Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9444/2021 25.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X13, üçüncü şəxslər X2, X7, üçüncü şəxslərin vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X11 və X8) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X11 və X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evindən X8 və X7 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və X2 və X7 evindən çıxarılmaları barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, ünvan 1 evi öz şəxsi vəsaiti hesabına tikdirmiş və 2003-cü ildən öz həyat yoldaşı X3 ilə birlikdə həmin evdə yaşayırlar. Həmin evin sayğacları onun adınadır və 2003-cü ildən indiyə kimi bütün vergiləri vaxtı-vaxtında özü ödəmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə o və həyat yoldaşı həmin evə pasport qeydiyyatına düşmüşlər. X8 onun gəlini, Ələkbərova Səbinə isə onun nəvəsidir. Oğlu X1-19 virusundar dünyasını dəyişmişdir. Oğlunun həyat yoldaşı X8 və nəvəsi X11 onun evinin mansard hissəsinin 2 otağını, 2-ci mərtəbənin bir hissəsini və birinci mərtəbədə olan 1 otaq və mətbəxi zəbt etmişdir. Oğlu Elxan, həyat yoldaşı Nayibə və qızları Səbinə bir neçə il əvvəl hansısa qeyri-qanuni yolla onun evinə pasport qeydiyyatına düşmüşlər. Lakin bütün bunlara baxmayaraq, indiyənə qədər onun mənzilində pasport qeydiyyatındadır. Onların qeydiyyatda qalması ona maddi cəhətdən ziyan vurduğundan o, əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır və mənzilinə mülkiyyət hüquqlarından istifadə edə bilmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X18 iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 izahatında bildirdi ki, onlar iddia ərizəsində yazılanlardan fərqli olaraq Bakı şəhəri, Sabunçu rayonu, L.Məmmədbəyova küçəsi, 1A/2 saylı evə tam qanuni əsaslarla qeydiyyata alınmışlar. Evin mülkiyyət hüququna dair sənədi yoxdur. Yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, faktiki mövcuddur, iddiaçı və onlar tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar bu evə iddiaçının razılığı ilə qeydiyyata alınmış və bu zaman qarşılarında evə köçməkləri, orada yaşamaları ilə bağlı hər hansı bir şərt qoyulmamışdır. Onlar bu evə müvəqqəti yaşamaq üçün deyil, daimi yaşayış yeri olaraq köçmüşlər. Onların da mübahisəli evdən burada yaşayan iddiaçı ilə bərabər surətdə istifadə etmək hüquqları yaranmışdır və orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilində yaşamaq imkanına malikdirlər. Onlar burada yaşamışlar və hal-hazırda da həmin evdə yaşayırılar. Ev onların vəsaiti hesabına tikilmişdir. Belə olduğu təqdirdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin onların qeydiyyatdan çıxarılmaları barədə ərizənin icrasından imtinası qanuni və əsaslıdır. Göstərilnlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər üçüncü şəxs X11 iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin vəkili X9 iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 09.08.2021-ci il tarixli məktubda qeyd olunur: Sizin Sabunçu RPİ-nə daxil olmuş ərizənizə tərəfimizdən baxılmışdır: Ərizənin icrası ilə əlaqədar olaraq bildiririk ki, ərizənizdə qeyd etdiyiniz vətəndaşlar X6 və X7 Sizə məxsus olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi, ev 1 A/2, mənzil 6-dan qeydiyyatdan çıxarılmaları Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etməyiniz məqsədəmüvafiq hesab edilir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsinin 02.08.2021-ci il tarixli arayışlarından görünür ki, X11 və X8 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi, ev 1A/2 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 17.09.2021-ci il tarixli məktubda qeyd olunur: ünvan 5 ünvanının qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının üçüncü şəxsləri qeydiyyatdan çıxarmaq istədiyi ünvan - ünvan 6nın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı həmin ünvanın ona məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 17.09.2021-ci il tarixli məktubdan da görünür ki, həmin ünvan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Göründüyü kimi, qeyd olunan ev özbaşına tikilidir və iddiaçı həmin evin ona məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim bilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Bundan başqa, iddia tələbinin X2 və X7 evdən çıxarılması hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin iddia tələbi ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etməklə bağlı tələb olmadığına görə mövcud iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün deyildir və qeyd olunan tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 4 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-9444/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9444/2021
25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver