Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9445/2024 15.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı adından iddia ərizəsi məhkəməyə təqdim edilərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 600 kv.m. torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 20 noyabr 1997-ci il tarixli 11 saylı Çıxarışının Qərara alır hissəsində göstərilir: «1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 saylı və 02 sentyabr 1991 -ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış tikintisi üçün həyətanı torpaq fondu ayrıldığı nəzərə alınsın. 2. Bakı şəhəri İcra Hakimiyyətinin Baş planına uyğun olaraq aşağıdakı vətəndaşlara fərdi yaşayış tikintisi üçün hər ailəyə 600 kvm hesabı ilə həyətyanı torpaq sahəsi ayrılsın: İddiaçı, Bakı şəhəri, Maştağa qəsəbəsi, Maştağa - Nardaran yolu Massiv, Məhəllə 60, ev 1». Həmin torpaq sahəsi verildiyi tarixdən indiyə kimi iddiaçının sahibliyində və qanuni istifadəsindədir. Qeyd edilən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilata ərizə ilə müraciət edilmiş, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli rəsmi cavabı ilə ərizənin təmin olunmasından imtina edilmişdir. İddiaçı cavabdeh orqanın təqdim etdiyi imtina məktubunu əsassız və qeyri-qanuni hesab edir.
3. Cavabdeh tərəfindən X1 ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilən xx.xx.1997-ci il tarixli, 41 nömrəli Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar qeydiyyat üçün əsas hesab edilir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 1655 nömrəli fərmanının 3.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etməlidirlər. Bundan əlavə, təqdim edilmiş sənədlərdə hüquq sahibi kimi İddiaçı adı göstərilmişdir. Lakin təqdim edilən X3 tərəfindən X1 verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədə etibarnamə üzrə çıxış edən şəxs hüquq sahibini deyil digər şəxsi təmsil edir və xx.xx.2023-cü il tarixli etibarnamədən səlahiyyətlərin ötürülməsi qeyd olunmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
4. Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa Qəsəbəsi Himayəndəliyi Aparatının xx.xx.1997ci il tarixli, 11 saylı Qərarından Çıxarışda qeyd edilmişdir:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli, 123 saylı və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınsın.
2. Bakı şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq aşağıdakı vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün hər ailəyə 600 kv.metr hesabı ilə həyətyanı torpaq sahəsi ayrılsın. İddiaçı, Bakı şəhəri, Maştağa qəsəbəsi, Maştağa - Nardaran yolu Massiv, Məhəllə 60, ev 1
5. Maştağa qəsəbəsinin Baş Planından Çıxarış və Maştağa qəsəbəsi Savalan yaşayış massivi 2-ci kvartal 675A saylı torpaq sahəsinin yerləşmə sxemi iş materiallarına əlavə olunmuşdur.
6. X2 məhkəmə iclasında iştirak edərək bildirdi ki, iddia ərizəsi İddiaçı tərəfindən təqdim edilmiş etibarnamə əsasında X3 tərəfindən imzalanmış və X3 tərəfindən məhkəmədə onun adından iştirak etmək üçün X1 etibarnamə verilmişdir. X2 və X3 İddiaçı yaxın qohumu və ya vəkillər kollegiyasının üzvü deyildirlər.
II. İddianın mümkünlüyü
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
8. Məhkəmə qeyd edir ki, iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, iddia ərizəsi iddianı qaldıran şəxs tərəfindən deyil, səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır.
9. İPM-in 31.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər.
10. İddia ərizəsi İddiaçı məhkəmədə təmsilçi ola bilməyən nümayəndəsi X3 tərəfindən imzalanmışdır. İddiaçı onun adından iddia ərizəsini imzalayan X3 ilə yaxın qohumluq münasibətlərinin olması və İddiaçı adından iddia qaldırmaq səlahiyyəti müəyyən edilmir.
11. Məhkəmə qeyd edir ki, iddianın mümkün sayılmaması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Belə ki, iddiaçı hüquqi maraqlarına uyğun olaraq lazımi qaydada qaldırılmış iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.
12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
13. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva