Məhkəmə qərarları › İş №2-1(112)-9421/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9421/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9421/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “əmrin ləğv olunması, işə bərpa olunması və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən 18.11 2022-ci il tarixdən işdən kənarlaşdırılmış hesab edilməsi barədə 26 dekabr 2022-ci il tarixli K 397 saylı əmrinin ləğv edilməsini; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsinə (əvvəlki iş yerinə) bərpa olunması; Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 (106)-562/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarı qəbul edildiyi gündən məcburi iş buraxma müddəti üçün ona 42.400 ( qırx iki min dörd yüz) manat pul manat əmək haqqı, ödənilməyən gecikdirilmiş əmək haqqının hər günü üçün 5% məbləğində də 243.600 (iki yüz qırx üç min altı yüz) manat, cəmi 286.000 (iki yüz səksən altı min) manat pul vəsaiti ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilib) İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1986-cı ildə Naxçıvan MR-nın Ordubad rayonu, Anabad kəndində doğulmuş, Azərbaycan Beynəlxalq Universitetinin və Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 2009-cu ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti) müxtəlif ərazi idarələrində hüquqşünas, qeydiyyat şöbəsinin rəisi, idarə rəisi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə 14 aprel 2020-ci il tarixli QK-39 nömrəli əmri, struktur dəyişikliyi ilə əlaqədar həmin Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin 14 fevral 2022-ci il tarixlı K-51 nömrəli əmri ilə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş və 18 noyabr 2022-ci il tarixədək həmin vəzifədə işləmişdir. Uzun illər layiqli kadr kimi qüsursuz işləmiş, dəfələrlə mükafatlandırılmış, işğaldan azad olunmuş ərazilərdə də xidməti vəzifəsini layiqincə yerinə yetirmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsində işlədiyi vaxt Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən qanunsuz və əsassız olaraq 16 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 noyabr 2022-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilməklə, həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və istintaq Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 20 dekabr 2022-ci il tarixli, ********* nömrəli məktubu əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin 26 dekabr 2022-ci il tarixli K 397 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən işdən kənarlaşdırılmış hesab edilmişdir. Barəsində olan cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılarkən bir il bir ay həbsdə saxlanıldıqdan sonra 17 dekabr 2023-cü il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. X1 Cinayətlər Məhkəməsinin 1(099)-22/2024 saylı, 19 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən həmin cinayətləri törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilmiş və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-562/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 768/2025 saylı, 06 mart 2025-ci il tarixli qərarı ilə bəraət hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-22/2024 saylı, 19 aprel 2024-cü il tarixli hökmü 17 oktyabr 2024-cü il tarixdə qanuni qüvvəyə mindiyindən 31 oktyabr 2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevə rəsmi ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən işdən kənarlaşdırılmış hesab edilməyi barədə 26 dekabr 2022-ci il tarixli K 397 saylı əmrin ləğv edilməsini və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsinə bərpa olunmağını xahiş etmiş. Müraciəti ilə məhkəmənin hökmünü və apellyasiya məhkəməsinin qərarını da əlavə etmişdir. Qeyd edilən müraciətinə cavab verilmədiyindən dəfələrlə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin səlahiyyətli şəxslərinin qəbulunda olmuş. Onlar hər dəfə ona tezliklə vəzifəsinə bərpa olunacağını bildirmişlər. Lakin işə bərpa olunmadığını görüb 29 noyabr 2024-cü il tarixdə əmək mübahisəsinin məhkəmədən kənar həll olunması məqsədilə tərəfindən Bakı şəhəri 20 saylı Mediasıya təşkilatına müraciət etsə belə, işə götürən tərəf ilkin mediasiya sessiyasında iştirak etmədiyindən bu barədə Mediasiya təşkilatı tərəfindən 25 dekabr 2024-cü il tarixli MŞB/20/2024-00583 saylı arayış verilmişdir. Həmin vaxt ona bildirildi ki, rəhbərlik onun müraciətinə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarından sonra cavab verəcək və iş müsbət həll ediləcəkdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının müvafiq qərarını təqdim etsə belə, hər dəfə ona ümidverici vəd verilsə də, işə bərpa olunmadığını görüb 07 aprel 2025-ci il tarixdə yenidən ərizə ilə müraciət etmiş və bununla bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının həmçinin prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. Vəsatətdə iddia ərizəsində qeyd edilənlər təkrarlanmış əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallardan başqa qalan bütün hallarda fərdi əmək müqaviləsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu sşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçı olaraq məhkəməyə müraciət etmək üçün 1 (bir) aylıq iddia müddəti yuxarıda qeyd etdiyi üzürlü səbəblərdən ötürülmüşdür. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə görə buraxılmış müddət bərpa edilə bilər. Cavabdeh yazılı vəsatət verərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatət onunla asaslandırılmışdır ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı qeyd olunan məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müraciətlərindən və iş materiallarından görünür ki, iddiaçı uzun müddət ərzində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmiş K-397 nömrəli, xx.xx.2022-ci il tarixli əmrdən məlumatlı olmuşdur (ərizələr əlavə olunur). Buna baxmayaraq, iddiaçı uzun müddət ərzində mübahisələndirilən əmrdən məlumatlı olsa da, iddia müddəti ötürülməklə xx.xx.2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq iddiaçıya məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər tərəflərin iştirakı ilə müzakirə edilmiş, iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. İddiaçının vəkili məhkəmə iclasında verdiyi izahatında prosessual müddətin bərpasına dair ərizənin təmin olunmasını, müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçı prosessual müddətin bərpasına dair ərizəni və iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi vəsatəti müdafiə edərək iddianın mümkünsüz sayılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, prosessual müddətin bərpa edilməsinə dair ərizə rədd edilməli, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddiaçının mübahisələndirdiyi əmr xx.xx.2022-ci il tarixlidir. İddiaçı həmin əmrdən xx.xx.2023-cü il tarixə kimi iddia verə bilərdi. İPM-in 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı hazırkı tələblə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən prosessual müddətin ötürülməsi işin mübahisələndirilməyən halıdır. Məhkəmə hesab edir ki, prosessual müddətin bərpa edilməsinə dair ərizədə qeyd edilənlər üzrlü hal sayıla bilməz. Belə ki, iddiaçı barəsində olan cinayət işi üzrə məhkəmə icraatı ilə bağlı qərarlara istinad edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-22/2024 saylı,19 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən həmin cinayətləri törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 308.1-ci maddələri ilə mənə bəraət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-562/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-768/2025 saylı, 06 mart 2025-ci il tarixli qərarı ilə bəraət hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cinayət Prosessual Məcəllənin 407.2-ci maddəsnə görə, apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. İddiaçı barəsində bərəat hökmü ilə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması ilə bağlı Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli qərarından sonra məhkəməyə müraciət etməmişdir. İddiaçı həmin vaxt məhkəməyə deyil, cavabdeh inzibati orqanın özünə müraciət etmişdir. Məhkəmə iddiaçının cavabdehə və Mediasiya şurasına müraciət etməsi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi hazrkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddialarda inzibati aktın ləğv edilməsi ilə bağlı həmin aktı qəbul etmiş inzibati orqanın özünə müraciət etmək şərti nəzərdə tutulmamışdır. İddiaçının Mediasiya Şurasına müraciət etməsi iddia müddətinin axımını dayandırmır. Çünki inzibati mübahisələrdə məcburi mediasiya prosesi nəzərdə tutulmamışdır. Qeyd edilən səbəblər üzrlü hesab edilməməklə iddiaçının qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə iddia vermək imkanının aradan qaldırmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır. İddiaçının digər tələbləri əmrin ləğv edilməsi tələbindən asılı tələblərdir, ona görə də, iddia tələbi həmin hissələrdə də mümkün sayılmamalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, prosessual müddətin bərpası barədə ərizə rədd edilməli və iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Prosessual müddətin bərpası barədə ərizə rədd edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “əmrin ləğv olunması, işə bərpa olunması və s.” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar