Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9428/2024 02.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət etmişdir. Cavabdeh 19 aprel 2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, onun sığorta stajı 9 il 1 ay 26 gün təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək (işə daxil olma qeydində müəssisənin adı yazılmayıb), xx.xx.1986-cı il tarixindən xx.xx.1995-ci il tarixinədək (işdən çıxma əmrində kiril qrafikalı əlifbalı möhürdən istifadə edilib) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Sözügedən dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədlər (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) Bakı DOST Mərkəzlərinə təqdim edildikdən sonra təkrar müraciət əsasında həmin dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanlar nəzərə alınaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixindən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və İddiaçı xx.xx.1976-cı ildən xx.xx.2004-cü ilədək işləməsi dövrü sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının xx.xx.1976-cı ildən xx.xx.2004-cü ilədək işlədiyi dövrü sosial sığorta stajına daxil etməməklə əsassız olaraq xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin etmişdir. Halbuki, İddiaçı ümumilikdə 25 il, 8 ay, 17 gün ümumi əmək stajı vardır. Cavabdeh xx.xx.1986-cı il tarixindən xx.xx.1995-ci il tarixinədək işdən çıxma əmrində kiril qrafikalı əlifbalı möhürdən istifadə edilməsini və əmək kitabçasının doldurulma qaydasının pozulduğunu əsas tutaraq imtina vermişdir. Lakin, doldurulmanın hansı qaydada aparılmasını qeyd etməmişdir. Cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, C.Cabbarovanın təqdim etdiyi ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1986-cı il tarixədək olan əmək fəaliyyəti dövrləri daxil edilməklə, mübahisələndirilməyən sığorta stajı, ümumilikdə, 9 il 1 ay 26 gün təşkil edir və qanunvericiliyin minumum 25 il sosial sığorta stajı tələbi ödənilmir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək “1 nömrəli Tikiş Fabriki”ndə, xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" ASC-də işlədiyini iddia edir və həmin dövrlərin sığorta stajına daxil edilməsini xahiş edir. İddiaçı C.Cabbarovanın əmək kitabçasında qeyd olunan xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək mübahisələndirilən əmək fəaliyyəti dövləri aşağıdakı səbəbdən sığorta stajına daxil edilməmişdir. İddiaçının əmək kitabçasında xx.xx.1986-ci il tarixdə işə qəbul edilməsi barədə qeyd olsa da, xx.xx.1995-ci il tarixdə işdən çıxması barədə qeyd müvafiq müəssisənin möhürü ilə təsdiq edilməmişdir. Hesab olunur ki, işçinin işlədiyini təsdiq edən əsas sənəd əmək kitabçası olduğundan, həmin kitabçada işçinin işdən azad edilməsi barədə qeyd olmaması və ya tam olmaması əmək kitabçasının doldurulma qaydalarına uyğun olmadığını göstərir. Eyni zamanda, qeyd olunmalıdır ki, işdən çıxma barədə qeydin müəssisənin möhürü ilə təsdiqlənməməsi onun səlahiyyətli olmayan şəxs tərəfindən yazılması və ya müəssisənin olmamasına dəlalət edir. Bununla da hesab olunur ki, əmək kitabçasının düzgün doldurulmaması əmək kitabçasında xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixdək olan qeydlərin mötəbərliyinə dair əsaslı şübhə yaradır. Digər bir hal bundan ibarətdir ki, iddiaçının əmək kitabçasında xx.xx.1997-ci il tarixdə işə daxil olma qeydində müəssisənin adı yazılmamışdır. Hesab olunur ki, bu fakt əmək kitabçasının doldurulma qaydalarının kobud şəkildə pozuntusu olmaqla, əmək kitabçasında xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan qeydlərin mötəbərliyinə əsaslı şübhə yaradır. Əlavə olaraq bildirilir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərinə cavab verməsini yoxlayaraq hesab edir ki, iddia mümkün iddiadır. Çünki qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış iddiaçının ona pensiya təyin edilməsi barədə hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İnzibati orqanla arasında yaranmış bu mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisədir. İddiaçının məhkəməyə müraciət etdiyi tarixə qüvvədə olan İPM-in 8.1-ci maddəsinə əsasən iddia ərizəsi cavabdehin olduğu yer üzrə düzgün olaraq Bakı İnzibati Məhkəməsinə verilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl hazırkı tələblə inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır (birdəfəlik ödənilmə hissəsi istisna olmaqla). Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həm istinad olunan normaya, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.2-ci maddəsinə əsasən 1 iyul 2023 - 30 iyun 2024-cü il üzrə qadınların pensiya təyin edilməsi yaşı 63,6 yaşdır. Beləliklə, qeyd olunan normalardan görünür ki, yuxarıda göstərilən dövr üzrə qadınlara yaşa görə əmək pensiyası aşağıdakı şərtlər mövcud olduğu təqdirdə təyin edilir: 1) 63,6 yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, onun 63,6 yaşı xx.xx.2024-cü il tarixdə tamam olmuşdur. Göründüyü kimi, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etdiyi tarixə onun artıq 63,6 yaşı tamam olmuşdur. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan birinci şərt, yəni yaş tələbi ödənilir. İş materiallarından görünür ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır və topladığı əmək stajının kapitalı çevrilməsi nəticəsində əldə edilən pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, işdə olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 01.01,2006-cı il tarixinədək 9 il 1 ay 26 gün sığorta stajına uyğun olaraq fərdi şəxsi hesabının sığorta hissəsində 9225,56 manat pensiya kapitalı qeydə alınmışdır. xx.xx.2006-cı il tarixindən sonra iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il sığorta stajı olmalıdır. İş materiallarında olan iddiaçıya məxsus ИT-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1976-xx.xx.1979-cu illərdə 11 nömrəli internat məktəbində texniki işçi, xx.xx.1980-xx.xx.1986-cı illərdə 11 nömrəli internat məktəbində, xx.xx.1986xx.xx.1995-ci illərdə X2 ütləyən, xx.xx.1997-xx.xx.2004-cü illərdə 1 nömrəli Tikiş fabrikasında sərici vəzifəsində işləmişdir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İstinad olunan normalar nəzərə alınmaqla iddiaçının diplomunu və əmək kitabçasındakı qeydləri əsas götürdükdə aydın olur ki, o, 63,6 yaşının tamam olduğu tarixə xx.xx.2024-cü il tarixədək cəmi 25 il 08 ay 21 gün ümumi sığorta stajına malik olmuşdur. İşdən görünür ki, cavabdeh bu halı qəbul etməmiş, iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək “1 nömrəli Tikiş Fabriki”ndə, xx.xx.1997-ci il tarixdən xx.xx.2004cü il tarixədək işlədiyi dövrü mübahisələndirməklə, onun iş stajına daxil etməmişdir. Cavabdeh bu zaman xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək dövrü üzrə işə daxil olma qeydində müəssisənin adının yazılmamasına, xx.xx.1986-cı il tarixindən xx.xx.1995-ci il tarixinədək olan dövr üzrə isə işdən çıxma əmrində kiril qrafikalı əlifbalı möhürdən istifadə edilməsinə istinad etmişdir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır və qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Pensiya hüququ yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; İşin yuxarıda istinad olunan hallarından məlum olur ki, cavabdehin qəbul etmədiyi xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr üzrə qeydlər onun əmək kitabçasında öz əksini tapmışdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən, əmək kitabçasının doldurulması işəgötürən vəzifələrinə aid edildiyindən və bu məsələ iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Belə ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Mübahisələndirilən dövrlə bağlı əmək kitabçasında qeyd edilən dövr ilə əlaqədar işə daxil olma qeydindən müəssisənin adının yazılmaması, işdən çıxma əmrinin kiril qrafikası ilə yazılması və ya digər oxşar hallar, iddiaçının sərbəst iradəsinə əsaslanaraq həyata keçirilmiş hərəkətlər kimi qiymətləndirilə bilməz. Bu cür hallara görə məsuliyyəti işəgötürən və onun müəyyən etdiyi səlahiyyətli şəxs daşımalıdır. İşəgötürən və ya səlahiyyətli şəxsin məsuliyyətinin birbaşa iddiaçıya şamil edilməsi hüquqi baxımından əsasız hesab olunur. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, “1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 1105 nömrəli sərəncamı ilə “Sənaye-Ticarət” X3 Zəhmət Kombinatının 1 №li Tikiş Fabrikinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2002-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında İddiaçı sərici vəzifəsində işlədiyi göstərilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasında mübahisəli dövr ilə əlaqədar əmək kitabçasının doldurulma qaydasının pozulması qəbul edilsə belə, işin halları ilə iddiaçının həmin müəssisədə işləməsi səlahiyyətli qurumlar tərəfindən verilmiş arayış ilə öz təsdiqini tapır. “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin birinci abzasına əsasən 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Lakin işdən görünür ki, cavabdeh heç bir əsaslı şübhə olmadan iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr üzrə sığorta stajını qəbul etməmiş, bununla iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. ƏPQ-nin: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, sadalananlara əsasən iddiaçının xx.xx.2024-cü il tarixdə 63,6 yaşı tamam olduğundan və onun həmin tarixə 25 ildən artıq ümumi sığorta stajına malik olması tam sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə iddiaçının tələbinin digər hissəsi ilə bağlı – ödənilməmiş fərqin birdəfəlik ödənilməsinə münasibətdə isə hesab edir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1 yanvar 2019cu il tarixdən qüvvəyə minmiş ikinci cümləsinə əsasən bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, hazırda qüvvədə olan qanunvericiliyin müddəalarında şəxsə ödənilməmiş pensiya vəsaitinin birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Cavabdeh yalnız ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsini həyata keçirmək səlahiyyətinə malikdir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı tələb kimi imtinanın etibarsızlığını qeyd etsə də, iddia ərizəsindən görünür ki, o həmin imtinanın qanuna uyğun olmadığını nəzərdə tutmuşdur). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. İddiaçı Ələsgər qızına 63,6 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Səlma Salahova