Məhkəmə qərarları › İş №2-1(112)-9441/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9441/2023

25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9441/2023 25.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (bacısı) X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “icra sənədinin icra olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Səbail rayon İcra Şöbəsinin icra məmuru X2 xx.xx.20203-cü il tarixli qərarının ləğv edilməsini və Səbail rayon Məhkəməsinin 2(009)-2539/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icra olunmasının təmin edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli № 2(009)- 2539/2021 nömrəli qərarı ilə işə bərpa olunmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli № 2(009)-2539/2021 nömrəli qərarı Cavabdeh şöbəsinə göndərilmişdir. Bundan sonra cavabdeh tərəf qəsdən müddəti uzatmaq üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət elmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-3153/2022 qərarı ilə şikayət təmin edilməmişdir. Sonradan iş yenidən icraata yönləndirilmişdir.Ancaq bugünkü tarixə kimi Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli № 2(009)-2539/2021 nömrəli qərarı icra olunmamışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2539/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icra olunmadığı üçün 16 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X7 Babayevin qəbulunda olduqdan sonra iddiaçıya 27 dekabr 2022-ci il tarixli № **********1 saylı məktub göndərilmişdir. Məktuba əsasən əmək iddiaçının əmək hüquqlarının bərpa olunmasına köməklik göstərilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə nəktublar göndərilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 21 fevral 2023-cü il tarixli № 3-16-4/2-724/2023 saylı məktubunda qeyd olumuşdur ki, icra məmurunun icraata xitam verilməsi barədə qərarı şöbə rəisinin 13 fevral 2023-cü il tarixli qərarı ilə ləğv edilib, həmin qərar məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən icra sənədi yenidən icraya yönləndirilib və icra sənədinin uyğun qaydada icranın təmin edilməsi üçün icra məmuru tərəfindən müraciət edilmişdir. 15 aprel 2023-cü il tarixdə iddiaçı ünvanına göndərilmiş 26355/2022-16-25/28 nömrəli xx.xx.2023-cü il tarixli məktubu aldıqdan sonra Səbail Rayon Məhkəməsinə icraat işi ilə bağlı məlumat almaq istədikdə belə bir məktubun daxil olmadığı və işin icraatda olduğu bildirilmişdir. İcra məmurunun ilə bağlı Səbail Rayon Məhkəməsinə heç bir məlumat verilməmişdir. Məktubun əsasız olaraq yazılmasının bir digər sübutu isə məktubda İcra laqqında qanunun 70.4-cü maddəsində məhkəməyə şikayət müddətinin 10 gün olaraq qeyd olunmasıdır. Halbuki İcra haqqında qanunun 70.4-cü maddəsində məhkəməyə şikayət müddətinin 30 gün olduğu qeyd olunmuşdur. Bu da məktubun əsassız və qanunsuz olduğunun digər bir sübutudur. Cavabdeh icra məmuru X2 icratında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2539/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədini İcra haqqında qanunun 70.4-cü maddəsini əsas gətirərək mümkünsüz qəbul etmişdir və heç bir qanuni əsas gətirmədən icraatı dayandırmışdır. Halbuki icra məmuru ilk öncə İcra haqqında qanunun 70-ci maddəsinin 2-ci bəndini icra etməkdən imtina edərək əsassız və qanunsuz səbəb gətirərək icraatı icra olunmayan icra sənədi kimi saxlamışdır. Səbəb olaraq iddiaçının bərpa edilməli olduğu iş yerinə başqa işçinin götürülməyini əsas gətirmişdi. Halbuki Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Onuncu fəslinin 74-cü maddəsində qeyd olunur ki, yəni Məhkəmə qərarı ilə işə bərpa edilən işçi dərhal işinə bərpa olunur və işçinin əmək müqaviləsinə xitam verilir. Əlavə olaraq iddiaçı onu da qeyd edir ki, icra məmuru icraatında olan bir işə işçi götürülməsinə icazə vemıişdir. Halbuki icra məmuru və Azərpoçt MMC-nin həmin iş yerinə işçinin bərpa olunması barədə Məhkəmə qərarı olduğundan məlumatları var idi. Bütün bunlara baxmayaraq icra məmuru əsassız və qanunsuz olaraq icraatı icra etməmişdir.

3. Cavabdeh icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh icra məmuru Səbail Rayon Məhkəməsinin 2(009)-2539/2021-008 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamışdır.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair qərarına əsasən Səbail Rayon Məhkəməsinin 2(009)-2539/2021-008 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir.

5. Cavabdeh xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh icra məmuru Bakı şəhəri Səbail rayon Məhkəsinin 2(009)-2539/2021 saylı, xx.xx.2021-ci tarixli icra sənədi üzrə “icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərar qəbul etmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 (nümayəndə iddiaçının bacısıdır) iddia tələbinin məzmununa uyğun izahat verdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

II. Məhkəmə aidiyyatı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarından

8. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən: - Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatiiqtisadi məhkəmələr tərəfindən baxılır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; - Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.

9. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

10. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ... icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir...

III. İddianın mümkünlüyü

11. Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.

12. X5 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X5 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).

13. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)

14. İddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək Səbail rayon məhkəməsinin 2(009)-2539/2021 saylı xx.xx.2021-cü il tarixli icra sənədi üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb edir. Həmin icra sənədi icra olunması üçün adiyyəti üzrə Səbail rayon İcra şöbəsinə göndərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra məmurunun hərəkətlərindən və qəbul etdiyi qərardan şikayətə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəmə (Bakı şəhəri Səbail rayon Məhkəməsi) tərəfindən baxılmalıdır.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

16. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

17. İddiaçıya müvafiq şikayətlə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun.

18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar