Məhkəmə qərarları › İş №2-1(112)-9443/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9443/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9443/2023 12.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “müddətin bərpa edilməsi və müraciətin qəbul edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “müddətin bərpa edilməsi və müraciətin qəbul edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə Suriya Ərəb Respublikasının vətəndaşı İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almasına dair müraciəti üçün müddətin buraxılmış hesab edilməməsi və müvəqqəti yaşamaq üçün icazə alması barədə müraciətin qəbul edilməsinə dair vəzifə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslanıdırlmışdır ki, Suriya Ərəb Respublikasının vətəndaşı İddiaçı (passport N°011-19-L017512/doğum tarixi xx.xx.2001) Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə Dövlət Miqrasiya Xidmətinə (bundan sonra-DMX) “ASAN xidmət” vasitəsi ilə kağız daşıyıcılarla müraciət etmiş və icazənin verilməsindən imtina edilmişdir. Belə olan halda DMX-in inzibati praktikasına əsasən barəsində əlverişsiz akt qəbul olunmuş şəxslərə poçt vasitəsi ilə ərizə-anketdə göstərdikləri ünvana göndərilən qərarla 10 gün ərzində lazımı düzəlişləri edərək təkrar müraciət etməsi və ya ölkə ərazisini tərk etməsi tövsiyə olunmaqdadır, əlavə olaraq müraciətlərin qəbulu zamanıda da bu barədə qərarın şəxslərə poçtla ərizədə göstərdikləri ünvana göndəriləgək olması barədə məlumat verilir. Lakin İddiaçı ünvanına DMX tərəfindən onun barəsində qəbul olunmuş inzibati akt cari tarixədək poçt vasitəsi ilə göndərilməmişdir. Yalnız DMX tərəfindən onunla telefon vasitəsi ilə əlaqə saxlanılaraq barəsində qəbul edilmiş qərarda göstərilmiş 10 gün müddətinin bitdiyi və ölkəni tərk etməli olduğuna, əks halda Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılacağına dair şifahi məlumat verilmişdir. Belə olan halda şəxs MYİ-almaq üçün yenidən müraciətə dair hüquqnu itirdiyindən bu müddətin bərpasına dair DMX-nin rəhbərliyinə ərizə ilə müraciət olunaraq “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi, İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almaq üçün təkrar müraciətinin icraata qəbul edilməsinə dair müvafiq göstəriş verməsi xahiş edilmişdir. X2 Xidməti xx.xx.2023-cü il tarixdə poçt rabitə vasitəsiylə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-37/2-A-73-26-2-06- 5565/2023 nömrəli cavab məktubu ilə şəxsin tələbi rədd edilmişdir. Baxmayaraq ki, məsələyə dair DMX-nə həm poçt rabitə vasitəsiylə, həm də elektron qaydada müraciət olunmuşdur, DMX özünün müvafiq cavabını bizə poçt rabitə vasitəsi ilə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra “İPM”) tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu göndərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. İş materiallarında olan poçt xəbərnaməsindən (SX001484702AZ) görünür ki, qeyd edilən hüquqi yardım məktubu xx.xx.2023-cü il tarixdə iddiaçıya çatdırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.9-cu maddəsinə əsasən (Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil aldıqda) Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarı ilə Suriya Ərəb Respublikasının vətəndaşı X3 Kherin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsinin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Tibb Universiteti Dövlət Miqrasiya Xidmətinə xx.xx.2022-ci il tarixdə müraciət ünvanlayaraq X3 Kherin universitetdən xaric olunduğunu bildirmişdir. Bundan sonra X3 Kherin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə Miqrasiya Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş digər əsasının olduğu təqdirdə bunu təsdiq edən müvafiq sənədlə birlikdə 15 gün ərzində Dövlət Miqrasiya Xidmətinə müraciət etməsinə dair ərizə-anketdə qeyd etdiyi elektron poçt ünvanına (Elektron ünvan ) xx.xx.2022-ci il tarixdə məktub göndərilmişdir. Buna baxmayaraq bu barədə onun müraciəti qeydə alınmamışdır. Qeyd olunan hallar nəzərə alınmaqla Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, 8624851-L nömrəli qərarı ilə şəxsə verilmiş müvəqqəti yaşamaq üçün icazə ləğv edilmiş, həmin qərar yuxarıda qeyd olunan elektron poçt ünvanına göndərilmiş, eyni zamanda Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində dərc edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Sözügedən Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Qeyd olunan Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yazılı inzibati akt kütləvi informasiya vasitələrində dərc olunur. İnzibati akt dərc edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddiaçının iddia ərizəsinə etiraz edərək məhkəmədən X3 Kherin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasın yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçının iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddiaya İPMin müddəalarına uyğun olaraq mümkün sayılmamalıdır. İddianın mümkün sayılmamasının əsası olaraq iddia ərizəsinin İPM-in 46-cı maddəsinin tələblərinə uyğun tərtib olunmaması qeyd edilməlidir. Məhkəmə iddianın mümkün sayılmamasının əsası ilə bağlı aşağıdakıları qeyd edir: İPM-in 46.1-ci maddəsinə əsasən iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının: 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.1-cı bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-cı bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddiaçı qanunvericilikdə nəzərdə tutulmayan formada, yəni iddia ərizəsi ilə deyil, ərizə ilə məhkəməyə müraciət etmişdir, həmçinin ərizədə iddiaçı və cavabdeh qeyd edilməmiş və onlara dair məlumatlar (inzibati orqanın adı, hüquqi ünvanı və s.) göstərilməmişdir. Həmçinin məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, tələb aydın və konkret hüquqi nəticəliliyə yönəlik deyil. Belə ki, iddia tələbində “müvəqqəti yaşamaq üçün icazə almasına dair müraciəti üçün müddətin buraxılmış hesab edilməməsi və müvəqqəti yaşamaq üçün icazə almasına dair müraciətinin qəbul edilməsinə dair vəzifə qoyulmasına dair qərar qəbul edilməsi” göstərilmişdir. Məhkəmə tələbin “müvəqqəti yaşamaq üçün icazə almasına dair müraciəti üçün müddətin buraxılmış hesab edilməməsi” hissəsi ilə bağlı qeyd edir ki, tələb cavabdeh inzibati orqanın üzərinə hər hansı öhdəliyin qoyulması və ya hər hansı hərəkət (hərəkətsizliyin) edilməsi, həmçinin qərarın qəbul edilməsi və ya ləğv edilməsi ilə bağlı olmalıdır. Lakin hazırkı halda isə iddia tələbində göstərilənlərə dair hüquqi yardım edilməsinə baxmayaraq, bununla bağlı hər hansı dəqiqləşmə ərizəsi məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə müddətin buraxılmamış hesab edilməsi ilə bağlı qeyd edir ki, müvafiq inzibati akt mübahisələndirildiyi halda, qeyd edilən hal məhkəmə icraatının gedişində qiymət verilməli olan haldır. Məhkəmə iddia tələbinin digər hissəsi olan “müvəqqəti yaşamaq üçün icazə almasına dair müraciətinin qəbul edilməsinə dair vəzifə qoyulması” hissəsi ilə bağlı bildirir ki, iş materiallarından da görünür ki, həmin tələb ilə bağlı iddiaçı inzibati orqana müraciət etmiş və onun müraciəti qəbul edilərək bu barədə müvafiq inzibati araşdırma aparılmış və bununla bağlı xx.xx.2022-ci il tarixli 8624851-L nömrəli qərar qəbul edilmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. (bənd 1.1) İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (bənd 1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (bənd 2.1) Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (bənd 17) İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar