Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9442/2022 07.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevin Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “ekspert rəyinin əsassız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Gömrük Komitəsinin X3 İdarəsinin 26 aprel 2022-ci il tarixli ekspert rəyinin ləğv edilməsi, mübahisə üzrə yenidən müstəqil ekspertizanın təyin olunması, İddiaçı MMC-dən 7321.96 manat məbləğində idxal vergisinin və 2450 ABŞ dolları məbləğində dövlət büdcəsinə tutulmuş cərimənin əsassız hesab edilməsi və Dövlət Gömrük Komitəsinin müvafiq elektron hesabat cədvəlində (İddiaçı şəxsi vərəqəsində) həmin məbləğlərin gələcək gömrük əməliyyatlarında əvəzləşdiriləcək rüsum kimi göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, iddia ərizəsində cavabdeh kimi göstərilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X3 İdarəsinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə əvəz edilməsini, iddia ərizəsində üçüncü şəxs kimi göstərilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin xaric edilməsini və iddia tələbinin “iş üzrə əldə edilmiş 26 aprel 2022-ci il tarixli ekspert rəyinin əsassız hesab edilərək, mübahisə üzrə yeni müstəqil ekspertizanın təyin olunması, İddiaçı MMC-dən 7321.96 manat məbləğində idxal vergisinin və 2450 ABŞ dolları məbləğində dövlət büdcəsinə tutulmuş cərimənin əsassız hesab edilməsi və Dövlət Gömrük Komitəsinin müvafiq elektron hesabat cədvəlində (İddiaçı şəxsi vərəqəsində) həmin məbləğlərin gələcək gömrük əməliyyatlarında əvəzləşdiriləcək rüsum kimi göstərilməsi vəzifəsinin həmin cavabdeh orqanın -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X3 İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə əvəz edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İddiaçı MMC İran İslam Respublikasının Mazandaran şəhərində yaşayan Sohrab Sahragardla xx.xx.2020-ci il tarixli 024 nömrəli kənd təsərrüfatı təyinatlı, quşçuluqda istifadə olunan avadanlıq və onun hissələrinin alınması barədə müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı MMC İİR-dan bir sıra kənd təsərrüfatı təyinatlı, quşçuluqda istifadə olunan avadanlıq və onun hissələrini sifariş vermişdir. Həmin məhsullar iki iri tonnajlı yük avtomaşınları vasitəsi ilə xx.xx.2022-ci tarixdə dövlət sərhədini keçərək 14010121-HO, 14010122-HO nömrəli xx.xx.2022-ci il tarixli, 2021/03 nömrəli xx.xx.2021-ci il tarixli invoyslar üzrə ölkə ərazisinə gətirilmişlər. Cənub Ərazi Baş Gömrük İdarəsi gətirilən həmin avadanlıq və onun hissələrinin idxal gömrük rüsumundan azad olmamasını bildirmişlər. MMC-nin rəhbərliyi deyilənlərlə razılaşmayaraq əvvəllər də ölkə ərazisinə eyni adda və eyni təyinatlı avadanlıqlar və alətlər gətirdiyini və həmin əşyaların gömrük rüsumlarından azad olduğunu bildirmişdir. Buna görə də Cənub Ərazi Baş Gömrük İdarəsi qeyd edilən mallar üzrə ekspertiza təyin etmişdir. DGK-nin X4 İdarəsinin təqdim etdiyi rəy əsasında 14010121-HO, 14010122-HO nömrəli xx.xx.2022-ci il tarixli, 2021/03 nömrəli xx.xx.2021-ci il tarixli invoyslar üzrə İddiaçı MMC tərəfindən ölkə ərazisinə gətirilmiş kənd təsərrüfatı təyinatlı, quşçuluqda istifadə olunan avadanlıq və onun hissələrinə gömrük rüsumu tədbiq edilərək 7321.96 manat məbləğində pul vəsaiti əsassız tutulmuşdur. Ekspertizanın keçirilmə müddəti ərzində, yəni xx.xx.2022-ci il tarixinədək hər iki avtomaşın xüsüsi saxlanc yerində saxlanılmaqla əlavə olaraq İddiaçı MMC-yə hər gün üçün 175 ABŞ dolları məbləğində cərimə hesablamaqla ümumilikdə Cəmiyyətdən əlavə olaraq 2450 ABŞ dolları cərimə kimi tutularaq dövlət büdcəsinə ödənilmişdir. DGK-nin X4 İdarəsi ekspertiza keçirərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli Qərarının tələblərini kobud surətdə pozmuşdur. Belə ki, həmin Qərarda konkret olaraq quşçuluq sahəsinə aid “Quşçuluq üçün avadanlıq; inkubatorlar və bruderlər”ə aid mal mövqeylərinin altında müvafiq olaraq XİF MN üzrə xüsusi kodlar qeyd edilmişdir. Məhz həmin kodlara əsasən quşçuluq sahəsində istifadə olunan bütün növ avadanlıq və onun hissələrinin gömrük rüsumlarından azad olunması müəyyən edilir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 1000-210/2xx-xx/016876 nömrəli iddiaya dair yazılı münasibətində iddianın mümkün sayılmamasını xahiş etmiş və bildirmişdir ki, iddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl məhkəməyə göndərmiş olduğu analoji ərizə ilə inzibati orqana, yəni Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə nə elektron, nə də poçt vasitəsilə müraciət etməmişdir. Həmçinin iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə **********3011 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc prosedurunda rəsmiləşdirilərək saxlanca qoyulmuş malların xx.xx.2021-ci il tarixdə saxlanc müddəti bitməsinə baxmayaraq İddiaçı MMC tərəfindən rəsmiləşdirmə ilə bağlı müraciət daxil olmamışdır. Bu səbəbdən Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsində xx.xx.2021-ci il tarixli 34/012/004073 nömrəli raport tərtib olunaraq araşdırılmaya verilmiş, saxlanc qaydalarının pozulması ilə əlaqədar İddiaçı MMC-yə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(022)-287/2021 saylı qərarı ilə 300 (üç yüz) manat cərimə tətbiq edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarxidə **********5416 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün bəyan etdiyi malların quşçuluq avadanlığına aid olub-olmamasının dəqiqləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2022-ci il tarxli məktubla Dövlət Gömrük Komitəsinin X3 İdarəsinə müraciət edilmişdir. Həmin sorğuya uyğun olaraq xx.xx.2022-ci il tarixində Cəlilabad şəhərində İddiaçı MMC məxsus anbarda mallara faktiki baxış keçirilmiş və 2200- 013/0xx-xx/002433 nömrəli, xx.xx.2022-ci il tarixli ekspertiza rəyi ilə cavablandırılmışdır. İdxal olunmuş mal partiyası 14010121-HO və 14010122-HO nömrəli, xx.xx.2022-ci il tarixli, 2021/03 nömrəli, xx.xx.2021-ci il tarixli invoyslar üzrə 3 sayda nəqliyyat vasitəsilə daxil olmuşdur. Hər nəqliyyat vasitəsinə dair təqdim olunmuş mənşə sertifikatlarının ikisində təsnifat kodu olaraq 8436 99, digərində isə təsnifat kodu olaraq 3923 10 qeyd olunmuşdur. 8436 99 təsnifat kodu altında quşçuluq avadanlıqlarının hissələri, 3923 10 təsnifat kodu altında isə plastmas materialdan qutular, yeşiklər və sair mallar sinifləşdirilir. Həmçinin təqdim olunmuş xarici bəyannamənin 33-cü qrafasında da təsnifat kodu olaraq 84369900 quşçuluq avadanlığının hissəsi kodu qeyd olunmasına baxmayaraq, idxal olunan zaman gömrük bəyannaməsində mallar quşçuluq avadanlığının hissəsi kimi yox, tam dəst halında hesab olunan quşçuluq avadanlığı adı altında 8436 29 000 0 təsnifat kodu ilə bəyan olunmuşdur. Habelə sənədlər toplusunda 14010121-HO və 14010122-HO nömrəli, xx.xx.2022-ci il tarixli invoyslara dair təqdim olunmuş proforma invoyslara nəzər saldıqda və faktiki baxış zamanı aşkar olunan malları diqqətə aldıqda quşlar üçün yalnız iki sulama və iki yemləmə xəttinin olduğu və bu iki xəttin müqabilində 82 ədəd ventilyatorun, 277 m2 soyutma panellərinin olduğu aşkar edilmişdir. Bu baxımdan ventilyator və soyutma panellərinin sayının idxal olunmuş iki ədəd yemləmə və sulama sistemi üçün nəzərdə tutulmuşdan artıq olduğu diqqətə alınaraq, ekvivalentlik qorunmadığından mallar müvafiq olaraq özlərinə məxsus 8414 59 200 0 və 4823 90 859 0 təsnifat kodları ilə sinifləşdirilmişdir. Lakin quşlar üçün yemləmə sulama xəttləri isə 8436 29 000 0 təsnifat kodunda saxlanılmışdır. Həmçinin 14010122-HO nömrəli, 11,04.2022-ci il tarixli invoys ilə idxal olunmuş malların arasında proforma invoysda da qeyd olunduğu kimi 100 ədəd yemləmə sisteminə heç bir aidiyyəti olmayan fərdi qaydada istifadəsi mümkün olan plastik materialdan yem qabları da aşkar olunmuşdur. Həmin qablar sistemə qoşulmadığı və məişətdə də istifadəsi mümkün olduğu üçün hazırlandığı materiala əsasən 3926 90 970 9 təsnifat kodu altında sinifləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İşdən görünür ki, iddiaçının tələbi üç hissədən ibarətdir:
1. iş üzrə əldə edilmiş 26 aprel 2022-ci il tarixli ekspert rəyinin əsassız hesab edilərək, mübahisə üzrə yeni müstəqil ekpertizanın təyin olunması;
2. İddiaçı MMC-dən 7321.96 manat məbləğində idxal vergisinin və 2450 ABŞ dolları məbləğində dövlət büdcəsinə tutulmuş cərimənin əsassız hesab edilməsi;
3. Dövlət Gömrük Komitəsinin müvafiq elektron hesabat cədvəlində (İddiaçı şəxsi vərəqəsində) həmin məbləğlərin gələcək gömrük əməliyyatlarında əvəzləşdiriləcək rüsum kimi göstərilməsi vəzifəsinin həmin cavabdehin üzərinə qoyulması. Məhkəmə bu tələblərlə bağlı qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X3 İdarəsinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə yükün XİF MN üzrə təsnifat kodunun və kənd təsərrüfatı təyinatlı olub-olmamasının müəyyən edilməsi məqsədilə təkrar ekspertiza keçirilmiş, təkrar ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin ünvanına 14010121-HO və 140101122-HO nömrəli xx.xx.2022-ci il tarixli, 2021/03 nömrəli xx.xx.2021-ci il tarixli invoyslar üzrə idxal olunan yük XİF MN-ə görə aşağıdakı kimi sinifləşdirilmişdir:
1. 14010122-HO nomrəli invoys üzrə: - Quşçuluq fermasında istifadə olunan oxlu ventilyator 8 414 59 200 0 - Quşçuluq fermasında istifadə olunan çərçivə içərisində kağızdan soyutma panelləri - 4 823 90 859 0 - Quşlar üçün plastik materialdan yem qabları - 3926 90 970 9 - Quşçuluq üçün yığılmamış halda yemləmə və sulama xətti - 8436 29 000 0
2. 140101122-HO nömrəli invoys üzrə: - Quşçuluq fermasında istifadə olunan oxlu ventilyator 8414 59 200 0; - Quşçuluq fermasında istifadə olunan çərçivə içərisində kağızdan soyutma panelləri 4823 90 859 0; - Quşçuluq üçün yığılmamış halda yemləmə və sulama xətti - 8436 29 000 0 İddiaçı hazırda ekspertiza keçirilməsi nəticəsində müəyyən olunan bu təsnifat kodları ilə razı deyil və buna görə də ekspert rəyini mübahisələndirərək təkrar ekspertiza keçirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Burada inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir.Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Yəni xaricə ünvanlanmaqla tənzimləmə xüsusiyyəti daşıyır. İddiaçının hazırda mübahisələndirdiyi ekspert rəyi isə, yuxarıda sadalanan xüsusiyyətlərdən məhrum olmaqla, tövsiyə xarakterinə malikdir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 322.1-ci maddəsinə əsasən gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: 322.1.1. malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; 322.1.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; 322.1.3. malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; 322.1.4. ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; 322.1.5. malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; 322.1.6. ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; 322.1.7. radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; 322.1.8. malların gömrük dəyərinin təyin olunması; 322.1.9. malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ekspertizasının aparılması Qaydaları”ına əsasən: - 2.1.2. gömrük ekspertizası - gömrük tənzimlənməsi sahəsində məsələlərin həll edilməsi üçün xüsusi və elmi biliklərdən istifadə etməklə, gömrük ekspertləri və (və ya) digər ekspertlər tərəfindən aparılan tədqiqatdır; - 2.1.8. ekspert rəyi - gömrük ekspertizasının nəticələrinə dair ekspert tərəfindən yazılı formada tərtib edilən sənəddir. - 3.1. Gömrük ekspertizası gömrük orqanlarının malların ekspertizaya göndərilməsi haqqında sənədi (göndərişi) və ya şəxslərin müraciəti əsasında aparılır. - 5.5. Gömrük ekspertizası gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, yaxud məcburi qərarın qəbul edildiyi mərhələdə başlanır. - 5.5. Gömrük ekspertizası gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, yaxud məcburi qərarın qəbul edildiyi mərhələdə başlanır. - 12.1. Aparılmış tədqiqatlar əsasında və onların nəticələrini nəzərə almaqla, ekspert tərəfindən yazılı formada rəy hazırlanır, imzalanır və təsdiqlənməsi üçün gömrük laboratoriyasının rəhbərinə təqdim edilir. - 12.14. Ekspert rəyinin nəticə hissəsi dəqiq, aydın dildə və birmənalı şəkildə ifadə olunmalıdır. Rəyin tədqiqi hissəsində göstərilən və qoyulmuş suala qəti cavab verən tədqiqat yekunlarını müfəssəl təsvir etmədən nəticəni formalaşdırmaq mümkün olmadıqda, rəyin tədqiqi hissəsinə istinad etməyə yol verilir. - 12.17. Ekspert rəyi iki nüsxədə tərtib edilir. Birinci nüsxə ekspertizanı təyin etmiş gömrük orqanına və ya onunla əlaqədar müraciət etmiş şəxsə təqdim edilir, ikinci nüsxə isə gömrük laboratoriyasının arxivində saxlanılır. - 12.18. Gömrük laboratoriyasının rəhbəri ekspert rəyini nəzərdən keçirərkən, onun düzgün rəsmiləşdirilmədiyini və ya yanlış nəticə çıxarılmasına səbəb ola biləcək natamam tədqiqat aparıldığını, ekspertizanın aparılması metodikasının pozulduğunu aşkar edərsə, rəy zəruri dəyişikliklər və dəqiqləşdirmələr edilməsi üçün ekspertə qaytarılır. - 13.1. Ekspertin rəyinə əsaslanaraq, gömrük orqanı aşağıdakılarla bağlı qəbul edilmiş qərarlar barədə yazılı surətdə aidiyyəti gömrük laboratoriyasını məlumatlandırır: - 13.1.1. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi, malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının müəyyən edilməsi və malların gömrük dəyərinin təyin olunması əsasında gömrük orqanı tərəfindən dövlət büdcəsinə ödənilmiş gömrük rüsumlarının və vergilərin miqdarı barədə; - 13.1.2. təhlükəsizlik və ya keyfiyyət göstəricilərinə görə istifadəyə yararlı olmayan mallar barədə. Gömrük Məcəlləsinin 321.4-cü maddəsinə əsasən malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Həmin Məcəllənin 321.5-ci maddəsinə görə isə gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. İstinad olunan normalardan görünür ki, gömrük orqanı bir sıra hallarda, o cümlədən malın təsnifat kodunun müəyyən edilməsi üçün ekspertiza təyin edə bilər. Keçirilmiş ekspertiza nəticəsində verilən rəy məcburi xarakterə malik olmamaqla gömrük orqanı üçün malın təsnifat kodunun müəyyən edilməsi üçün yardımçı informasiya xarakteri daşıyır və yalnız həmin rəy nəzərə alınmaqla gömrük orqanı tərəfindən malın təsnifatı haqqında qəbul etdiyi qərar şəxs üçün məcburi xarakter daşıyır və həmin qərar mübahisələndirilə bilər. Hazırkı halda gömrük orqanının belə bir qərar qəbul etməsi müəyyən olunmadığından məhkəmə hesab edir ki, məcburi xarakter daşımayan, nizama salma və hüquqi nəticə yaratmaq qabiliyyətindən məhrum olan X3 İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli ekspert rəyi inzibati akt kimi qiymətləndirilə və onun ləğvi, habelə yenidən ekspertizanın keçirilməsi ilə bağlı tələbə ayrıca iddia kimi inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının ekspert rəyini mübahisələndirmək və yenidən ekspertiza keçirilməsini tələb etməklə çatmaq istədiyi nəticə malın təsnifat kodunun düzgün müəyyən edilməməsinin təsdiq edilməsi və artıq ödənilmiş gömrük ödənişinin qaytarılmasıdır. İddiaçının ikinci və üçüncü tələbindən də görünür ki, iddiaçı gömrük ödənişlərini artıq ödədiyini iddia edərək həmin vəsaitin geri qaytarılmasına, daha doğrusu gələcək fəaliyyətinə yönəldilməsinə nail olmaq istəyir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”na əsasən: - 1.2. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. - 1.4. Gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir. - 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: - 2.1.1. mallar qüsurlu olduqda; - 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; - 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. - 4. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra - gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. - 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. - 6.1. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. - 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. - 6.3. Gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. - 6.5. Şəxsin müraciəti olduqda, gömrük ödənişlərini tətbiq edən gömrük orqanı qaytarılmalı olan gömrük ödənişlərini onun və ya onun göstərdiyi digər şəxsin gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edir. - 6.6. Şəxsin gömrük ödənişləri üzrə borcu mövcud olduğu halda, qaytarılmalı olan gömrük ödənişləri və ya onların bir hissəsi (qaytarılmalı olan gömrük ödənişlərinin məbləği borcun məbləğindən çox olduqda) gömrük orqanı tərəfindən borcun ödənilməsinə yönəldilir. - 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. - 6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. - 6.9. Gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Komitəyə göndərilməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"na əsasən: - 1.2.1. vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar – tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta üzrə sığorta haqlarına, hesablanmış faizlərə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanları; - 3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. - 3.2. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. - 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: - 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; - 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; - 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; - 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Beləliklə, istinad olunan normalardan görünür ki, gömrük ödənişlərinin hesablanmasında səhvə yol verildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarıla, yaxud onun və ya onun göstərdiyi digər şəxsin gələcək xarici iqtisadi fəaliyyətində istifadəyə yönəldilə bilər. Lakin bunun üçün ilk növbədə şəxsin istinad olunan Qaydalara uyğun inzibati orqana müraciəti olmalıdır. Yalnız belə bir müraciət edildikdən sonra gömrük orqanı gömrük ödənişlərinin qaytarılması barədə qərar qəbul edə bilər. Əgər bu qərar müsbət olmazsa, onda iddiaçı məhkəmə müdafiəsi hüququndan istıfadə edə, habelə məhkəmə icraatı zamanı malın təsnifat kodunun düzgünlüyünün müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi barədə vəsatətlə çıxış edə bilər. Hazırkı iş materiallarından, iddiaçının nümayəndəsinin məhkəmə iclasındakı izahatından, eyni zamanda cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı belə bir tələblə cavabdeh orqana müraciət etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbləri iddianın mümkünlük şərtlərinə cavab vermir, bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Səlma Salahova