Məhkəmə qərarları › İş №2-1(112)-9451/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9451/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9451/2024 05.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “sığorta cəriməsinin silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2-ci qrup Qarabağ Müharibəsi əlili, qazi olduğu üçün 2014-cü ildə Dövlət tərəfindən dövlətin mülkiyyətində olmaqla, ona yalnız idarə etmə hüququ verilməklə 90UN181 dövlət nömrə nişanlı “Nazlifan” markalı avtomobilin sığorta cəriməsinin silinməsinə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2-ci qrup Qarabağ Müharibəsi əlili, qazi olduğu üçün 2014-cü ildə Dövlət tərəfindən dövlətin mülkiyyətində olmaqla, ona yalnız idarə etmə hüquq verilməklə 90UN181 dövlət nömrə nişanlı “Nazlifan” markalı avtomobil verilmişdir. 2019-cu ildə avtomobilin 1 ədəd dövlət nömrə nişanı naməlum şəxs tətəfindən yerindən qoparılmışdır. Bu barədə Binəqədi rayon 7-ci Polis bölməsinə müraciət etmişdir. Lakin dövlət nömrə nişanı tapılmadığı üçün polis bölməsindən Qərar verilmişdir. Həmin Qərarla BDYPİ-yə müraciət etmiş, onlar avtomobilin dövlət tərəfindən sığorta pulunu ödəməməsi bəhanəsi ilə ona yeni dövlət nömrə nişanı verməkdən imtina etdilər. O, Bakı İnzibati məhəkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iddianı təmin edərək məhkəmə qərarının icra olumasını 2022-ci ildə BDYPİ-nə həvalə etdi. DİN-in BDYPİ bu günə kimi icra vərəqəsini icra etməkdən imtina edir ki, dövlət avtomobilin sığorta pulunu ödəməyib. 12 aprel 2024-cü il tarixdən isə avtomobili BDYPİ ondan alıb cərimə meydançasına yerləşdirib. Avtomobilə yeni dövlət nömrə nişanını verilməsi üçün DİN BDYP idarsinin internet səhifəsində dövlət rüsumu və avtomobilin texniki pasportunun təqdim olunmasından başqa heç bir sənədin əlavə olunması nəzərdə tutlmadığına baxmayaraq BDYPİ qanunları kobud surətdə pozaraq avtomobilə dövlət tərəfindən sığorta pulunun ödənilməməsini bəhanə gətirərək avtomobilə yeni dövlət nəmrə nişanı verilmir. Dövlət tərəfindən ona əlil olduğu üçün verilmiş avtomobildən BDYP idrəsinin səhlənkarlığına görə istifadə edə bilmir, avtomobili də ondan 12 aprel 2024-cü ildə alıb cərimə meydançasına yerləşdiriblər. BDYP idarəsi bldirir ki dövlət tərəfindən avtomobilin sığorta pulu ödənməyənə kimi avtomobilə nə yeni dövlət nömrə nişanı verilməyəcək, nə müddəti 2022-ci ildə bitmiş sürücülük vəsiqəsi verilməyəcək nədə ki avtomobil cərimə merdançasından buraxılmayacaq. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər iddiaçı tərəfin diqqətinə çatdırıldı. İddiaçı izah edilənlərin ona aydın olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddia tələbi cavabdeh kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə yönəlmişdir. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “... inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçının etirazı avtomobilin icbari sığortası üzrə tədbiq edilmiş inzibati cərimə üzrə məbləğin silinməsi ilə bağlıdır. Hüquq münasibətinin xarakteri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunan tələbi cavabdeh inzibati orqana qarşı irəli sürsə də, cavabdeh orqan ilə hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır. Belə olanda halda tərəflər arasında hər hansı inzibati mübahisə də mövcud deyildir. Çünki, iddia ərizəsində göstərilən hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində təspit edilmiş inzibati xəta faəliyyəti ilə əlaqədardır. Qeyd edilən halların araşdırılması, inzibati xəta törətmiş şəxsin aşkar edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsi inzibati icraatda səlahiyyətli orqanın (hazırkı iş üzrə cavabdehin) inzibati xətalara dair işlər üzrə inzibati icraat sahəsindəki fəaliyyət sferasına daxildir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinə görə, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İİ hissəsinə uyğun olaraq qeydiyyatdan keçmiş mexaniki avtonəqliyyat vasitələrinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə görə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə, fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsində irəli sürülən tələb inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid olduğundan, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası "İnzibati icraat haqqında" Qanunun 3.2.2-ci maddəsinə əsasən, bu Qanununun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə izah edir ki, iddiaçının ehtimal etdiyi hüquqlarının müdafiəsi ilə bağlı inzibati icraatda səlahiyyətli orqana müraciət etmək hüququ vardır. Həmin müraciətlərinin nəticəsi olaraq qəbul edilmiş qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə), prokurora və ya məhkəməyə şikayət vermək hüquqları vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar