Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9418/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Cavabdeh ASC-yə qarşı “artıq ödəmənin tutulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Cavabdeh ASC-yə qarşı “artıq ödəmənin tutulması” tələbinə dair iddiası üzrə inzibati işə 22 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı (bundan sonra mətndə - DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 305,97 (üç yüz beş manat doxsan yeddi qəpik) manat artıq ödənilmiş vəsaitin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sığortaedən Cavabdeh ASC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə (bundan sonra altsistem) daxil edilmiş, mərhum X1 (SSN: **********692) aid haqq-hesab cədvəllərinə aşağıdakı cədvələ uyğun olaraq Nazirliyin tabeliyində DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında yenidən baxılmışdır; xx.xx.2020-xx.xx.2021-383,04; xx.xx.2021-xx.xx.2021-504,25; xx.xx.2021-xx.xx.2021-318,35; xx.xx.2021-xx.xx.2021- 514,99; xx.xx.2021-xx.xx.2021-357,62; xx.xx.2021-xx.xx.2021-482,11; xx.xx.2021xx.xx.2021-500,64; xx.xx.2021-xx.xx.2021-139,22; xx.xx.2021 -xx.xx.2021-285,98; xx.xx.2021-xx.xx.2021-467,90; xx.xx.2021-xx.xx.2022-449,95 olmaqla cəmi 4404,05 manat. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə müvafiq olaraq məcburi dövlət sosial sığortası üzrə ödəmələrin hesablanması, təyin edilməsi və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə (bundan sonra-Əsasnamə) uyğun olaraq həyata keçirilir. Belə ki, Əsasnamənin 8-ci hissəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir. Mərhum sığortaolunan M.Seyidovun xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixində əmək qabiliyyətinin müvəqqəti itirilməsinin bir ili tamam olmuşdur. Buna baxmayaraq, M.Sevidova aid SN 00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə müavinətlə bağlı ********************347707 nömrəli haqq-hesab cədvəli sığortaedən tərəfindən altsistemə daxil edilərkən səhvə yol verilmiş, əmək qabiliyyətinin itirilməsinin son tarixi xx.xx.2021-ci il qeyd edilməli olduğu halda, xx.xx.2022-ci il olaraq daxil edilmişdir (sözügedən dövr cədvəldə sonuncu sətirdə qeyd edilmişdir). Yəni, əmək qabiliyyətinin itirildiyi dövr xx.xx.2021-xx.xx.2021-ci ili əhatə etməli olduğu halda, sığortaedənin səhvindən xx.xx.2021-xx.xx.2022-ci il tarixi qeyd edilmişdir. Bunun nəticəsində xx.xx.2021-xx.xx.2022-ci ili əhatə edən dövr üzrə müavinət artıq ödənilmişdir. Əsasnaməyə 1 nömrəli əlavənin qeydində haqq-hesab cədvəlində göstərilən məlumatlara, o cümlədən məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətə və fiziki şəxslərin gəlir vergisinin hesablanmış məbləğinin dəqiqliyinə görə işəgötürən müəssisə və təşkilatın məsuliyyət daşıdığı göstərilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, xx.xx.2021-ci il tarixdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinin bir ili tamam olduğundan sığortaolunanın "xxxx" ASC-dəki ******************** nömrəli hesabına ödənilmiş 449,95 (dörd yüz qırx doqquz manat doxsan beş qəpik) manat müavinət məbləğindən artıq ödənilən 305,97 manat (üç yüz beş manat doxsan yeddi qəpik) müavinət məbləği sığortaedən tərəfindən Filialın xəzinə hesabına geri qaytarılmalıdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Nəzərə alınmalıdır ki, mübahisənin mahiyyəti inzibati orqan tərəfindən artıq ödənilmiş müavinətin geri qaytarılmalı olmasıdır. Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin aparılması, o cümlədən müavinətlərin verilməsi dövlət orqanının icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrindən və ya əqdlərindən deyil, fiziki və ya hüquqi şəxslərə münasibətdə hakimiyyət xarakterli faktiki fəaliyyətindən irəli gəlir. Hazırkı iddianın qaldırılması “Sosial sığorta haqqında” Qanunun 29-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 116-cı bəndinə uyğundur. Faktiki hallar və sübutlar: İş materialları ilə müəyyən olunur ki, mərhum sığortaolunan M.Seyidovun xx.xx.2020ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixində əmək qabiliyyətinin müvəqqəti itirilməsinin bir ili tamam olmuşdur. M.Sevidova aid SN 00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə müavinətlə bağlı haqq-hesab cədvəli sığortaedən tərəfindən altsistemə daxil edilərkən, əmək qabiliyyətinin itirilməsinin son tarixi xx.xx.2022-ci il olaraq daxil edilmişdir. Hazırda cavabdeh əmək qabiliyyətinin itirildiyi dövr xx.xx.2021-xx.xx.2021-ci ili əhatə etməli olduğunu, sığortaedənin səhvindən xx.xx.2021-xx.xx.2022-ci ili əhatə edən dövr üzrə müavinətin artıq ödənildiyini bildirir. Tətbiq edilən hüquq: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 16. Məcburi dövlət sosial sığorta ödəmələrinin təyin edilməsinin şərtləri və qaydası Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi iləmüəyyən edilir. Maddə 29. Mübahisələrə baxılması Sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, sığortaçı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin Qeyd hissəsi: Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”:
1. Bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. 1.1. Əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Müavinətin məbləği və hesablanması bu Əsasnamənin İİ hissəsində, təyin edilməsi və ödənilməsi isə Vİİ hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
6. Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
8. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir.
116. Artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Hər belə halda tutulan məbləğ sığortaolunanın əməkhaqqının 20 faizindən çox olmamalıdır. Hər bir belə halda geri qaytarılası məbləğ, sığortaolunana çatası vəsaitin 20 faizindən çox olmayaraq çıxılır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Fondun hesablarına köçürülür. Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Əsasnaməyə 1 nömrəli əlavənin qeydi: Haqq-hesab cədvəlində göstərilən məlumatlara, o cümlədən məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətə görə fiziki şəxslərin gəlir vergisinin hesablanmış məbləğinin dəqiqliyinə görə işəgötürən müəssisə və təşkilat məsulİyyət daşıyır.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Qanunvericliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, məcburi dövlət sosial sığortası üzrə müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığorta edənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” ilə tənzimlənir. Sözügedən Əsasnamənin 116-cı hissəsinə əsasən artıq verilmiş müavinət məbləğinin müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulduğu birbaşa qeyd olunmuşdur. Əgər, sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Əsasnamənin 119-cu və 123-cü hissələrinə əsasən müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da işçinin sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır. Göründüyü kimi, müavinətin artıq ödənilməsinə səbəb müəssisədir və işçi müəssisədə işləmirsə, yəni sığortaolunana hər hansı təsir mexanizmi yoxdursa həmin müavinəti geri qaytarmaq müəssisənin vəzifəsidir. Həmçinin, Əsasnaməyə 1 nömrəli əlavənin qeydində haqq-hesab cədvəlində göstərilən məlumatlara, o cümlədən məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətə və fiziki şəxslərin gəlir vergisinin hesablanmış məbləğinin dəqiqliyinə görə işəgötürən müəssisə və təşkilatın məsuliyyət daşıdığı göstərilmişdir. Belə ki, haqq-hesab cədvəllərinin MEİS-ə daxil edilməsindən sosial sığorta ödəməsinin sığortaolunanın bank hesabına köçürülməsinədək olan prosesin iştirakçıları sığortaçı və sığortaedəndir, sığortaolunan bu prosesin iştirakçısı deyil, müavinət məbləğinin hesablanmasında və daxil edilməsində hər hansı rolu yoxdur, yalnız əmək qabiliyyətinin olmaması vərəqəsini sığortaedənin mühasibatlığına təqdim etmək öhdəliyi var. Bu səbəbdən “Sosial sığorta haqqında” Qanunun 29-cu maddəsinə əsasən, sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə Əmək Məcəlləsinə əsasən, sığortaçı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır. Yəni sığortaçı ilə yalnız sığortaedən arasında mübahisə olduqda məsələyə məhkəmə qaydasında baxılır, sığortaçı ilə sığortaolunan arasında hər hansı qarşılıqlı fəaliyyət olmadığından aralarında mübahisə baş verməsi və mübahisənin həlli yolu nəzərdə tutulmamışdır. İş materiallarından göründüyü kimi, sığortaolunan M.Seyidovun əmək qabiliyyətinin itirildiyi dövr xx.xx.2021-ci ilədək olduğu halda, sığortaedənin səhvindən xx.xx.2022-ci il tarix qeyd edilmişdir. Bunun nəticəsində xx.xx.2021-xx.xx.2022-ci ili əhatə edən dövr üzrə müavinət artıq ödənilmişdir. Belə ki, xx.xx.2021-xx.xx.2022-ci il dövrü üzrə, 25 iş gününə görə 449,95 manat ödənilmişdir. Halbuki, xx.xx.2021-ci il tarixədək 8 iş gününə görə 143,98 manat ödənilməli idi. Yuxarıda da istinad edildiyi kimi, Əsasnaməyə 1 nömrəli əlavənin qeydində haqqhesab cədvəlində göstərilən məlumatlara, o cümlədən məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətə və fiziki şəxslərin gəlir vergisinin hesablanmış məbləğinin dəqiqliyinə görə işəgötürən müəssisə və təşkilatın məsuliyyət daşıdığı qeyd edilmişdir. Belə olan halda, sığortaoluna 449,95 manat müavinət məbləğindən artıq ödənilən 305,97 (449,95-143,98) manat Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ödənilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh ASC-dən 305,97 (üç yüz beş manat doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov