəllüdlü X5, xx.xx.1961-ci il təvəllüdlü X13, xx.xx.1982-ci il təvəllüdlü X9, xx.xx.1984-cü il təvəllüdlü X8 və xx.xx.1987-ci il təvəllüdlü X3 İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-9410/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9410/2022
30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver