Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9443/2021 25.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 21.02.2020-ci il tarixli FA-04 nömrəli əmri ilə yaradılmış və 07.04.2021-ci il tarixli FA-10 nömrəli, 31.05.2021-ci il tarixli FA-13 nömrəli əmri ilə tərkibində dəyişikliklər edilmiş komissiyanın Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 48.600 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair 25.06.2021-ci il tarixli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 14.02.2020-ci il tarixli FA-03 nömrəli əmri ilə yaradılmış və 07.04.2021-ci il tarixli FA-10 nömrəli, 31.05.2021-ci il tarixli FA-13 nömrəli əmri ilə tərkibində dəyişikliklər edilmiş komissiyanın Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 3264 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair 25.06.2021-ci il tarixli qərarlarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 21.02.2020-ci il tarixli FA-04 nömrəli əmri ilə yaradılmış və 07.04.2021-ci il tarixli FA-10 nömrəli, 31.05.2021-ci il tarixli FA-13 nömrəli əmri ilə tərkibində dəyişikliklər edilmiş komissiyanın Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 25.06.2021-ci il tarixli qərarına əsasən hüquqi ünvanı AZ 1096, ünvan 1ya gələcək fəaliyyətində digər bazar subyektlərinə məxsus əmtəə nişanlarından, o cümlədən “АНТОШКА-КОРТОШКА” əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verməməsi üçün müvafiq tədbirlər görülməsi haqqında göstəriş verilmiş, gələcək fəaliyyətində digər bazar subyektlərinə məxsus əmtəə nişanlarından 19.10.2020-ci il tarixdən 15.02.2021-ci il tarixədək olan dövr ərzində qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci və dördüncü abzaslarının tələblərini pozmaqla əldə edilmiş (ƏDV çıxılmaqla) 48.600 manat (qırx səkkiz min altı yüz) gəlirin bir misli, yəni 48.600 manat (qırx səkkiz min altı yüz) həcmində maliyyə sanksiyası tətbiq edilmişdir. Habelə, cavabdehin 14.02.2020-ci il tarixli FA-03 nömrəli əmri ilə yaradılmış və 07.04.2021-ci il tarixli FA-10 nömrəli, 31.05.2021-ci il tarixli FA-13 nömrəli əmri ilə tərkibində dəyişikliklər edilmiş komissiyanın Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 25.06.2021-ci il tarixli qərarına əsasən hüquqi ünvanı iddiaçıya gələcək fəaliyyətində digər bazar subyektlərinə məxsus əmtəə nişanlarından, o cümlədən “Лакомка супермолочная” və “Лакомка суперкакао” adlı məhsulların formasından, qablaşdırılmasıdan və xarici tərtibatından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verməməsi üçün müvafiq tədbirlər görülməsi haqqında göstəriş verilmiş, “Лакомка супермолочная” və “Лакомка суперкакао” adlı məhsulların formasından, qablaşdırılmasıdan və xarici tərtibatından 30.04.2020-ci il tarixdən 02.09.2020-ci il tarixədək olan dövr ərzində qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci və dördüncü abzaslarının tələblərini pozmaqla əldə edilmiş (ƏDV çıxılmaqla) 3264 manat (üç min iki yüz altmış dörd) gəlirin bir misli, yəni 3264 manat (üç min iki yüz altmış dörd) həcmində maliyyə sanksiyası tətbiq edilmişdir. İşin halları ilə bağlı bildirilir ki, “Сережка КОРТОШКА ванилъ tokay” təsvirli əmtəə nişanı 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” üzrə 30.10.2017-ci il tarixində Azərbaycan Respublikasında 20181140 nömrə ilə iddiaçının adına qeydiyyata alınmışdır. Əmtəə nişanında “ванилъ” və “конфеты” söz işarələri hüquqi mühafizə obyekti deyildirlər. İddia sənədinin nömrəsi 2********. Əmtəə nişanının ilkinlik tarixi-15.03.2017-ci il, rənglər: qəhvəyi, qızılı, sarı, qırmızı və ağdır. Habelə, “Красавка супермолочная карамел TOKAY” təsvirli əmtəə nişanı (iddia sənədinin nömrəsi: 2017 00253, ilkinlik tarixi: 27.03.2017, dövlət reyestrində qeyd olunub: 30.10.2017, qüvvədə olma tarixi: 27.03.2027ci ilə qədər) 2017 1142 nömrəsi ilə iddiaçının adına qeydiyyata alınmışdır. Göründüyü kimi müəssisənin istifadə etdiyi əmtəə nişanları ilə müraciət müəllifinin əmtəə nişanı tərtibat, xarici görünüş və ad baxımından əhəmiyyətli dərəcədə fərqlidir və göstərilən əmtəə nişanları müvafiq rəylərdən sonra Patent və X3 müvafiq qərarları ilə alınmışdır. Bununla bağlı, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının müvafiq qərarları ilə iddiaçının adına qeydə alınmış əmtəə nişanlarının ləğv edilməsi barədə müraciətlər təmin edilməmişdir. Göründüyü kimi hər iki qurum tərəfindən iddiaçının adına qeydə alınmış əmtəə nişanlarının yəni, müvafiq olaraq “Сережка КОРТОШКА ванилъ tokay” və “Красавка супермолочная карамел TOKAY”-ın qanunvericiliyin tələbləri ilə alındığı halı müvafiq orqanların qeydiyyatı və qərarları ilə təsdiq edilir. Lakin cavabdehin Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 25.06.2021-ci il tarixli qərarlarında iddiaçının adına qeydə alınmış əmtəə nişanlarının müraciət müəllifinin əmtəə nişanları ilə həqiqətən də eynilik təşkil etməsi və bununla da, maliyyə sanksiyasına məruz qalan iddiaçının “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci və dördüncü abzaslarının tələblərini pozmasını göstərmişdir. 25.06.2021-ci il tarixli qərarlar tamamilə qanunsuz və əsassızdır. Təqdim edilmiş sənədlərdən və qərarlardan müəyyən edilir ki, 1ci qərara münasibətdə müraciətçi tərəfindən istifadə edilən əmtəə nişanı “АНТОШКА- КОРТОШКА”, müəssisənin istifadə etdiyi əmtəə nişanı isə “Сережка КОРТОШКА ванилъ tokay” olmuşdur. Müvafiq olaraq ikinci qərara münasibətdə isə ərizəçi “Лакомка супермолочная” və “Лакомка суперкакао”, iddiaçı isə “Красавка супермолочная карамел TOKAY” əmtəə nişanından istifadə etmişdir. Göründüyü kimi əmtəə nişanları ad baxımından tamamilə bir-birindən fərqlənməklə, qablaşdırılması və digər göstəriciləri də fərqli olmuşdur. Lakin qərar qəbul edən orqan əsassız olaraq Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının müvafiq qərarları ilə müəyyən edilmiş halları, eyni zamanda Patent və X3 müvafiq aktları ilə müəyyən edilmiş halları nəzərə almayaraq əsassız maliyyə sanksiyası tətbiq etmişdir. Əgər, cavabdehin gəldiyi qənaət əsaslı olsa da belə, normanın tətbiqini öz mülahizəsinə görə əsaslandırmış, qanunsuzluğa yol vermişdir. Məhkəmənin qərardadları ilə OOO “X1” və OOO "xxxx" üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Cavabdeh inzibati orqanın iddia tələbinə dair etirazında bildirilmişdir ki, Rusiya Federasiyasının "xxxx" MMC və onun idarəsində olan “X1” ASC (RU) şirkətlərinə məxsus əmtəələrin formasının, qablaşdırılmasının və xarici tərtibatının iddiaçı tərəfindən qanunsuz istifadə edilməsi barədə həmin müəssisələrin səlahiyyətli nümayəndəsi Qanuni nümayəndə müraciəti daxil olmuşdur. Müraciətlərdə bir sıra sənədləri təqdim edərək, "xxxx" MMC və onun idarəsində olan “X1” ASC (RU) şirkətinin “Лакомка супермолочная” və “Лакомка суперкакао” məhsullarının formasının, qablaşdırılmasının və xarici tərtibatının iddiaçı tərəfindən “Красавка супермолочная” və “Красавка суперкакао” məhsullarında qanunsuz istifadə edildiyi bildirilmişdir. Bununla əlaqədar iddiaçı barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmış və xüsusi komissiya yaradılmışdır. Bir neçə işəbaxma iclasından sonra Komissiya işin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, habelə təqdim edilmiş sənəd və məlumatları tam və obyektiv araşdıraraq iddiaçı tərəfindən "xxxx" MMC və onun idarəsində olan “X1” ASC (RU) şirkətinin “Лакомка супермолочная” və “Лакомка суперкакао” məhsullarının formasından, qablaşdırılmasından və xarici tərtibatından 30.04.2020-ci il tarixdən 02.09.2020-ci il tarixədək olan dövr ərzində qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci və dördüncü abzaslarının tələblərini pozmaqla rəqibin təsərrüfat fəaliyyətini təqlid etməklə haqsız rəqabətə yol verildiyini müəyyən etmişdir. Eyni zamanda Komissiya iddiaçının 30.04.2020-ci il tarixdən 02.09.2020-ci il tarixədək olan dövr ərzində “Лакомка супермолочная” və “Лакомка суперкакао” adlı məhsullarının formasının, qablaşdırılmasının və xarici tərtibatından qanunsuz istifadə etməklə həmin əmtəə nişanlı malların satışından əlavə dəyər vergisi (18 (on səkkiz) faiz (588 manat)) çıxılmaqla 3264 manat (üç min iki yüz altmış dörd manat) gəlir əldə etdiyini müəyyən etmişdir. Həmçinin "xxxx" ASC-nin “АНТОШКА-КОРТОШКА” əmtəə nişanından iddiaçı tərəfindən qanunsuz istifadə edilməsi barədə həmin müəssisələrin səlahiyyətli nümayəndəsi Qanuni nümayəndə cavabdehə müraciətləri daxil olmuşdur. “Сережка КОРТОШКА ваниль tokay” təsvirli əmtəə nişanı 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” üzrə 30.10.2017-ci il tarixində Azərbaycan Respublikasında 2018 1140 nömrə ilə iddiaçının adına qeydiyyata alınmışdır. Əmtəə nişanında “ваниль” və “конфеты” söz işarələri hüquqi mühafizə obyekti deyildirlər. İddia sənədinin nömrəsi 2017 00229. Əmtəə nişanının ilkinlik tarixi - 15.03.2017-ci il; rənglər: qəhvəyi, qızılı, sarı, qırmızı, ağ. Bununla əlaqədar iddiaçı barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmış və xüsusi komissiya yaradılmışdır. Komissiya işin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, habelə təqdim edilmiş sənəd və məlumatları tam və obyektiv araşdıraraq iddiaçı tərəfindən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən X5 “TAKF” (ünvan: ul. Oktyabrskaya, d. 22, RU-392000 Tambov (RU) adına qeydiyyata alınan ******* saylı “АНТОШКА-КОРТОШКА” beynəlxalq əmtəə nişanından 19.10.2019-cu il tarixdən 15.02.2021-ci il tarixədək olan dövr ərzində qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci və dördüncü abzaslarının tələblərini pozmaqla rəqibin təsərrüfat fəaliyyətini təqlid etməklə haqsız rəqabətə yol verildiyini müəyyən etmişdir. Bir neçə işəbaxma iclasından sonra Komissiya iddiaçının 19.10.2019-cu il tarixdən 15.06.2021-ci il tarixədək olan dövr ərzində “АНТОШКА-КОРТОШКА” beynəlxalq əmtəə nişanından qanunsuz istifadə etməklə həmin əmtəə nişanlı malların satışından əlavə dəyər vergisi (18 (on səkkiz) faiz (8748.49 manat)) çıxılmaqla 48600 manat (qırx səkkiz min altı yüz manat) gəlir əldə etdiyini müəyyən etmişdir. Sonda iddianın əsassız oldugundan rədd edilməsi xahiş edilmişdir. 16.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı cavabdeh və üçüncü şəxslərin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək iddia ərizəsinin müddət ötürülməklə verilməsi əsası ilə iddianın mümkünsüz hesab edilməsini xahiş etmişlər. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iddiaçının cavabdeh inzibati orqanın qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə hərəkətlərini mübahisələndirməməsinə, eləcə də iddiaçıya müddətin üzürlü səbəbdən buraxıldığını təsdiq edən hər-hansı sənədin təqdim edilməsi ilə bağlı hüquqi yardımın göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən təsdiqedici sənədlərin təqdim edilməməsinə, məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyünə əsaslanaraq iddianın mümkün sayılmaması məsələsinə baxmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış prosessual müddətinin bərpa edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında ərizəyə əlavə olaraq bildirmişdir ki, MMC-yə daxil olan məktubların qəbul və qeydiyyatına məsul olan şəxs tərəfindən cavabdeh orqanın qərarı 06 avqust 2021-ci il tarixdə daxil olsa da, iddia ərizəsinin hazırlanması üçün qərarlar gec təqdim edilmiş, ehtiyatsızlıq üzündən itirilmiş xəbərnaməli qəbzi də tapmaq mümkün olmadığından tərəflərindən son müddət 16 avqust 2021-ci il kimi müəyyən edilmişdir. Hazırkı dövrdə ötürülmüş müddətin mövcudluğu faktı qəbul edilən olsa da, cavabdeh orqanın maliyyə cəriməsi kifayət qədər əsassız olduğundan işə mahiyyəti üzrə baxılmaması dövlət büdcəsinə xeyli miqdarda vergi ödəyicisi olan şirkətin qanunsuz sanksiyalara məruz qalmasına və bununla da, bağlanmaq təhlükəsinə gətirib çıxara bilər. Belə bir halın olması, MMC-nin gələcək fəaliyyətini təhlükə altına atmış olar. Bu əsasla ötürülmüş müddətin üzürlü sayılaraq bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək ötürülmüş müddətin bərpa olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz edərək buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli, iddiaçı tərəfindən verilmiş iddia isə mümkün sayılmamalıdır. Hazırki işdən müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı tələbi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 21.02.2020-ci il tarixli FA-04 nömrəli əmri ilə yaradılmış və 07.04.2021-ci il tarixli FA-10 nömrəli, 31.05.2021-ci il tarixli FA-13 nömrəli əmri ilə tərkibində dəyişikliklər edilmiş komissiyanın Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 48.600 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair 25.06.2021-ci il tarixli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 14.02.2020-ci il tarixli FA-03 nömrəli əmri ilə yaradılmış və 07.04.2021-ci il tarixli FA-10 nömrəli, 31.05.2021-ci il tarixli FA-13 nömrəli əmri ilə tərkibində dəyişikliklər edilmiş komissiyanın Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 3264 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair 25.06.2021-ci il tarixli qərarlarının ləgvi” barədədir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş 011293 saylı xəbərnaməli poçt bildirişindən görünür ki, mübahisələndirilən qərarlar 07.07.2021-ci il tarixdə iddiaçının ünvanına rəsmi qaydada çatdırılaraq qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci madəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırıla bilər. Hazırki işdə iddiaçı inzibati orqanın onun barəsində qəbul etdiyi qərarlardan şikayət vermə müddətini 10 gün ötürməklə vermişdir. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki “İnzibati icraat haqqında” Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (“İnzibati icraat haqqında” Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Beləliklə, iş üzrə iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. İddiaçı müddətin buraxılmasını onunla izah edir ki, “daxil olan məktubların qəbul və qeydiyyatına məsul olan şəxs tərəfindən cavabdeh orqanın qərarı 06 avqust 2021-ci il tarixdə daxil olsa da, iddia ərizəsinin hazırlanması üçün qərarlar gec təqdim edilmiş, ehtiyatsızlıq üzündən itirilmiş xəbərnaməli qəbzi də tapmaq mümkün olmadığından tərəflərindən son müddət 16 avqust 2021-ci il kimi müəyyən edilmişdir”. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirdiyi inzibati aktlardan məhkəməyə şikayət vermək üçün qanunla müəyyən olunmuş müddəti üzrsüz səbəbdən ötürdüyündən, belə ki,qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması halları, həmçinin müddətə əməl olunmasına mane olan hallar mövcud olmadığından prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və mübahisələndirilən qərarlardan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. HAKİM MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-9443/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9443/2021
25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver