Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9441/2024 15.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ehtiyatda olan hərbiçi kimi mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mənzil növbəsinə götürülməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, o, yaşa görə ehtiyata buraxıldığından və yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunduğundan onun mənzil növbəsinə dayanmaq hüququ yaranır. İddiaçı özünün mənzil növbəsinə götürülməsi məqsədi ilə aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmət keçmiş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən ehtiyata buraxılmışdır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, müvafiq qanunvericiliyə əsasən iddiaçı 2015-ci il tarixindən ehtiyata buraxıldığından onun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülməyi mümkün deyildir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir:
1. İddiaçının mənzil növbəsinə götürülməsi;
2. Mənzillə təmin olunanadək kirayə xərcinin ödənilməsidir. Məhkəmə iddia tələbinin birinci hissəsinə münasibətdə hesab edir ki, iddiaçının tələbi həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtinanı iddiaçının 2015-ci il tarixindən ehtiyata buraxılması ilə əsaslandırmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq həqiqi hərbi xidmətindən ehtiyata buraxılmışdır. Göründüyü kimi iddiaçı zabit qismində yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə diqqətə çatdırır ki, yaşa görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi məsələsinə baxılarkən hərbi qulluqçunun hansı müddətdən sonra ehtiyata buraxılması ilə bağlı imperativ norma nəzərdə tutulmamışdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinin üçüncü cümləsinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. İstinad olunan qanunvericiliyə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular üçün müəyyən güzəştlər, o cümlədən onların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı güzəştlər, habelə onlar mənzillə təmin edilənədək və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərcləri üzrə kompensasiyanın ödənilməsi ilə bağlı güzəştlər nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, qanunla müəyyən olunmuş qaydada həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərə münasibətdə belə güzəştləri müəyyən etməkdə qanunvericinin məqsədi hərbi xidmətin və konstitusion hərbi vəzifə borcunun əhəmiyyətini və xarakterini, onun cəmiyyətdə xüsusi rolunu nəzərə alaraq, hərbi xidmətdən sonrakı dövrdə həmin şəxslərin sosial müdafiəsini gücləndirmək, onların layiqli həyat və yaşayış səviyyəsini təmin etməkdən ibarətdir. Məhkəmə cavabdehin inzibati orqanın dəlili ilə bağlı qeyd edir ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara münasibətdə hər hansı müddətin tətbiq edilməsi nəzərdə tutulmamışdır. Ən əsası isə qeyd olunmalıdır ki, həmin şəxslərin mənzil növbəsinə götürülməsi, onların kirayə xərci ilə təmin olunmaları üçün onların hansı tarixdə ehtiyata buraxılması ilə bağlı şərt mövcud deyil. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı zabit qismində yaşa görə ehtiyata buraxıldığından, yaşa görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara münasibətdə isə ehtiyata buraxılma müddəti ilə bağlı şərt nəzərdə tutulmadığından, cavabdeh tərəfindən iddiaçının müraciətini təmin etməkdən imtina edilməsi əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, cavabdehin imtina əsası qismində çıxış etməsə də, məhkəmə “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasmamənin 11.2.5-ci yarımbəni nəzərə alaraq informasiya sistemi ilə əlaqəli fəaliyyət göstərən digər dövlət informasiya ehtiyatları və sistemlərinə daxil olmuş məlumatlardan istifadə etmiş, iddiaçının adına qeydiyyatdan keçmiş daşınmaz əmlakın olub-olmamasını araşdırmışdır. Belə ki, Əsasnamənin tələblərinə görə informasiya sisteminin iştirakçıları qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə icraatı ilə bağlı iş üçün əhəmiyyət kəsb edən halların araşdırılması üçün müvafiq olaraq hakimin sorğusu və ya hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq olunmuş və qanuni qüvvəyə minmiş qərarı əsasında EHİS vasitəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət və istifadə hüquqlarına dair məlumatı əldə edə bilər. Məhkəmə tərəfindən Məhkəmə İşlərinin Elektron İdarəetmə Sisteminə daxil edilmiş məlumat əsasən müəyyən olunmuşdur ki, iddiaçının adına qeydiyyat keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Göründüyü kimi iddiaçının mənzil növbəsinə götürülməsinə hər hansı maneə yaranmamışdır. Məhkəmə kirayə xərcinin ödənilməsi ilə bağlı tələbə münasibət bildirir. Belə ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərar:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasının məzmunundan göründüyü kimi, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Beləliklə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsində müəyyən edilmiş müddətlərdə və qaydada ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi almaq hüquqlarını eyni dərəcədə tanımaqla yanaşı, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi ilə ilk növbədə təmin edilməsi tələbini təsbit edir. Eyni ilə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasında həmin maddədə göstərilən, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən ödənilməsini təsbit edir və bu zaman, həmin şəxslərin ehtiyata və ya istefaya buraxılma əsaslarını fərqləndirmir. İstinad olunan normalar qanunvericinin güddüyü həmin məqsədlər kontekstində təfsir olunmalı və ehtiyata və ya istefaya buraxılmış şəxslərə mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsini müəyyən edən qayda iddiaçıya münasibətdə də tətbiq olunmalıdır. Qanunverici mənzil kirayəsi xərcləri üzrə kompensasiya hüququnu müəyyən edən həmin normada ehtiyata buraxılmanın səbəblərini ayırd etmədən, qanunvericiliyin tələblərinə uyğun olaraq ehtiyata və ya istefaya buraxılmış şəxslərin (zabitlərin, gizirlər və miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının) belə bir hüququnun olduğunu təsbit edir. Yəni həmin normada qanunverici bu qaydanın, yalnız müəyyən üzrlü səbəblərə görə, məsələn, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara aid olduğunu konkret göstərməmişdir. Yuxarıda istinad olunan normada qanunverici belə fərqləndirməni zəruri hesab etdiyi hallarda, öz iradəsini konkret ifadə edərək müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, yalnız onların müəyyən kateqoriyalarına aid olduğunu xüsusi olaraq vurğulamışdır. Buna misal olaraq, qanunverici tərəfindən yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunması hüququnun nəzərdə tutulmasını göstərmək olar. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, yaşayış sahəsinin kirayə xərcləri üçün kompensasiya üç kateqoriyadan olan şəxslərə ödənilir:
1. yaşa, xəstəliyə və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara;
2. 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara;
3. habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına. Həmin kateqoriyadan olan şəxslərə seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən olunmuş məbləğlərdə nağdsız qaydada kompensasiya ödənilir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə də bu qaydanın tətbiqi məqbul sayılmalı və yaşa görə ehtiyata buraxılmış iddiaçıya mənzil sahəsi əldə edənədək müvəqqəti yaşayış sahəsinin kirayə xərclərinin ödənilməsi təmin edilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-57/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasında həmin maddədə göstərilən, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən ödənilməsini təsbit edir və bu zaman, həmin şəxslərin ehtiyata və ya istefaya buraxılma əsaslarını fərqləndirmir” Bu yanaşma həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1396/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında da əks olunmuşdur. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı ehtiyatda olan hərbiçi kimi mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov