Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-943/2022 20.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “təsdiqlənməmiş azalmanın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2021-ci il tarixli, **********698100 nömrəli qərarına əsasən azaldılan 235.380,93 manat vergi məbləğinin büdcəsinin şəxsi hesab vərəqəsində həmin məbləğin təsdiqlənməmiş azalma kimi öz əksini tapmışdır ki, həmin təsdqilənməmiş azalmanın ləğv edilməsini və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzrəinə qoyularaq İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən həmin təsdiqlənməmiş azalmanın silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən cəmiyyətə xx.xx.2021-ci il tarixli, **********698100 nömrəli qərarla 235 380.93 manat vergi azaldılmış lakin təsdiqlənməmiş azalma kimi büdcənin şəxsi hesab vərəqəsində əks olunaraq borc kimi hesablanmışdır. Vergi qanunvericiliyinin tələbləri kobud şəkildə pozmaqla 235.380,93 təsdiqlənməmiş azalma yenidən borc kimi öhdəliyimizə qoyulmuşdur. Halbuki, cəmiyyət vergiləri və icbari ödənişləri vaxtı-vaxtında və qanunvericiliyə uyğun olaraq ödəmiş və cəmiyyətin dövlət büdcəsinə vergi borcu mövcud deyil. Vergi borcunun hesablanması hər hansı mötəbər sənədlərə və ya dəlillərlə sübuta yetirilmir.
3. İddiaçı eyni məzmunda təkrar ərizələr məhkəməyə təqdim etmişdir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Mümkünlük şərtlərinin müvcudluğunu isə məhkəmə tərəfin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hazırkı iddia ərizəsi ilə iddiaçı tərəfindən mübahisələndirilən qərarlar barədə kifayət qədər məlumatının olduğu tarixdən uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir ki, bu da onun tərəfindən prosessual müddətlər keçdikdən sonra məhkəməyə müraciət etdiyini subut edir. Belə ki, iddiaçı xx.xx.2016-cı il tarixdə qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət edərək “Sənədlərin elektron formada mübadiləsinə dair müqavilə” bağlamışdır. Vergi ödəyicisi ilə vergi orqanı arasında müvafiq (xx.xx.2016-cı il tarixlərdə bağlanmış “Elektron sənəd mübadiləsi haqqında”) müqavilə bağlandığından və həmin müqavilə ləğv edilmədiyindən, eləcə də sözügedən müqavilənin 4.1.7-ci maddəsinin şərtlərinə əsasən vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq lazımı tədbirlər görmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən edilmişdir. Qeyd edilən müqavilənin tələblərinə əsasən xx.xx.2021-ci il tarixli **********69810Ö saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar” iddiaçının elektron qovluğuna göndərilməsi təmin edilmiş və həmin qərar xx.xx.2021-ci il tarixdə onun tərəfindən elektron qaydada oxunmuşdur. Göründüyü kimi iddiaçı qərar onun tərəfindən qəbul edildikdən uzun müddət keçəndən sonra məhkəməyə müraciət etmişdir.
5. Vergilərin, sosial sığora və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********698100 nömrəli qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 111.565,87 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi 346.946,80 manat olmaqla verginin azaldılmış məbləği -235.380,93 müəyyən edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisinin xx.xx.2017-ci il tarixə 2 341 272,43 manat mal qalığının olduğu, xx.xx.2017-xx.xx.2018-ci illər ərzində 4 197 086,2 manat məbləğində malların idxal olunduğu müəyyən edilmişdir. Qeyd olunan dövr ərzində vergiyə cəlb edilən dövriyyə 5 431 961,56 manat göstərilmişdir. İdxal etdiyi mallara ticarət əlavəsi tətbiq edilməklə 2018-ci ilin iyun ayı ƏDV bəyannaməsinə 2 506 621,82 manat dövriyyə hesablanmışdır. Tətbiq edilmiş ticarət əlavəsinin azaldılaraq 2018-ci ilin iyun ayı ƏDV bəyannaməsində dövriyyənin 1307671,82 manat azaldılmaqla 1198950,0 manat göstərilməsi nəzərdə tutulur.
6. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək bildirilmişdir ki, iddia tələbini hüquqi marağına uyğun olaraq xx.xx.2021-ci il tarixli **********698100 nömrəli qərarın ləğv edilməsi kimi dəyişdirilməsini və həmin qərarın iddiaçıya təqdim olunma tarixi barədə məlumatın məhkəməyə təqdim edilməsini təklif edilmişdir. İddia tələbinin həmin tələblərə uyğunlaşdırılmamasının onun mümkünsülüyünə səbəb olması izah edilmişdir.
7. Məhkəmənin hazırlıq icraatı üzrə əvvəlki iclasında iddiaçının nümayəndəsi (vəkili) iştirak etmiş və iddia tələbinə qeyd edilən tələb üzrə baxılmalı olduğu bildirilmişdir.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın mümkünlüyü
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
10. Məhkəmə qeyd edir ki, iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Bununla bağlı iddiaçıya hüquqi marağına uyğun iddianın qaldırılması ilə bağlı hüquqi yardım göstərilməsinə baxmayaraq, iddia tələbi dəqiqləşdirilməmişdir (dəyişdirilməmişdir).
11. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, o, hüquqi marağına uyğun olaraq vergi orqanının müvafiq qərarını mübahisələndirə bilər.
12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
13. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva