Məhkəmə qərarları › İş №2-1(112)-9417/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9417/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9417/2025 03.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna alınma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə müraciət edərək, X2nun ailə üzvü olaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3 mənzil növbəsinə alınması Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X5 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Ordu sıralarında 15 il (2004-2018-cu illərdə) qüsursuz hərbi xidmət etmişdir. Hərbi xidmət dövründə onkoloji xəstəliklə mübarizə aparmışdır. Mərhum həyat yoldaşı Tükiyə Cümhuriyyətinə dövlət hesabına göndərilərək 3 dəfə əməliyyat olunmuşdur. Əməliyyatdan sonra ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra 2018-ci ildə birinci qrup əlillik dərəcəsi verilmişdir. Mərhum həyat yoldaşı yataq xəstəsi olduğu üçün Binəqədi RİH-nə gedib ev növbəsinə durmaq imkanı olmamışdır. Binəqədi RİH-nin Leyla adında əməkdaşı ona bildirdi ki, ərinin mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq varsa ev növbəsinə götürülməyiniz mümkün deyil. O, 2025-ci ildə vəkilllərdən konsultasiya olaraq ödənişsiz hüquqi məsləhət aldıqda bildirdilər ki, Binəqədi RİH-nin əməkdaşının onlara verdiyi məlumat yalnışdır. Yəni RİH-nin əməkdaşı qəsdən, bilərəkdən onu aldatmışdır. Mərhum həyat yoldaşı X3 nikahlarından iki övladı var. Övladlarından biri də uşaqlıqdan əlildir. Evdə yeganə qazanc gətirən odur. Binəqədi RİH-nə yazılı müraciət etdi ki, onun və övladlarını ev növbəsinə götürülməyində köməklik edilsin ev verilənə kimi də kirayə pulu ilə təmin etsinlər. Binəqədi RİH-nin onları ev növbəsinə almaqdan və kirayə pulunun verilməsindən imtina etdi. Onun həyat yoldaşı hərbi qulluqçu olub vəfat etsə belə onun övladlarının anasıdır və onlar yoldaşının hüquqlarını saxlamalıyıq. Hazırda ona və övladlarının mənzil təminatı hüququ kobud şəkildə pozulur və nə acıdır ki, pozulmağa da davam edir.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun imtina məktubunda bildirilir ki, "Hərbi qulluqçuların statusu haqqında’’ Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir. Belə ki, Sizin mərhum həyal yoldaşınız tərxis olunduqdan sonra vəfat etmiş, həmin dövrdə Rayon İcra Hakimiyyəlində mənzil növbəsində olmamış və kirayə pulu almamışdır. Bu səbəbdən də müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. Gələcəkdə mövcud qanunvericiliyə əlavə və dəyişiklik olduğu təqdirdə müraciətiniz əsasında məsələyə yenidən baxılacaqdır.

4. Cavabdeh iddia tələbinə dair etirazda qeyd etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə alınma tələbi”nə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mərhum hərbi qulluqçu X4 ailə üzvləri olaraq mənzil növbəsinə alınmaları vəzifəsinin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. Belə ki, vətəndaş İddiaçı1 mərhum hərbi qulluqçu X4 həyat yoldaşı kimi mənzil növbəsinə alınmasına və kirayə xərclərinin ödənilməsinə köməklik göstərilməsi barədə xx.xx.2024-cü il tarixli 5-10/1-A-103-068/2025 saylı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Həmin müraciətə baxılmasının nəticəsi olaraq, Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşa təqdim olunan xx.xx.2024-cü il tarixli 5-10/2-A-103- 068/2024 nömrəli cavab məktubunda, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə istinad edilmiş və ona mərhum həyat yoldaşı Məmmədbağır Atayevin tərxis olunduqdan sonra vəfat etməsi, həmin dövrdə Rayon İcra Hakimiyyətində mənzil növbəsində olmaması və kirayə pulu almaması əsas göstərilərək, müraciətində qeyd olunan məsələnin müsbət həllinin mümkün olmadığı izah edilmişdir. Məlumat üçün bildiririk ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir. İşin araşdırılan hallarından və qeyd olunan qanunvericilik normalarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş İddiaçı1 qarşı onun hüquq və azadlıqlarını pozan qanunsuz hərəkətlər edilməmiş və müraciətinə əsasən ona qanunvericiliyin tələblərinə əsasən müvafiq cavab məktubu göndərilmişdir. Beləliklə də, hesab edirik ki, mərhum Məmmədbağır Atayev tərxis olunduqdan sonra vəfat etdiyindən, həmin dövrdə Rayon İcra Hakimiyyətində mənzil növbəsində olmadığından və kirayə pulu almadığından iddiaçıların mərhum hərbi qulluqçunun ailə üzvləri olaraq mənzil növbəsinə alınmaları “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə ziddir. Bu səbəbdən, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia irəli sürməsi əsassızdır, onların hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamışdır və həmin halın mövcudluğunu isə onlar iddia ərizəsində əsaslandıra bilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin qeyri-mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş olunur.

5. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş SQ seriyalı ******* nömrəli şəxsi vəsiqədə qeyd edilmişdir ki, X5 Silahlı Qüvvələrində həqiqi hərbi xidmətində olmuşdur.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli 008288 nömrəli şəxsi vəsiqədə qeyd edilmişdir ki, X5 xx.xx.2018-ci il tarixli hərbi xidmət ilə əlaqədar müddətsiz İci qrup əlilik verilmişdir.

7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş AZ-İ seriyalı 261430 nömrəli nikah haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X5 ilə Səlimova (Atayeva) Məlahət Əflatun qızı arasında olan nikah xx.xx.2006-cı il tarixdə qeydə alınmışdır.

8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş AZ-İİ seriyalı 379133 nömrəli doğum haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X5 ilə Səlimova (Atayeva) Məlahət Əflatun qızı arasında olan nikahdan xx.xx.2009-cu il tarixdə İddiaçı3 doğulmuşdur.

9. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş AZ-İ seriyalı 855111 nömrəli doğum haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X5 ilə Səlimova (Atayeva) Məlahət Əflatun qızı arasında olan nikahdan xx.xx.2006-cı il tarixdə İddiaçı2 doğulmuşdur.

10. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 3 saylı Bakı “ASAN xidmət” X9 tərəfindən verilmiş AZ-İİ nömrəli 030351 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.

11. Məhkəmə sorğusu əsasında əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2025-ci il 3-21-3-02/2-5482/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı1 və digərlərinin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

12. Məhkəmə sorğusu əsasında əldə edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli BRB/d-152 nömrəli məktubunda qeyd edilmişdir ki, X1 Sistemində İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər hansısa daşınmaz əmlak üzərində mülkiyyət hüququ aşkarlanmamışdır.

13. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdilər.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

15. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);

18. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

19. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

20. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

21. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

22. Məhkəmə tərəfindən müəyyən edildi ki, mərhum hərbi qulluqçu X5 Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur, xx.xx.2018-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar ona müddətsiz İ-ci qrup əlilik verilmişdir. X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun ailə üzvləri iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mənzil növbəsinə alınmaları ilə bağlı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdirlər. Cavabdeh iddiaçıların tələbinin təmin etməkdən imtina etmişdir.

23. Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

24. X2 hərbi qulluqçu olmuş və mənzil hüququ xüsusi qanunla tənzimlənir. “Hərbi qulluqçuların statusu haqıqnda” Azərbaycan Respublikası Qanununun:

12. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.... - Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər...

28. Hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir.

25. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçıların qanunla qorunan hüquqlarını pozmur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş yaşayış sahəsi olmayan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi almaq hüququ qanunda birbaşa olaraq nəzərdə tutulub (“Hərbi qulluqçuların statusu haqıqnda” Azərbaycan Respublikası qanunun 12-ci maddəsi). X2 tərxis olunduqdan sonra vəfat etmiş, həmin dövrdə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətində mənzil növbəsində olmamış və kirayə pulu almamış, həmçinin mənzil növbəsinə götürülməsi ilə bağlı müraciət etməmişdir.

26. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X2 əziyyət çəkdiyi xəstəlikdən vəfat etmişdir. Hərbi həkim komissiyasının tərəfindən şəhadətləndirilməmişdir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin: 7.1 Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»;

28. Göründüyü kimi iddiaçıların ailə üzvü X2 vəfatından əvvəl mənzil növbəsinə götürlmədiyindən və ölümünün səbəbi hərbi xidmət vəzifələrinin icrası olmadığından işin faktiki halları qeyd edilən dispoziya şərtinə uyğun gəlmir.

29. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar