Məhkəmə qərarları › İş №2-1(112)-9438/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9438/2022

15.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9438/2022 15.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı "protokolun ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qanunsuz və əsassız olduğuna görə cavabdehin onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib edilmiş 12 may 2022-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, fiziki şəxs kimi (VÖEN **********) qanunla müəyyən edilmiş qaydada vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və vergi orqanlarına müvafiq qaydada və müddətlərdə vergi hesabatlarını təqdim etmişdir. Lakin 18 may 2022-ci il tarixdə ona məlum olmuşdur ki, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankınının Hüquq Departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov fiziki şəxs kimi iddiaçı tərəfindən 22 aprel 2020-ci il tarixdə xaricə köçürülmüş və 2 il müddət keçsə də, 3200000,00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edilmədiyi və valyuta vəsaitinin geri qaytarılmaması qənaətinə gəlinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında 12 may 2022-ci il tarixli, EP seriyalı, ******* nömrəli protokol tərtib etmişdir. Cavabdehin iddiaçı barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Ona görə ki, faktiki olaraq fiziki şəxs kimi onun tərəfindən həmin inzibati xəta törədilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı 3200000.00 Rusiya rublu məbləğində vəsaiti 22 aprel 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 3200000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 23 Aprel 2022-ci il tarixdə törədilmişdir. Nəticədə İddiaçı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cavabdeh iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya bildiriş göndərmiş və E.X1 Məcəlləsinin (İXM) 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilən vəzifəli şəxs qismində xx.xx.2022-ci il tarixdə saat 15:00-da videokonfrans formatında işə baxılmasında iştirak üçün dəvət etmişdir. İddiaçı hazırda onun barəsində tərtib edilən həmin protokolu mübahisələndirərək ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-nin 1.1-ci maddəsi). Qanunun normasına əsasən inzibati məhkəmə icraatı qaydasında yalnız inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2.2-ci maddəsinə əsasən həmin Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Məhkəmə qeyd edir ki, əməl o zaman inzibati xəta sayılır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra –İXM) Xüsusi hissəsində inzibati xəta kimi müəyyən edilsin və onun törədilməsinə görə məsuliyyət nəzərdə tutulsun. İnzibati tənbeh, bir qayda olaraq, inzibati xəta törədən şəxsə qarşı tətbiq edilir, bu da inzibati xəta törədən şəxsin maddi və mənəvi təsirə məruz qalması ilə ifadə olunur. Bəzi inzibati tənbehlər özündə eyni zamanda həm mənəvi, həm də maddi təsirləri birləşdirir və yaxud onun tətbiqi inzibati xəta törədən şəxsin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılması ilə nəticələnir. Bu tənbehlər səlahiyyətli dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən tətbiq olunur. İnzibati mübahisələr isə digər hüquqi təbiətə malikdirlər. İnzibati hüquqi mübahisələr dedikdə, inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə yaranan mübahisələr başa düşülür. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlı olur. İşin yuxarıda sadalanan hallarından aydın olur ki, iddiaçının ləğv olunmasını xahiş etdiyi protokol cavabdehin inzibati xəta üzrə fəaliyyətinin birbaşa nəticəsi olmaqla inzibati xəta haqqında iş üzrə icraat zamanı tərtib olunmuşdur. Buna görə də yuxarıda istinad olunan normaların tələblərinə əsasən həmin protokolun ləğvindən ibarət hazırkı tələbə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-in 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə). Məhkəmə iddiaçıya izah edir ki, iddiaçı hazırda inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etsə də, həmin protokol özlüyündə mübahisələndirilə bilməz. İddiaçı həmin protokola əsasən onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul ediləcəyi halda, həmin qərarı yuxarı səlahiyyətli orqana və ya yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə müraciət etməklə mübahisələndirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar