Məhkəmə qərarları › İş №2-1(112)-9452/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9452/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9452/2025 17.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 19) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 40/2 saylı evin 13 saylı, sahəsi 16 kv.m olan 1 otaqlı mənzili üzərində mərhum Mürsəliyev Oruc Mülki oğlunun mülkiyyət hüququnun olmasına dair İddiaçı adına arayış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli, 9/118a saylı qərarına əsasən Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 40/2 saylı evin 13 saylı, sahəsi 16 kv.m olan 1 otaqlı mənzilinə dair iddiaçının mərhum həyat yoldaşı Mürsəliyev Oruc Mülki oğluna xidməti order verilməsi qət edilmişdir. Həmin qərara uyğun olaraq qeyd olunan mənzilə dair mərhum həyat yoldaşı Mlirəliyev Oruc Mülki oğluna (orderdə Orucağa göstərilmişdir) 002042 nömrəli 10 aprel 1989-cu il tarixli order verilmişdir. Mənzil müvafiq sənədləşmədən sonra həyat yoldaşına təhvil verilmiş və iddiaçı mərhum yoldaşı ilə birlikdə həmin mənzilə köçərək orada yaşamağa başlamışdır. Hal-hazırda da iddiaçı və ailə üzvləri həmin mənzildə daimi qeydiyyatdadır və orada yaşayırlar. Həyat yoldaşı Mürəliyev Oruc Mülki oğlu xx.xx.2021-ci ildə koronavirus infeksiyasına yoluxma nəticəsində vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı mərhum həyat yoldaşının mənzilinə faktiki sahiblik etmiş və onu idarə etmişdir. Halhazırda da həmin mənzil iddiaçının sahiblik və istifadəsindədir. İddiaçı tərəfindən cavabdeh təşkilata ərizə ilə müraciət olunmuş və Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 40/2 saylı evin 13 saylı, sahəsi 16 kv.m olan 1 otaqlı mənzili üzərində mərhum Miirsəliyev Oruc Mülki oğlunun mülkiyyət hüququnun olmasına dair İddiaçı adına arayış verilməsi xahiş edilmişdir. Lakin cavabdeh təşkilat iddiaçının müraciətinə müsbət cavab verməmişdir. Cavabdeh təşkilatın imtinası əsassızdır. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, müraciətə əlavə olunmuş Nərimanov rayon XDS İK-nın xx.xx.1989-cu il tarixli, 9/118a saylı qərarında Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 40/2 saylı evin, 13 saylı mənzilinin Mürsəliyev Oruc Mülki oğluna (002042 saylı, xx.xx.1989-cu il tarixli orderdə Orucağa) xidməti mənzil kimi verildiyi qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin iştirakını məhkəmə iclasında təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Nərimanov Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin Azərbaycan Dəmir Yolunun Keşlə stansiyasının işçisi Mürsəliyev O.M.-ə xidməti yaşayış sahəsi üçün xüsusi orderin verilməsi haqqında xx.xx.1989-cu il tarixli, 9/118a nömrəli qərarından görünür ki, Mürsəliyev Orucəli Mülki oğlu – Azərbaycan Dəmir Yolunun Keşlə stansiyasının qatar tərtibçisidir. Ailə tərkibi 2 nəfərdir (özü və yoldaşı). Özü Biləcəri stansiyasındakı 2 nömrəli yataqxanada daimi qeydiyyatdadır. Yoldaşının Bakı şəhərində qeydiyyatı yoxdur. Azərbaycan Dəmir Yolunun Bakı bölməsinin rəhbərliyi və Rayon Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xx.xx.1988-ci il tarixli birgə qərarı (protokol №22) ilə Keşlə stansiyası üzrə ünvan 1 ünvanında yerləşən, 16 kv.m. sahəsi olan bir otaqlı mənzil ayrılmışdır. Bu mənzil xidməti yaşayış sahələri siyahısına daxil edilmişdir. İdarə və Keşlə stansiyası Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1989-cu il tarixli birgə qərarı (protokol №2) ilə mənzil 2 nəfərlik ailə tərkibi ilə Mürsəliyev O.M.-ə verilmişdir. Göstərilənlərə əsasən Mürsəliyev O.M.-ə ünvan 1 ünvanında yerləşən, 16 kv.m. sahəli, bir otaqdan ibarət xidməti yaşayış sahəsinə köçmək hüququ verən xüsusi order verilməsi, orderə Mürsəliyev Orucəli Mülki oğlunun – özü, 1958-ci il təvəllüdlü adının daxil edilməsi qərara alınmış, Azərbaycan Dəmir Yolunun Keşlə stansiyasına Mürsəliyev O.M. ilə yaşayış sahəsinin kirayə müqaviləsini bağlamasının tapşırılmışdır. Həmin qərara əsasən xx.xx.1989-cu ildə verilmiş 002042 saylı Xidməti yaşayış sahəsini və ya xidməti (vəzifə) mənzilini tutmaq hüququ haqqında xüsusi orderdən görünür ki, 13 saylı mənzil Mürsalıyev Orucağa Mülki oğlunun istifadəsinə verilmiş, orderdə yalnız onun adı göstərilmişdir. AZ-İ № 037878 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X2 ilə İddiaçı xx.xx.2002-ci ildə nikah bağlamışlar. AZ-İİ № 231263 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2021ci ildə ölmüşdür. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, mənzil 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Soldan 1-ci qapıdır. Mənzilin qarşısında əlavə 31.9 kv.m əlavə tikili tikilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, bina yataqxana tipli mənzil fonduna aiddir, xüsusi təyinatlı mənzil olmamışdır. Balanssaxlayıcı dəyişməmişdir. İddiaçı hazırda yuxarıda qeyd edilən sənədlərə istinad edərək, istifadəsində olan yaşayış sahəsinə mülkiyyət hüququnun vəfat etmiş O.Mürsəliyevə məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin, yəni mənzilə hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi ilə bağlı tələbin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsi və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” çıxış edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş mülkiyyət hüququ mövcud olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi Qanunun 22.2-ci maddəsi mənzilə olan hüququn mərhum O.Mürsəliyevə məxsus olması barədə arayış verilməsinin, ümumiyyətlə belə bir tələbin iddiaçının mənzilə dair hüquqlarının təmin edilməsinin hüquqi əsası kimi çıxış edə bilməz. İşin hallarından müəyyən olur ki, mübahisəli mənzil xx.xx.1989-cu ildə mərhum O.Mürsəliyevə verilmişdir. Hazırda sözügedən mənzil dövlət mənzil fonduna aid olmaqla 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Mübahisəli mənzilin istifadəyə verildiyi zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 299-cu maddəsinin (1966-cı il 23 dekabr tarixdən qüvvədə olan redaksiyada) İ hissəsinə əsasən yerli X1 evlərində mənzillər yerli Sovetin İcraiyyə komitəsi tərəfındən ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə verilir. Dövlət, kooperativ təşkilatlarının və ictimai təşkilatların evlərində mənzillər müdiriyyətlə həmkarlar ittifaqı fabrik, zavod, yerli komitəsinin xalq deputatları Soveti icraiyyə komitəsı tərəfındən təsdiq edilən birgə qərarı ilə verilir, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müdiriyyətlə həmkarlar ittifaqı fabrik, zavod, yerli komitəsinin birgə qərarı ilə verilir və köçmək üçün mənzil ayrıldığı barədə yerli Sovetin icraiyyə komitəsinə məlumat təqdim olunur. Həmin Məcəllənin 301-ci maddəsinin İ hissəsinə əsasən evlər idarəsi, adına order verilmiş şəxslə, orderdə göstərilən mənzilin kirayəsi üçün yazılı müqavilə bağlamalıdır. Həmin maddənin İİ hissəsinə əsasən, yerli X1 evlərində, habelə dövlət, kooperativ təşkilatlarının və ictimai təşkilatların evlərində mənzil kirayə müqaviləsi tərəflərin razılığı ilə, sair hal müəyyən edilməyibsə, bir qayda olaraq, müddət göstərilmədən bağlanılır. Həmin Məcəllənin 306-cı maddəsinə əsasən mənzildə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri müqavilədən törəyən hüquq və vəzifələri bərabər surətdə əldə edirlər. ... Kirayəçinin ailə üzvləri - kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi 1993-cü ilədək (və bundan sonra) qüvvədə olmuş 8 iyul 1982-ci il tarixli 979-X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. -2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. -4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. -5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Yəni mənzili özəlləşdirmək hüququ bilavasitə mənzilin kirayəçisinin onun sağlığında realizə edə biləcəyi hüquqdur. İşin hallarından görünür ki, mübahisə predmeti olan mənzil dövlət mənzil fonduna aid olmaqla özəlləşməmiş mənzildir, sözügedən mənzil mənzilin keçmiş kirayəçisi mərhum O.Mürsəliyevin istifadəsinə verilmişdir, eləcə də mənzil 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır, mənzil fondunun idarəedicisi (sərəncamvericisi) qismində yerli icra hakimiyyəti orqanı çıxış edir, belə olan halda, adıçəkilən dövlət mənzil fonduna aid mənzilə ölmüş şəxsin bilavasitə mülkiyyət hüququ yaranmır, bu hüquq mülkiyyətçi kimi birbaşa miras qoyanın miras aktivinə daxil edilmir və miras aktivinə daxil olmayan mənzilə isə mülkiyyət hüququnun məxsus olması barədə arayışın verilməsi qanunvericiliyin tələblərinə ziddir. Başqa sözlə, hüququn məxsus olması barədə arayışın sərəncamvericisi dövlət qurumu olan daşınmaz əmlak barəsində deyil, əsasən fiziki şəxsin bilavasitə “xüsusi mülkiyyət” anlayışından irəli gələn əmlaka münasibətdə verilməsi mümkündür. Dövlət mənzil fonduna aid, özəlləşməmiş mənzilə istifadə hüququ vətəndaşa həmin mənzilin özəlləşdirilməsində üstünlük imkanı verir, lakin mülkiyyətçisi dövlət, sərəncam hüququ isə bilavasitə mənzil fondunu idarə edən quruma məxsus olduğundan, həmin mənzilə birbaşa “mülkiyyət” hüququnun yaranmasını ehtiva etmir. Çünki vəfat etmiş kirayəçi mənzilin mütləq sahibi hesab edilmir və onunla yaşayan ailə üzvləri kirayəçi öldükdən sonra mənzilə dair kirayə müqaviləsinin öz adlarına bağlanmasını tələb etmək, kirayəçinin istifadə etdiyi hüquqlardan istifadə etmək, o cümlədən kirayə müqaviləsi bağlandıqdan sonra mənzili öz adına özəlləşdirmək hüququna malikdir. Bundan əlavə, işdən görünür ki, mübahisəli mənzil yataqxana olmaqla, O.Mürsəliyevin istifadəsinə xidməti mənzil kimi verilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Göründüyü kimi, qanunverici yataqxanaların balanssaxlayıcısı dəyişdikdən sonra, mənzil kirayə müqaviləsi olan sakinlərin özəlləşdirməsini mümkün hesab etmişdir, hansı ki, hazırkı işdə belə bir müqavilə mövcud deyil. Beləliklə, iddiaçının tələb etdiyi mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilmiş hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar