Məhkəmə qərarları › İş №2-1(112)-9451/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9451/2025

08.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9451/2025 08.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 44 nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun tanınması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra – üçüncü şəxs) zəruri cəlb etmə qaydasında 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, N.Nərimanov adına NQÇİ-si Həmkarlar İttifaqı Komitəsinin Bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin xx.xx.1999-cu il tarixli, 4 saylı protokoluna əsasən iddiaçı bağçılıq yoldaşlıq təsərrüfatına üzv qəbul olunmuş və Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən sahəsi 800 kv.metr sahəsi olan 44 nömrəli bağ sahəsi ona təhkim edilmişdir. Bununla bağlı iddiaçıya verilmiş 44 nömrəli “Bağçının üzvlük kitabçası”nda onun bağçılıq cəmiyyətinə üzv qəbul edilməsi qeyd olunmuşdur. Həmin bağ sahəsi 25 ildən artıqdır ki, iddiaçının sahiblik və istifadəsindədir. İddiaçı tərəfindən həmin bağ sahəsi üzrə bütün kommunal və digər ödənişlər tərəfindən həyata keçirilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. O, imtinanı əsassız hesab edir. Torpaq sahəsi ətrafında çoxlu uzunmüddətli yaşayış evləri tikilmişdir və əhali məskunlaşmışdır. Həmin ərazinin hər hansı şirkətə məxsus olması və şirkət tərəfindən istifadə edilməsi tərəfindən müşahidə olunmamışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxivində saxlanılan “N.Nərimanov” adına bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı və arxiv qovluğunda torpaq sahəsinin yerləşmə cizgisi aşkar edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi hər hansı bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşmir. Eyni zamanda, elektron bazada ümumi sahənin “Qobustan Əməliyyat Şirkətinin” ərazisi olması barədə məlumat mövcuddur. Üçüncü şəxs tərəfindən iddia ərizəsinə dair təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, SOCAR-da saxlanılan "Dəniz neftçisi" Bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən iddiaçıya bağ sahəsinin ayrılması barədə hər hansı sənəd aşkar edilməmişdir. xx.xx.1999-cu il tarixdə iddiaçıya bağ sahəsi ayrılmışdırsa, xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş siyahıda onun adı olmalı idi. Bundan əlavə, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş istehsalat təyinatlı ərazilərə aiddir. İddia edilən torpaq sahəsi Azərbaycan Respublikasının 13 noyabr 1998-ci il tarixli 538-İQ nömrəli nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Cənub-Qərbi Qobustan bloku”na daxil olan üç sahənin («Şıxzəgirli», «Şeytanud», «Bürgüt», «Donquzduq», «Nardaran», «İlxıçı», «Qərbi Hacıvəli», «Sundi», «Şərqi Hacıvəli», «Turağay», «Kənizədağ», «Qərbi Duvannı», «Duvannı», «Solaxay» və «Daşgil» yataqlarının), kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa oxşar izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili yazılı etirazın məzmununa oxşar izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Surəti iddia ərizəsinə əlavə edilmiş N.Nərimanov adına NQÇİ-si Həmkarlar İttifaqı Komitəsinin Bağçılıq Yoldaşlıq təsərrüfatı üzvlərinin xx.xx.1999-cu il tarixli, 4 saylı protokolundan çıxarışa əsasən iddiaçı bağçılıq yoldaşlıq təsərrüfatına üzv qəbul edilmiş və ona 800 kv.m sahəsi olan 44 nömrəli bağ sahəsi təhkim edilmişdir. İddiaçı ərizəsinə iddiaçının adına verilmiş bağçılıq üzvlük kitabçasının surəti əlavə edilmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, SOCAR-da saxlanılan “Dəniz neftçisi” Bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən vətəndaş İddiaçı bağ sahəsinin ayrılması barədə hər hansı sənəd aşkar edilməmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə N.Nərimanov adına NQÇİ bağçılıq yoldaşlığına aid üzvlərinin siyahısı, ayrıc aktı və müayinə aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Səngəçal qəsəbəsində yerləşən 44 saylı bağ sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,05 ha, faktiki 0,0860 ha (0.0360 ha artıq) təşkil edir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 44 saylı bağ sahəsinin ətrafında qeydiyyata alınmış bağ sahələrinin (**********53-11301 və **********59 reyestr nömrəli) ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə sözügedən torpaq sahəsinə dair ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0,05 ha olsa da, faktiki olaraq 0,086 ha təşkil edir (0.036 ha artıqdır). Bağ sahəsinin sərhədləri mişar daşları ilə hasarlanıb. Bağ sahəsində birmərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. Bağçılıq- yoldaşlığın bölgü sxemi təqdim edilmədiyindən bağ sahəsinin yerləşməsini araşdırmaq mümkün olmadı. Əlavə olan torpaq sahəsi yaşayış evinin yerləşmə mövqeyinə əsasən şərq tərəfdən saxlanılmışdır. Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziləri deyil. Sahədəki tikililərin qeydiyyatı barədə məlumat yoxdur. Sahə heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilinə düşmür. Sahə Dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). İddiaçı N.Nərimanov adına NQÇİ-si Həmkarlar İttifaqı Komitəsinin Bağçılıq Yoldaşlıq təsərrüfatı üzvlərinin xx.xx.1999-cu il tarixli 4 saylı protokolundan çıxarışa əsaslanaraq ona ayrıldığını iddia etdiyi Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 44 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını istəyir. Bunun üçün o, üzvlük kitabçasına əsaslanır. Cavabdehin imtinasının əsasını o təşkil etmişdir ki, idarənin arxivində saxlanılan “N.Nərimanov” adına bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı və arxiv qovluğunda torpaq sahəsinin yerləşmə cizgisi aşkar edilməmişdir. Göstərilən torpaq sahəsi hər hansı bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşmir. Ümumi sahənin “Qobustan Əməliyyat Şirkətinin” ərazisi olması barədə məlumat mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) “Dəniz neftçisi” Bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən iddiaçıya bağ sahəsinin ayrılması barədə hər hansı sənəd mövcud olmamış, N.Nərimanov adına NQÇİ bağçılıq yoldaşlığına aid üzvlərin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Qeyd edilməlidir ki, məhkəmə sorğusu əsasında Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 44 saylı bağ sahəsinin ətrafında qeydiyyata alınmış bağ sahələrinin (**********53-11301 və **********59 reyestr nömrəli) ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən isə müəyyən edilir ki, **********53-11301 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş sənəd müvafiq order (“Sahil” BYC tərəfindən verilmiş), **********59 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş sənəd isə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park İnkişafı Departamentinin X1 və İstismarı Birliyi ilə bağlanan müvafiq müqavilə olmuşdur. Göründüyü kimi sözügedən bağ sahəsinin ətrafında N.Nərimanov adına NQÇİ bağçılıq yoldaşlığı tərəfindən verilmiş üzvlük kitabçası əsasında hansısa bağ sahəsinə dair hər hansı bir şəxsin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması halı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Eyni zamanda, məhkəməyə təqdim edilmiş ortofoto görüntüsündən də aşkar olunur ki, iddia olunan bağ sahəsi ayrıc aktından kənarda yerləşir. Belə ki, ortofoto görüntüsündə Nərimanov adına NQÇİ-yə ayrılmış torpaq sahəsi, həmçinin “İnşaatçı” BYC-yə ayrılmış torpaq sahəsi yaşıl konturlarla işarələnmişdir. İddiaçının iddia etdiyi sahənin isə həmin yaşıl konturlardan xeyli kənarda yerləşdiyi müəyyən edilir. Qeyd edilməlidir ki, məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən Bakı Şəhər icra Hakimiyyəti tərəfindən Nərimanova adına NQÇİ-yə bağçılıq birlikləri yaratmaq üçün ayrılmı torpaq sahəsinin ayrıc aktı məhkəməyə göndərilmişdir. Həmin ayrıc aktından görünür ki, Bakı ŞİH başçısının xx.xx.1990-cı il tarixli, 7/437 saylı sərəncamı ilə 60 nəfərə, xx.xx.1991-ci il tarixli, 10/518 saylı sərəncamı ilə isə əlavə 30 nəfərə bağ sahəsi kimi paylanması nəzərdə tutulan 8,8 hektar torpaq sahəsi N.Nərimanov adına NQÇİ-yə ayrılmışdır. Belə olan halda iddiaçının iddia etdiyi torpaq sahəsi həmin sahələrin daxilində olmalı idi. İddiaçının iddia etdiyi torpaq sahəsinin N.Nərimanov adına NQÇİ-yə ayrılmış sahədən kənarda yerləşməsi onu deməyə əsas verir ki, ya iddiaçıya qanunvericiliyin tələblərinə uyğun torpaq sahəsi ayrılmamışdr, yaxud da iddiaçıya ayrılmış torpaq sahəsi onun iddia etdiyi sahə ilə üst-üstə düşmür. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 44 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun tanınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar