Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9443/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ötən dövrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “İddiaçı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ötən dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü il təvəllüdlü iddiaçı xx.xx.2001-ci il tarixində həkim-rentgenoloq vəzifəsi üzrə 4 nömrəli Vərəm əleyhinə Dispanserdə işə qəbul olunmuş, xx.xx.2001-ci il tarixində rentgen kabinetinin müdiri vəzifəsinə irəli çəkilmiş, bugünədək həmin Dispanserdə rentgen şöbəsinin müdiri (müqavilə üzrə: şüa-diaqnostika şöbəsinin müdiri) vəzifəsində çalışır. Bildirilmişdir ki, dispanserdə fəaliyyət göstərdiyi 23 il müddətində daimi olaraq müəssisənin rentgen otağında zərərli şüa əhatəsində vəzifəsini icra etmiş, tabeliyində olan tibb heyətinə rəhbərlik etməklə yanaşı, eyni zamanda pasientlərin müayinəsi ilə şəxsən məşğul olmuşdur ki, bu həm əmək müqaviləsi (xxxxxxx000207 nömrəli əmək müqaviləsi bildirişinə əsasən - məşğulluq təsnifatı: həkim) üzrə daşıdığı vəzifə olmuşdur, həm də bu hal iddiaya əlavə edilən müvafiq sənədlərdə də aşkar surətdə öz əksini tapmışdır. Belə ki, sağlamlıq üçün normadan artıq təhlükə yaranmasının qarşısının alınması məqsədilə, müasir texniki imkanlar vasitəsilə iddiaçının, həmçinin rəhbərlik etdiyi şöbənin hər bir əməkdaşının gündəlik şüalanma dozası dəqiq miqdarı ilə müəyyən edilir və uçotu aparılır. Bundan əlavə, tərəfindən mütəmadi olaraq qəbul və müayinə etdiyi pasientlərin uçotunu aparmış, həmçinin gündəlik olaraq hər bir həkimin, o cümlədən onun qəbul və müayinə etdiyi xəstələrin sayı, məlumatları mərkəzləşmiş qaydada elektron şəkildə TƏBİB-ə təqdim olunur. 20 ildən artıq müddətdə fəaliyyəti zamanı xidməti otaqda əyləşərək inzibati rəhbər vəzifəsi icra etməmiş, əmək müqaviləsilə nəzərdə tutulmuş iş saatları ərzində daim rentgen otağında müayinədə və vərəm diaqnozlu pasiyentlərlə ünsiyyətdə olmuşdur. Tutduğu vəzifədə çalışdığı müddətdə dispanser tərəfindən ona Əmək Məcəlləsinin 115-ci maddəsinə əsasən (o cümlədən, Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 92 nömrəli qərarı ilə təsdiq olunmuş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 37-ci, Səhiyyə fəslinin Yoluxucu, göbələkli və vərəmli xəstələr üçün (vərəmə qarşı) müalicə-profilaktika müəssisələri, şöbələri, palataları, kabinetləri; sanator-meşə məktəbləri və internat məktəbləri, uşaq evləri, uşaq bağçaları (qrupları), körpələr evi (qrupları), körpələr evi-bağçalar (qruplar) və xroniki dizenteriya xəstəliyi olan uşaq evləri (qrupları); vərəm xəstəliyi olan əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri (şöbələri); vərəm xəstəliyi olan əlilliyi olan şəxslər üçün tədris məktəbləri bölməsinin 1-ci hissəsində həkim (o cümlədən şöbənin, kabinetin, laboratoriyaların həkimi-rəhbəri qeyd olunmuşdur) 12 gün əlavə məzuniyyət verilir. Həmin Məcəllənin 93-cü maddəsinin tələblərinə uyğun olaraq həftəlik 33 iş saatı müəyyən edilmişdir. Həmçinin, fəaliyyəti müddətində zərərli iş şəraitinə görə qanunvericiliyə uyğun olaraq əlavə əməkhaqqı almışdır. xx.xx.2024-cü il tarixində 60 yaşı tamam olduğu üçün güzəştli şərtlərlə pensiya təyinatı üçün xx.xx.2024-cü il tarixində tələb olunan sənədlərlə Bakı şəhəri 4 saylı DOST Mərkəzinə müraciət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-117-1/2-N-52644/2024 nömrəli imtina məktubunu xx.xx.2024-cü il tarixində əldə etmişdir. Verilən imtinadan narazı qalaraq, ilk müraciətində tələb olunmadığı üçün əlavə etməyi ehtiyac görmədiyi sübutedici sənədləri də əlavə edərək, xx.xx.2024-cü il tarixində müşayiət məktubu ilə bir daha eyniməzmunlu tələblə 4 saylı DOST Mərkəzinə müraicət etmiş, cavabdeh orqan ikinci müraciətinə əlavə edilmiş sənədlərə münasibət bildirmədən sadəcə ilkin məktubunda qeyd etdiyi normalara əsaslanaraq şablon xarakterli, xx.xx.2024-cü il tarixli 3-17- 1/2-N- 93536/2024 nömrəli məktubla ikinci dəfə müraicətinə imtina bildirmişdir. Cavabdeh eyniməzmunlu imtina məktublarında tutduğu vəzifənin "həkim rentgenoloq" deyil, "şöbə müdiri" adlanmasını əsas gətirərək, bu vəzifənin qanunvericiliklə güzəştli şərtlərlə pensiya hüququ yaratmadığını bildirmişdir. İmtinadan bu qənaətə gəlmək olar ki, vəzifə adı "şöbə müdiri" yox, "şöbə müdiri - həkim" olaraq qeyd olunsa idi müraciət şərtlərə cavab verəcəkdi. İddiaçı hesab edir ki, cavabdeh imtinasında Nazirlər Kabinetinin müvafiq qərarını öz mülahizəsinə və mənafeyinə uyğun şərh etmiş, vəzifə adının ştata və müəssisənin strukturuna uyğunluğunu nəzərə almadan, faktiki fəaliyyət növünü əsas götürmədən əsassız qərar qəbul etmişdir...Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 1-1-ci maddəsinə əsasən, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər. Yuxarıdakı abzasda adı çəkilən qərarla təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 19-cu, Tibb və sosial təminat müəssisələri fəslinin 2-ci hissəsində həkim-rentgenoloqlar, həmçinin rentgen cərrahiyyəsi və angioqrafiya kabinetlərində daimi məşğul olan həkimlər nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq olunmuş Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləğinin 2.2.1-ci bəndinin "ı" hissəsinə əsasən, müxtəlif profilli rentgen, radioloji və rentgen-radioloji şöbələrdə, bölmələrdə, laboratoriyalarda, qruplarda və kabinetlərdə rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, ion şüalanması mühitində və ya radioaktiv maddələrlə daima işləyən mütəxəssislər sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əməkhaqqına əlavələr alır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Çünki iddiaçının güzəştli iş stajının qanunvericiliklə tələb olunandan azdır (4 ay 29 gün). Belə ki, İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi publik hüquqi şəxsinin Bakı Baş Səhiyyə Mərkəzinin 4 nömrəli X4 26 mart 2024-cü il tarixli 04 nömrəli arayışında xx.xx.2002-ci il tarixdən bugünədək həmin müəssisədə rentgen şöbəsində şöbə müdiri vəzifələrində onun işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tibb və sosial təminat müəssisələri bölməsində (19) həkim rentgenoloqlar, həmçinin rentgen cərrahiyyəsi və angioqrafiya kabinetlərində daim məşğul olan həkimlər və bilavasitə xəstələrə xidmət edən yarımbölməsində vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində (a) bəndində kiçik və orta tibb heyətinin işçiləri nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi şöbə müdiri vəzifəsi yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 ay 29 gün (xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Göstərilənlərə əsasən tələbin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Qaradağ rayon Polis İdarəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024 və xx.xx.2024-cü il tarixli eyni məzmunlu məktublarından görünür ki, iddiaçının müraciətinə etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -26 oktyabr 1987-ci il tarixdən doldurulmağa başlanılmış 3Т-İ № ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Gürcüstan SSR Marneuli rayon xəstəxanasının uşaq bölməsində interna üzrə həkim, xx.xx.1987-ci ildən xx.xx.1994-cü il tarixinədək Gürcüstan SSR Marneuli rayon Sadaxlı kənd xəstəxanasında həkim pediatr, xx.xx.1995-ci ildən xx.xx.1996-cı il tarixədək Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında həkim, xx.xx.1996cı ildən xx.xx.2000-ci il tarixədək hərbi hissədə hərbi həkim, xx.xx.2001-ci ildən xx.xx.2001ci il tarixədək 4 nömrəli Vərəm əleyhinə dispanserdə həkim-flüoqraf, xx.xx.2001-ci idən xx.xx.2001-ci il tarixədək 4 nömrəli Vərəm əleyhinə dispanserdə rentgen kabinetinin müdiri, xx.xx.2001-ci ildən xx.xx.2002-ci il tarixədək 6 saylı ACXD-də həkim rentgenoloq, xx.xx.2002-ci ildən hal-hazıradək Bakı şəhəri 4 saylı Vərəm əleyhinə dispanserdə rentgen şöbəsinin müdiri vəzifəsində işləyir. -TƏBİB PHŞ Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 4 nömrəli X4 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli, 04 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Bakı Baş Səhiyyə İdarəsinin Bakı şəhəri 4 nömrəli X4 rentgen şöbəsinə həkim rentgenoloqflüoroqraf ixtisası üzrə işə qəbul edilib və xx.xx.2002-ci il tarixdə Rentgen şöbə müdiri vəzifəsinə təyoin edilib. İşlədiyi müddət ərzində tam iş günü bilavasitə olaraq vərəmli xəstələrlə təmasda olur. İşlədiyi müddət ərzində tam iş günü bilavasitə olaraq vərəmli xəstələrinin Rentgenoqrafiya və Rentgenoskopiya müayinələrini aparır. Gündəlik şüalanma dozası 0,0245 MZV (A qrupu). İşlədiyi müddət ərzində əlavə 25 faiz əməkhaqqı və əlavə məzuniyyət alıb (əsas: ştat cədvəli, maaş cədvəli, əmr kitabları). İddiaçı tutduğu vəzifə Nazirlər Kabinetinin təsdiq etdiyi xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş 1ci siyahının 19-cu bölməsinin 3-cü bəndinə əsasən güzəştli təqaüdə çıxmaq hüququ var. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin: - 3.1.1-ci bəndinə əsasən, işçi şüa diaqnostikası üzrə həkimin tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməyi öhdəsinə götürür. -4.4-cü bəndinə əsasən, işçi əmək funksiyasını ağır zərərli (zərərli, yeraltı və s) şəraitli iş yerində icra etdiyi üçün onun əmək haqqına 140 manat məbləğində əlavə müəyyən edilmişdir. - 4.28-ci bəndinin 2-ci yarımbəndinə əsasən əmək şəraitinin xarakterinə görə 12 təqvim günü əlavə məzuniyyət müddəti müəyyən edilmişdir. -Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə əsasən 4 nömrəli X3 Süa diaqnostikası şöbəsində həkim (ümumi), şöbə müdiri vəzifəsində işləyir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ X5 Sanitariya-gigiyena, fiziki-kimyəvi, toksikoloji və radioloji sınaqlar laboratoriyası, X1 müdiri tərəfindən təsdiq olunan ionlaşdırıcı şüa mənbələrinin təsir əhatəsində işləyən heyətin fərdi dozimetrik nəzarətinin nəticələri barədə xx.xx.2022-ci il tarixli 734 nömrəli Protokoldan görünür ki, Bakı şəhər Baş Səhiyyə Mərkəzi” PHŞ 4 saylı Vərəm Əleyhinə rəhbərlik tərəfindən 28.06.22-18.10.22-ci il tarixədək dozimetrin daşınma yeri (sinə) və müddəti (3 ay) müəyyən edilmiş, ölçmələr HARSHAW - 6600 TLD tipli dozimetrik cihazda aparılmış, ölçmələrin nəticələri aşağıdakı kimi olmuşdur: Qeyd: Hp(10) bütün bədənin ekvivalent şüalanma dozası (normada heyətin A qrupu üçün illik effektiv doza həddi 20 mZv), Hp(0,07) - dərinin ekvivalent şüalanma dozası (normada heyətin A qrupu üçün illik ekvivalent doza həddi 500 mZv ), TO - təyin olunmamışdır. İddiaçı adı (daşınma müddəti ərzində effektiv ekvivalent doza Zy Hp (10)-0,1657, Hp 0,07-0,1906) siyahıda birinci yerdə qeyd olunmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ X5 Sanitariya-gigiyena, fiziki-kimyəvi, toksikoloji və radioloji sınaqlar laboratoriyası, X1 müdiri tərəfindən təsdiq olunan ionlaşdırıcı şüa mənbələrinin təsir əhatəsində işləyən heyətin fərdi dozimetrik nəzarətinin nəticələri barədə xx.xx.2023-cü il tarixli 441 nömrəli Protokoldan görünür ki, Bakı şəhər Baş Səhiyyə Mərkəzi” PHŞ 4 saylı Vərəm Əleyhinə rəhbərlik tərəfindən 06.02.23-08.05.23-cü il tarixədək dozimetrin daşınma yeri (sinə) və müddəti (3 ay) müəyyən edilmiş, ölçmələr HARSHAW - 6600 TLD tipli dozimetrik cihazda aparılmış, ölçmələrin nəticələri aşağıdakı kimi olmuşdur: Qeyd: Hp(10) bütün bədənin ekvivalent şüalanma dozası (normada heyətin A qrupu üçün illik effektiv doza həddi 20 mZv), Hp(0,07) - dərinin ekvivalent şüalanma dozası (normada heyətin A qrupu üçün illik ekvivalent doza həddi 500 mZv ). İddiaçı adı (daşınma müddəti ərzində effektiv ekvivalent doza Zy Hp (10)-0,2252, Hp 0,07-0,3029) siyahıda birinci yerdə qeyd olunmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ X5 Sanitariya-gigiyena, fiziki-kimyəvi, toksikoloji və radioloji sınaqlar laboratoriyası, X1 müdiri tərəfindən təsdiq olunan ionlaşdırıcı şüa mənbələrinin təsir əhatəsində işləyən heyətin fərdi dozimetrik nəzarətinin nəticələri barədə xx.xx.2023-cü il tarixli 820 nömrəli Protokoldan görünür ki, Bakı şəhər Baş Səhiyyə Mərkəzi” PHŞ 4 saylı Vərəm Əleyhinə rəhbərlik tərəfindən 22.05.23-14.08.23-cü il tarixədək dozimetrin daşınma yeri (sinə) və müddəti (3 ay) müəyyən edilmiş, ölçmələr HARSHAW - 6600 TLD tipli dozimetrik cihazda aparılmış, ölçmələrin nəticələri aşağıdakı kimi olmuşdur: Qeyd: Hp(10) bütün bədənin ekvivalent şüalanma dozası (normada heyətin A qrupu üçün illik effektiv doza həddi 20 mZv), Hp(0,07) - dərinin ekvivalent şüalanma dozası (normada heyətin A qrupu üçün illik ekvivalent doza həddi 500 mZv ) . İddiaçı adı (daşınma müddəti ərzində effektiv ekvivalent doza Zy Hp (10)-0,1351, Hp 0,07-0,1588) siyahıda birinci yerdə qeyd olunmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ X5 Sanitariya-gigiyena, fiziki-kimyəvi, toksikoloji və radioloji sınaqlar laboratoriyası, X1 müdiri tərəfindən təsdiq olunan ionlaşdırıcı şüa mənbələrinin təsir əhatəsində işləyən heyətin fərdi dozimetrik nəzarətinin nəticələri barədə xx.xx.2024-cü il tarixli 241 nömrəli Protokoldan görünür ki, Bakı şəhər Baş Səhiyyə Mərkəzi” PHŞ 4 saylı Vərəm Əleyhinə rəhbərlik tərəfindən 27.11.23-26.02.24-cü il tarixədək dozimetrin daşınma yeri (sinə) və müddəti (3 ay) müəyyən edilmiş, ölçmələr HARSHAW - 6600 TLD tipli dozimetrik cihazda aparılmış, ölçmələrin nəticələri aşağıdakı kimi olmuşdur: Qeyd: Hp(10) bütün bədənin ekvivalent şüalanma dozası (normada heyətin A qrupu üçün illik effektiv doza həddi 20 mZv), Hp(0,07) - dərinin ekvivalent şüalanma dozası (normada heyətin A qrupu üçün illik ekvivalent doza həddi 500 mZv). İddiaçı adı (daşınma müddəti ərzində effektiv ekvivalent doza Zy Hp (10)-0,1402, Hp 0,07-0,1763) siyahıda birinci yerdə qeyd olunmuşdur. -4 nömrəli X4 “İddiaçı ezamiyyətə göndərilməsi haqqında” 26 mart 2020-ci il tarixli, 58 nömrəli Əmri aşağıdakı məzmundadır: 1. Covid 19-a görə göndərilmiş iş rejimində işləmək üçün 4 nömrəli X4 Şüa diaqnostika şöbəsinin şöbə müdiri (Şüa diaqnostikası üzrə həkim) İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020- ci il tarixədək Ağdaş şəhərinə ezam edilsin. X6 xx.xx.2020-ci il tarixdən xx.xx.2020 - ci il tarixədək şöbə müdiri ( Şüa diaqnostikası üzrə həkim ) vəzifəsinin müvəqqəti icrası həvalə edilsin və ona əmək haqqı arasında olan fərq ödənilsin. Ezamiyyət xərcləri əsas iş yerindən ödənilsin. Tarif maaşı 5 misli civarında əmək haqqı ödənilsin. -4 nömrəli Vərəm əleyhinə dispanser tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş 09 iyul 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı şöbə müdiri vəzifəsini daşısa da, praktiki rentgenoloq işini görür. Yəni hər gün radio aktiv şüa mənbəyi olan rentgen aparatı ilə vərəm xəstələrinin müayinəsini aparır. Müayinə etdiyi xəstələrin qeydiyyatı aparılır və hər gün TƏBİB-in bazasına yerləşdirilir. Gündəlik şüalanma dozasını xüsusi dozimetr aparatı ilə qeydə alınır və kvadratla bir dəfə X2 yoxlanılır. -Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşqul olmaq hüququniu təsdiq edən AH№053410 saylı 13 sentyabr 2023-cü il tarixli Sertifikasiya Şəhadətnaməsindən görünür ki, İddiaçı 13 sentyabr 2023-cü il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində süa diaqnostikası ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. -Müvafiq sorğu əsasında məhkəməyə təqdim edilmiş 4 nömrəli X4 şüa diaqnostikası üzrə həkimin nümunəvi Vəzifə Təlimatına əsasən həkimin əsas vəzifə öhdəlikləri aşağıdakılardır: Şüa diaqnostikası üzrə həkimin tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir; müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasmım (anamnezin toplanması, kliniklaborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir; mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır; pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir; müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərir; ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir; diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir; orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak edir; öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir; tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir; sanitar-maarifləndirmə işini aparır, etik davranış qaydalarına riayət edir; əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertiza üçün zəruri sənədlər hazırlayır; müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra edir; qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamətdə təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır; müəyyən olunmuş qaydada sertifıkasiyadan keçir; daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir, tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə, şüa diaqnostikası üzrə həkim əmək intizamının, qanunvericilik və normativ –hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. Beləliklə işin faktiki hallarına əsasən, xx.xx.1964-cü il təvəllüdlü iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatmasını və ümumi iş stajını mübahisələndirməmişdir. İş materialları ilə də məlum olur ki, iddiaçının xx.xx.1964-cü il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Ümumi iş stajına gəldikdə isə iddiaçının əmək kitabçasındakı məlumatlardan onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının toplanmamasıdır. Cavabdeh hesab etmişdir ki, iddiaçının “Bakı Baş Səhiyyə Mərkəzi”nin 4 nömrəli Vərəm əleyhinə dispanserdə xx.xx.2002-ci il tarixdən işlədiyi rentgen şöbəsində şöbə müdiri vəzifəsi AR Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahısında güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə bildirir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iki arayış təqdim edilmiş və həmin arayışlarda iddiaçının xx.xx.2002-ci il tarixdən Rentgen şöbəsinin müdiri vəzifəsində işləsə də, əmək fəaliyyəti dövründə tam iş günü bilavasitə olaraq vərəmli xəstələrlə təmasda olmaqla icra etdiyi funksional vəzifəsinin AR Nazirlər Kabinetinin 12 nömrəli, xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahıda “Tibb və sosial təminat müəssisələri” bölməsindəki (19) “həkim-rentgenoloqlar, həmçinin rentgen cərrahiyyəsi və angioqrafiya kabinetlərində daimi məşğul olan həkimlər” vəzifəsinə uyğun olması dəqiq göstərilmiş, işlədiyi müddət ərzində əlavə 25 % əmək haqqı və əlavə məzuniyyət aldığı barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda müvafiq sorğu ilə 4 saylı Vərəm əleyhinə dispanser tərəfindən məhkəməyə təqdim edilmiş vəzifə təlimatından görünür ki, şüa diaqnostikası üzrə həkimin vəzifələrindən biri şüa diaqnostikası üzrə həkimin tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməkdir (6-cı bənd). Həmin vəzifə eynilə iddiaçının rentgen şöbəsinin müdiri kimi bağladığı əmək müqaviləsinin 3.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Göründüyü kimi, şöbə müdirinin vəzifələri şüa diaqnostikası üzrə həkimin vəzifələrinə uyğundur. Bundan başqa iş üzrə keçrilmiş məhkəmə iclası zamanı Dispanser tərəfindən təqdim edilmiş iddiaçının cari il ərzində rentgenoqrafiya ilə bağlı qəbul etdiyi pasientlərin qeydiyyat kitabının əslinə baxış keçirilmişdir. Belə olan halda, məhkəmə cavabdehin dəlillərini əsaslı saymır və hesab edir ki, iddiaçıya məxsus əmək kitabçası, əmək müqaviləsi, o cümlədən funksional vəzifə təlimatlarının müqayisəli təhlili onu deməyə əsas verir ki, iddiaçı xx.xx.2002-ci il tarixdən rentgen şöbə müdiri vəzifəsində çalışsa da, yerinə yetirdiyi işlər ağır zərərli vəzifə kimi səciyyələndiyindən və bununla da güzəştli staj verən vəzifəyə uyğun olduğu öz təsdiqini tapdığından, həmçinin təqdim olunan arayışlardakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Odur ki, iddiaçının Bakı şəhəri 4 nömrəli X4 Rentgen şöbəsində şöbə müdiri vəzifəsində işləməklə xx.xx.2002-ci ildən pensiya hüququnun yarandığı xx.xx.2024-cü il (22 il, 01 ay 01 gün) tarixədək icra etdiyi eyni vəzifə-həkim rentgenoloq vəzifəsinin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə hesab olunduğundan həmin dövrlər onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq güzəştli iş stajı yaranmış olur (22 il 01 ay 01 gün+04 ay 29 gün= 22 il, 6 ay). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamış, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-9443/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9443/2024
31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver