Məhkəmə qərarları › İş №2-1(112)-944/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-944/2023

13.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-944/2023 13.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi İddiaçı cavabdeh Azərbaycan X1rşı zərərin ödənilməsi və s tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı zərərin ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, avtomobili idarə etdiyi zaman avtomobil yolda yağlı mayenin tökülməsi səbəbindən sürüşmüş və nəticədə avtomobil səkiyə dəyərək əzilmiş və avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə qərarı ilə iddiaçının yol nəqliyyat hadisəsində təqsirinin olmaması da öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən yolda yağlı maye olmasına baxmayaraq hər hansı xəbərdaredici nişan qoyulmamışdır. Qeyd olunur ki, avtomobil yolları və həmçinin təhlükəsizliyinin təmin edilməsi sahəsi üzrə birdən çox mərkəzi, yerli icra hakimiyyəti orqanlar, həmçinin hüquqi şəxslər səlahiyyətli qurum qismində çıxış etdiyindən, həmçinin məhkəmə sorğularına cavab məktublarında da adıçəkilən qurumların əksər hissəsi tərəfindən tam cavablar təqdim edilmədiyindən, hazırkı iddiaya cavab verməli olan inzibati orqanın müəyyənləşdirilməsi zərurəti ilə əlaqədar bir-neçə dəfə üçüncü şəxsin məhkəmə icraatına cəlb edilməsi, həmçinin cavabdehin bir-neçə dəfə dəyişdirilməsi halları yaranmışdır. Belə ki, ilkin olaraq məhkəmə qərardadı ilə Nərimanov Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra bir digər qərardadla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ikinci cavabdeh qismində tanınmışdır. Daha sonra növbəti bir qərardadla Nərimanov Rayon İcra Hakimiyyəti əsl cavabdeh qismində tanınmış və cavabdehlər Nərimanov Rayon İcra Hakimiyyəti ilə əvəz edilmiş, Baş Dövlət Yol Polis İdarəsi isə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Nəhayət Nərimanov Rayon İcra Hakimiyyətinin məhkəmə iclasında iştirak etmiş nümayəndəsinin təqdim etdiyi sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir və bu səbəbdən də həmin Agentlik əsl cavabdeh qismində müəyyən edilmişdir. Belə ki, “Avtomobil yolları haqqında” Qanunun:

6. Respublika ərazisində dövlət mülkiyyətinə aid edilən, bütün yaşayış məntəqələri, dövlət müəssisələri və ictimai infrastruktur obyektləri arasında yük və sərnişin daşınmasına, habelə ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin güclənməsinə təminat yaradan respublika və yerli əhəmiyyətli, şəhər və sahə avtomobil yolları dövlət avtomobil yollarının tərkibinə daxil edilir. Dövlət avtomobil yollarının təsnifatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tərtib və təsdiq edilir. 10-1. Şəhər avtomobil yolları ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla, şəhərlərin inzibati-ərazi hüdudları daxilindəki küçə və prospektləri əhatə edir. Şəhər avtomobil yolları şəbəkəsinin idarə olunması, təmiri, saxlanılması, qorunması və vəziyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir. Şəhər avtomobil yollarının təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 299 nömrəli 10 mart 2000-ci il tarixli Fərmanının: 2.13. həmin Qanunun 10-1-ci maddəsinin ikinci hissəsində (balansına verilmiş avtomobil yollarına münasibətdə) “qurum” dedikdə, habelə Qanunun mətnində “yol təsərrüfatı orqanı” (dövlət avtomobil yollarına münasibətdə) dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur Həmçinin, “Yol hərəkəti haqqında” Qanunun:

10. İİ. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün avtomobil yollarının bu maddənin birinci hissəsinin tələblərinə uyğun olaraq saxlanılmamasına, qorunmamasına və abadlaşdırılmamasına, habelə avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə 1) dövlət əhəmiyyətli avtomobil yolları üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 nömrəli 22 noyabr 1998-ci il tarixli Fərmanının: 2.33. həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinin 1-ci bəndində “qurum” dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur. Göründüyü kimi dövlət avtomobil yollarının tərkib hissəsi kimi şəhər avtomobil yolllarının, həmçinin iddiaçının avtomobilinə zərər dəymiş şəhər avtomobil yolunun saxlanılmasına, qorunmasına, ümumilikdə vəziyyətinə nəzarət Dövlət Agentliyinin vəzifəsidir. Bununla əlaqədar, həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 1992 nömrəli 22 fevral 2007-ci il tarixli Sərəncamının:

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 3.1. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsini hazırlayıb razılaşdırmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 3.2. Bakı şəhərində yerləşən şəhər avtomobil yollarının idarə olunması, təmiri və vəziyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə onların Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin balansına verilməsini təmin etsin. iş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 fevral tarixli 52 s saylı Sərəncamının icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının 09 mart 2007-ci il tarixli 89 nömrəli Sərəncamına əsasən respublika əhəmiyyətli küçə, prospekt və yolların Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "xxxx" ASC-nin balansına verilməsinin təmin edilməsi qərara alınmışdır. Göründüyü kimi yol nəqliyyat hadisəsinin baş verdiyi şəhər avtomobil yolunun balanssaxlayıcı cavabdehdir və onun saxlanılması, qorunmasında, ümumilikdə vəziyyətinə nəzarətin həyata keçirilməsində səlahiyyətli qurum qismində də həmin inzibati orqan çıxış edir. Həmçinin, məhkəmənin üçüncü şəxs qismində cəlb edilmə barədə qərardadları ləğv edilərək Nərimanov Rayon İcra Hakimiyyəti və Baş Dövlət Yol Polis İdarəsi cəlb edilməmiş hesab edilmişdir. Eyni zamanda qeyd olunur ki, iddiaçı iddia tələbinə dəqiqləşmə verərək maddi ziyandan əlavə 10 min manat məbləğində mənəvi zərərin ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Göründüyü kimi hazırda iddia Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən maddi və mənəvi zərərin ödənilməsi ilə bağlıdır. Məhkəmə 13 fevral 2023-cü il tarixli qərardadı ilə iddia bir hissədə, yəni mənəvi zərərin ödənilməsi hissəsində mümkün sayılmamışdır. Beləliklə, hazırkı iş üzrə iddiaya mahiyyəti üzrə maddi zərərin ödənilməsi ilə bağlı hissədə baxılmamaqdadır ki, məhkəmə həmin hissədə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi adıçəkilən hissədə onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin adıçəkilən hissədə mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, maddi zərərin ödənilməsi ilə bağlı iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin faktiki hallarından da müəyyən edilir ki, iddianın mahiyyəti yola yağlı maye dağıdılması səbəbindən iddiaçının avtomobilinə zərər dəyməsi ilə bağlıdır. Yuxarıda da qeyd edildiyi kimi yolun saxlanılması, qorunması və vəziyyətinə nəzarətin həyata keçirilməsində müvafiq səlahiyyət və vəzifələrin cavabdehə münasibətdə müəyyən edilməsi qeyd olunan şəhər əhəmiyyətli yollarda baş vermiş hər yol nəqliyyat hadisəsində dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehə birbaşa vəzifə müəyyən etmir və baş vermiş yol nəqliyyat hadisəsinin xüsusiyyətlərindən asılı olaraq zərərin ödənilməsinin təmin edilməsindən söhbət gedə bilər. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, kompensasiya növündə iddialarla bağlı sübutetmə AR İPM-nin 14.3-cü maddəsi ilə tənzimlənir. Doğrudur iddia məcburetmə növündə iddia olmasa da məcburetmə və kompensasiya növündə iddialar nəzəri olaraq öhdəliyin icrası növündə iddia hesab edildiyindən sübutetmə baxımından prosessual qanunvericilikdə AR İPM-nin 14-cü maddəsinə əsasən həmin iddialar üzrə faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmçinin, qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırkı iş üzrə tətbiq edilməli maddi və prosessual hüquq normalarının tələbindən göründüyü kimi inzibati orqanın şəxsə münasibətdə zərərin ödənilməsi öhdəliyi onun hərəkət və ya hərəkətsizliyi ilə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcudluğundan asılıdır. Yəni, əgər cavabdeh inzibati orqan hərəkət və (və ya) hərəkətsizlik törətməsi nəticəsində iddiaçıya maddi ziyan dəymişdirsə həmin zərərin ödənilməsi mümkündür. Hazırkı növ işlərdə səbəbli əlaqənin mövcudluğunu sübut etmək vəzifəsi isə iddiaçı tərəfindən həyata keçirilməlidir ki, iddiaçı qeyd olunan halı sübut edə bilməmiş, məhkəmə araşdırması zamanı da həmin hal öz təsdiqini tapmamışdır. İş materiallarından müəyyən edilir ki, kimi iddiaçı yol nəqliyyat hadisəsində öz təqsirsizliyini sübut etsə də məhz cavabdehin təqsirini sübut edə bilməmiş, məhkəmə araşdırması zamanı da təqsirin mövcudluğu müəyyən edilə bilməmişdir. Belə ki, yolun maye dağılmış hissəsinə mayenin dağıdılmanın konkret müddəti, cavabdehin həmin yola nəzarətinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirildiyinin müəyyən edilməsi ilə əlaqədar videomaterialın aidiyyəti daxili işlər orqanlarından məhkəməyə təqdim edilməsi ilə bağlı sorğular verilmiş, lakin görüntülərin arxivdə saxlanılma müddəti 30 gün olduğundan təqdim edilməsinin mümkün olmaması barədə 25 avqust 2022-ci il tarixli X3 Xidməti tərəfindən məhkəməyə məlumat verilmişdir. Göründüyü kimi avtomobil yoluna mayenin nə vaxt dağılması, mayenin dağılma müddəti ilə yol nəqliyyat hadisəsi arasında zaman intervalı müəyyən edilə bilinmədiyindən, cavabdehin baş vermiş hadisə ilə bağlı mayenin təmizlənməsinə, yolun qorunmasına münasibətdə hər hansı təqsirli hərəkətlərə yol verməsi müəyyən edilmir. Başqa sözlə yola cavabdehin ümumi nəzarət funksiyası müəyyən çərçivədə həyata keçirilə bilər. Bu zaman yolda baş verən hadisəyə münasibətdə dövlət orqanın səlahiyyətləri daxilində reaksiyası da məntiq çərçivəsində qiymətləndirilməlidir. Bu zaman yola maye dağılması kimi baş verməsi mümkün olacaq hadisələrdə qısa müddət sonra həmin halı aşkar edib dərhal qarşısının alınmasına yönələn tədbirlərin həyata keçirilməsi də zaman intervalı nəzərə alınmaqla qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, yola mayenin dağılmasından qısa vaxt sonra yol nəqliyyat hadisəsinin baş verməsində cavabdehi yola nəzarətin həyata keçirilməməsi ilə bağlı təqsirləndirmək həmin hadisələr arasında vaxtı müəyyən etmədən mümkün deyil. Qeyd olunmalıdır ki, Dövlət Agentliyi yola ümumi nəzarəti həyata keçirsə də resurs baxımından bütün avtomobil yollarında vəziyyəti hər an izləməli olan əməkdaşlarla təchiz edilməmişdir, yola ümumi nəzarəti həyata keçirməsi baxımından baş vermiş hadisələrlə bağlı aidiyyəti orqanlar tərəfindən məlumatlandırmanın aparılmasının zəruriliyi hazırkı iş üzrə müəyyən edilir ki, cavabdehə həmin məlumatların təqdim edilməsi, yəni yola mayenin dağıdılması barədə məlumat verilməsi iş materialları ilə təsdiq edilmir. Bu səbəbdəndir ki, yola maye dağıdılmış, bu barədə cavabdeh məlumatlandırılmamış və mayenin dağıdılması ilə yol nəqliyyat hadisəsi arasında ağlabatan müddət keçməmişdirsə burada cavabdehin hər hansı təqsirli hərəkətlərindən söhbət gedə bilməz. Göründüyü kimi iddiaçı necə ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı inzibati xəta qanunvericiliiyi baxımından təqsirsizdir və məsuliyyətə cəlb edilməməlidir, eləcə də cavabdeh də inzibati icraat baxımından təqsirsizdir və hər hansı maddi məsuliyyət də daşımır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Hər nə qədər cavabdeh yerli icra hakimiyyəti orqanı olmuş olsa da mübahisənin oxşarlığı baxımından hüquqi mövqesi nəzərə alınmalı olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1879/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, avtodayanacağın yaxınlığında olan qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın kəsilməsinə (götürülməsinə) dair vaxtında qərar verilməməsi hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsinə və zərərin ödənilməsinə münasibətdə iddiaçı onun əmlakına maddi zərər dəydiyini iddia etsə də, həmin zərərin cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində meydana gəldiyinə dair mötəbər sübutlar təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı bu hallarla bağlı hər hansı xüsusat aşkar edilməmişdir. . İddiaçının iddia tələbinin və kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh qanunla ona verilən səlahiyyət çərçivəsində hərəkətsizlik nümayiş etdirərək inzibati ərazisində olan yaşıllıqlara düzgün qulluğun edilməsini təmin etməmiş, yararsız hala düşmüş ağacların və onların hissələrinin götürülməsi ilə bağlı müvafiq addımlar atmamışdır, nəticədə də, iddiaçının avtomobilinə maddi zərər dəymişdir. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası göstərir ki, apellyasiya instansiya məhkəməsi bu xüsusatı tam, hərtərəfli və obyektiv araşdırmış, cavabdehin mütəmadi olaraq həmin ərazidə yaşıllıqlara qulluq etməsi, götürülməsi nəzərdə tutulan yaşıllıqlarla bağlı üçüncü şəxsə müraciət etməsi və üçüncü şəxsin rəyi əsasında yaşıllıqların götürülməsi və ya qulluğunun davam etdirilməsi ilə bağlı fəaliyyəti iş materiallarına əlavə edilmiş müvafiq sənədlərlə təsdiqlənmişdir. Hazırkı iş üzrə iddiaçının tələb etdiyi zərərin cavabdehin hərəkətsizliyi (hərəkətləri) nəticəsində meydana gəlməsi öz təsdiqini tapmadığından iddiaçıya vurulmuş zərərə görə cavabdehin maddi məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Beləliklə cavabdeh iddiaçının müraciətinin müsbət icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan X1rşı maddi zərərin ödənilməsi barədə iddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar