Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9426/2025 14.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair yeni çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri İcra Hakimiyyəti aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1995-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Azərbaycan prospekti, ev 28-də yerləşən 44 saylı mənzil X1 (bundan sonra – iddiaçı) xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 159 №-li Reyestr kitabında səhifə 66493, qeydəalma 30, 16669 nömrəli qeydiyyat aparılmışdır. Səbail rayon İcra Hakimiyyəti başçısının 501 saylı, xx.xx.1996-cı il tarixli Sərəncamına əsasən, Azərbaycan prospekti, 28 saylı evin 44 saylı mənzilinin sakini iddiaçıya mövcud eyvanın 2 metr enində genişləndirilməsinə icazə verilmişdir. İddiaçı həmin mənzil üzərində əvvəllər tanınmnış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2025-ci il tarixdə müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 501 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamının arxiv çıxarışı, həmçinin qeyd olunan mənzilə dair səlahiyyətli qurum tərəfindən təsdiq edilmiş plan – cizgi təqdim edilməmişdir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 501 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamı nəzərə alınmaqla xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 28-də yerləşən 44 nömrəli mənzilə dair onun adına yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, 16669 nömrəli, xx.xx.1995-ci il tarixli Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 28-də yerləşən 44 nömrəli mənzil xüsusi iddiaçının mülkiyyətindədir . Xüsusi mülkiyyətində olan mənzilinin eyvanında tərəfindən genişləndirmə aparılmışdır. Müvafiq genişləndirmənin aparılması üçün Səbail Rayon İcra Hakimiyyətinə müraciət etmiş, həmin icra hakimiyyətinin 501 nömrəli, xx.xx.1996-cı il tarixli Sərəncamı ilə ona mənzilin eyvanının genişləndirilməsinə icazə verilmişdir. Müvafiq genişləndirmənin mənzilin planında əks etdirilməsi Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 5 nömrəli Mənzil İstismar Sahəsinə tapşırılmış, həmin qurum tərəfindən də müvafiq cizgi tərtib edilmişdir. Müvafiq mənzilə yeni çıxarışın və texniki pasportun əldə edilməsi məqsədilə xx.xx.2025-ci il tarixində ********** ərizə nömrəsi ilə Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-11080/2025 **********80 nömrəli bildirişi əsasında müraciətinin icrasından qanunsuz və əsassız olaraq imtina etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübabisələndirilməyən hallarına əsasən Bakı şəhəri, Azərbaycan prospekti, ev 28-də yerləşən 44 saylı mənzil iddiaçının mülkiyyətindədir və mənzilə dair Bakı şəhəri İcra Hakimiyyəti aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1995-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. İddiaçı mənzilin balkonunda genişlədirmə işlərinin aparılması ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə müraciət etmiş və Səbail rayon İcra Hakimiyyəti başçısının 501 saylı, xx.xx.1996-cı il tarixli Sərəncamına əsasən iddiaçıya mövcud eyvanın 2 metr enində genişləndirilməsinə icazə verilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı genişləndirilmilş eyvan da daxil olmaqla mənzilə dair verilmiş Qeydiyyat Vəsiqəsinin yeni çıxarışla əvəz edilməsi, həmçinin mənzilə dair texniki pasportun tərtib edilməsinə yönəlmişdir. Cavabdehin imtina və etiraznın yeganə dəlili ondan ibarətdir ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 501 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamının arxiv çıxarışı, həmçinin qeyd olunan mənzilə dair səlahiyyətli qurum tərəfindən təsdiq edilmiş plan – cizgi təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabehin imtiasının əsası kimi istinad etdiyi hal əsassızdır. Belə ki, iddia tələbi iki hissədən ibarətdir:
1. mənzilə dair əvvəllər verilmiş Qeydiyyat Vəsiqəsinin yeni çıxarışla əvəz edilməsi;
2. Səbail rayon İcra Hakimiyyəti başçısının 501 saylı, xx.xx.1996-cı il tarixli Sərəncamı da nəzərə alınaraq mənzilə dair yeni çıxaırşın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi. 1-ci hissədə iddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi, 2-ci hissəyə dair tələbin qanuni əsasını isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23-cü maddəsi təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. İddiaçının mənzilinə dair Bakı şəhəri İcra Hakimiyyəti aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1995-ci il tarixli Qeydiyyat Vəsiqəsi verildiyindən həmin qeydiyyat öz hüquqi qüvvəsini saxlayır və iddiaçı yeni çıxarışın verilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 23. Yaşayış sahəsinin yenidən qurulmasının və yenidən planlaşdırılmasının növləri 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Maddə 24. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. (“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir) 24.5. Razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 24.6. Bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır. Məhkəmə iddiaçı tələbinin ikinci hissəsi ilə bağlı qeyd edir ki, Dövlət Arxivinin Bakı filialınən 9.04.2025-ci il tarixli məktubuna Səbail rayon İcra Hakimiyyəti başçısının 501 saylı, xx.xx.1996-cı il tarixli Sərəncamı, həmçinin həmin Sərəncam əlavə edilmiş mənzilin təsdiqlənmiş plan sxemi əlavə edilmişdir. Həmin plan sxemdə iddiaçının mənzilinin eyvanında əlavə edilmiş 2 metr enində, 9 metr uzununda eyvan sahəsi öz əksini tapmışdır. Göründüyü kimi, cavabdehin imtina əsası kimi qeyd etdiyi hal öz təsdiqini tapmır. Cavabdeh inzibati orqan inzibati icraat apararaq, arxiv idarəsinə sorğu verərək həmin Sərəncamın və mənzilin plan sxemin mövcud olub-olmamasını araşdırmaq əvəzinə iddiaçının müraciətini təmin etməkdən formal əsaslarla imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: ... 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə yeni çıxarışın və tezniki pasportun verilməsi üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 501 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamı nəzərə alınmaqla İddiaçı Məhəmməm qızının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 28-də yerləşən 44 nömrəli mənzilə dair yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov