Məhkəmə qərarları › İş №2-1(112)-9438/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9438/2021

20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9438/2021 20.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən ümumi sahəsi 306 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının tanınmasına dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının tanınmasına dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 20.12.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər Binəqədı Rayon İcra Hakimiyyətinin 16.05.2017-ci ıl tarixli, № 115 saylı Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən, uzun illərdir istifadəsində olan torpaq sahəsində mövcud olan yarımtikilini sökərək yerində yeni tikilən qeyri-yaşayış sahəsi iddiaçının adına sənədləşdirilmişdir. Bununla əlaqədar olaraq, həmin qeyri-yaşayış sahəsinin dövlət reyestrində mülkiyyətinə verilməklə adına reyestrdən çıxarışın verilməsi üçün iddiaçı ərizə ilə cavabdeh orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi imtina məktubu ilə cavab verərək hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən ı iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsinə dair etirazda göstərmişdir ki, Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı elektron kadastr məlumatlarına əsasən təqdim edilən ayrıc aktında qeyd edilən koordinatlarla faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi ümumi istifadədə olan yol kənarında yerləşir. Həmçinin, qeyri-yaşayış binasına dair müvafiq icra hakimiyyəti ilə razılaşdırılmış layihə, tikinti obyektinin istismara icazə sənədləri və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair icarə müqaviləsi təqdim edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan: -Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 18 iyul 2007-ci il tarixli Qərarı ilə Binəqədi rayonu, 7 mkr.,S.S.Axundov küçəsi 151 saylı uşağ bağçasının yanında 180 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün əlavə edilmiş çizgi əsasında vət.İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. -Binəqədi rayonu Binəqədi Bələdiyyəsi (Satıcı) ilə İddiaçı (Alıcı) arasında bağlanmış 18.07.2007-ci il tarixli, 119 saylı müqavilədən görünür ki, alıcı müqavilədə müəyyən edilmiş haqq müqabilində Bakı şəhəri, 7-ci mkr., S.S.Axundov küçəsi, 151 saylı bağçanın yanında 180 kv.m torpaq sahəsini almışdır. -Eskiz layihədən görünür Bakı şəhəri, 7-ci mkr., S.S.Axundov küçəsində yerləşən qeyriyaşayış binasına dair eskiz layihəsi tərtib edilmişdir. Layihədə mərtəbələrin, damın və fasadın planı əks olunmuş, müvafiq ölçüləri göstərilmişdir. Qeyd olunan eskiz layihəsi Binəqədi RİH memarı tərəfindən imzalanmaqla, rayon icra hakimiyyətinin möhürü ilə təsdiq edilmişdir. -Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 16.05.2017-ci il tarixli, 115 saylı Sərəncamı ilə vətəndaş İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində uzun illərdir istifadəsində olan 180 kv.m torpaq sahəsində ərazinin ümumi memarlıq görüntüsünə xələl gətirən yarımtikilin sökülərək yerində təqdim edilən layihə (“Təmirçi” Şəxsi kiçik müəssisəsinin işi) əsasında yeni qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir. Qeyri-yaşayış binasının tikintisinə dair torpaq sahəsinin ayrıca aktı verilmişdir. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 01.07.2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə elektron kadastr məlumatlarına əsasən təqdim edilən ayrıc aktında qeyd edilən koordinatlarla faktiki vəziyyət arasında uyğunsuzluq mövcud olduğunu və qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin ümumi istifadədə olan yol kənarında yerləşdiyinə, həmçinin,qeyri-yaşayış binasına dair müvafiq icra hakimiyyəti ilə razılaşdırılmış layihə, tikinti obyektinin istismarına icazə sənədləri və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə icarə müqaviləsinin təqdim edilmədiyinə istinad edərək, iddiaçının müraciətinin həllindən imtina etmişdir. Beləliklə işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, cavabdehin imtina məktubunda göstərdiyi imtina əsasları əsassızdır, çünki, iddiaçının mübahisə predmetini təşkil qeyri-yaşayış sahəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş sənədlərə malikdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: -74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektləri müəyyən edilmişdir ki, hazırki idda üzrə mübahisə predmetini təşkil edən əmlak həmin maddədə səciyyələnmiş obyektlərə aid deyildir. -80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dən) inşa edilən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə: - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; -müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə; - müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərar; - istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur -8.0.10.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektlərinə münasibətdə: - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, -müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, -müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, -tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Şərh olunan qanunvericilyin müddəalarından göründüyü kimi, 01.01.2013-cü il tarixdən sonra inşa edilmiş daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün tikintisinə icazə tələb olunan və məlumatlandırma icraatı tələb olunan tikililəri münasibətdə sənədlərin əhatə dairəsi fərqləndirilmişdir. Hazırki iddia predmetini təşkil edən qeyri-yaşayış sahəsinin 01.01.2013-cü ildən əvvəl və ya sonra inşa edilməsi hər hansı bir əhəmiyyət kəsb etmir. Belə ki, həmin qeyri-yaşayış sahəsi tikintisinə icazə tələb olunan tikili olduğundan, həmin qeyri-yaşayış üzərində mülkiyyət hüquqlarının qeydiyyat alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9.2-ci maddəsində və ya 8.0.10.1-ci maddəsində səciyyələnmiş sənədlər təqdim edilməlidir. Məhkəmə iddianın mahiyyəti üzrə əsaslı olmasına keçməzdən əvvəl, cavabdehin imtina üçün göstərdiyi əsasları bir daha vurğulayır. Belə ki, cavabdeh iddiaçının müraciətinə imtina edərkən 3 halı əsas götürmüşdür: Ayrıc aktında qeyd edilən koordinatlarla faktiki vəziyyət arasında uyğunsuzluq mövcud olduğu; Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ümumi istifadədə olan yol kənarında yerləşməsi; Qeyri-yaşayış sahəsi ilə bağlı sənədlərin olmaması. Məhkəmə imtina məktubunda göstərilən birinci əsasa münasibətdə bildirir ki, cavabdeh imtina məktubunda Ayrıc aktında qeyd edilən koordinatlarla faktiki vəziyyət arasında uyğunsuzluq mövcud olduğunu qeyd etsə də, həmin uyğunsuzluğun nədən ibarət olmasını, bunu təsdiq edən xəritədən çıxarışı təqdim etməmiş, yalnız formal mülahizələrə söykənmişdir. Məhkəmə hesab edir ki, imtina məktubunda göstərilən birinci əsas ilə bağlı sübutetmə yükü cavabdehin üzərində olduğundan və imtina məktubunda göstərilən birinci əsas üzrə hər hansı mötəbər sübut təqdim olunmadığından, imtina məktubunun birinci hissəsi əsassızdır. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ümumi istifadədə olan yol kənarında yerləşməsi ilə bağlı cavabdeh tərəfindən irəli sürülən mülahizələrə münasibətdə məhkəmə bildirir ki, bu hal məhkəmə icraatı zamanı təqdim olunmuş 30 sentyabr 2021-ci il tarixli müqavilənin mövcudluğu ilə təkzib olunmuşdur. Belə ki, hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 30.09.2021-ci il tarixli, 853 №-li müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı arasında müqavilə münasibətləri olmuş, həmin münasibətlər zənnində ünvan 1 ünvanındaki qeyri-yaşayış binasının yerləşdiyi 187,7 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə verilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sözügedən müqaviləni bağlayaraq qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ümumi istifadədə olan yol kənarında yerləşmədiyini öz iradə ifadəsi ilə nümayiş etdirərək, həmin torpaq sahəsini iddiaçının icarəsinə vermişdir. Bununla da cavabdehin imtina məktubunda göstərdiyi ikinci əsas aradan qalxmış olur. Məhkəmə son olaraq iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının olub-olmamasına münasibətdə bildirir ki, hazırki iddia tələbinin predmetini təşkil edən əmlak qeyri-yaşayış sahəsi olduğundan, həmin əmlak üzərində mükiyyət hüquqlarının qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9.2-ci və ya 8.0.10.1-ci maddələrində səciyyələnmiş sənədlər mövcud olmalıdır. Məhkəmə bildirir ki, yuxarıda bu maddələrin şərhi ətraflı olaraq göstərilmişdir. Bunun əsasında məhkəmə tərəfindən aparılmış olan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə münasibətdə icarə hüququ olmuş, qeyri-yaşayış sahəsinin özünə münasibətdə isə zəruri olan sənədlər mövcud olmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin Sərəncamına əsasən iddiaçıya ayrıc aktına əsasən qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilmiş, qeyrisahəsi ilə bağlı eskiz layihəsi tərtib edilmiş və Binəqədi RİH ilə razılaşdırılmışdır. Göründüyü kimi, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələbləri baxımında qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını tam əldə etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan qeyri-yaşayış sahəsi üzərindəki hüquqlarının tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur.Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının tanınmasına dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə qərara aldı: İddiaçının iddiası təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar