Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9455/2024 05.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə (üçüncü şəxs X5) qarşı “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Şirkəti cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Binəqədi rayon İcra Hakimiyyəti Başçısının X3 torpaq sahəsinin ayrılmasına dair 1597 saylı, 23 oktyabr 2000-ci il tarixli sərəncamının Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1597 saylı, 23 oktyabr 2000-ci il tarixli sərəncamı ilə X3 Dövlətin müsətsna səlahiyyətində saxlanan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək, Qanun statusu almış “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı şirkətinin (“Şirkət”) istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində və 1 saylı mədənin 6-cı sahəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. ölçüdə torpaq sahəsi ayrılmışdır. Məlum olduğu kimi, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X11 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 2 və 8-ci maddələrinin və X11 Bi.Vi., ARDNŞin Ortaq Neft Şirkəti (“Podratçı Tərəflər”) və X9 şirkətləri arasında imzalanmış X6 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən İddiaçı şirkətinə (“Şirkət”) neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən (“Hökumət”) Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, Neft-qaz əməliyyatları üçün Podratçiya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: “Podratçı Tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və ya başqa səkildə özgə tərəfindən mənimsəmilə bilməz. Məlum olduğu kimi eyni torpaq sahəsi barəsində Şirkətin mülki iddialarına baxan məhkəmələr tərəfindən obyektiv və qəti qərarların qəbul edilməsi, həmin torpaqlarla bağlı Şirkətin inzibati iddia tələblərinə baxan məhkəmələrin qəbul etdiyi qərarların nəticəsindən asılıdır. Belə ki, bugünki, gün Şikətin inzibati iddia tələblərinin məhkəmələr tərəfindən mümkünsüz hesab edilməsi, Şirkətin mülki iddia tələblərinin də təmin edilməməsinə səbəb olur. Bu isə, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 1-8-5/2-1837/2023 saylı məktubunda qeyd olunmuş tövsiyələrə zidd olmaqla, Şirkət tərəfindən verilmiş qanuni mülki iddialarının rədd edilməsi ilə nəticələnir (məktubun surəti əlavə olunur). “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağrılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Binəqədi rayon İcra Hakimiyyəti özünün səlahiyyətində olmayan, ona ayrılmış torpaq sahələrinin hüdudlarından kənarda yerləşən və sənaye təyinatlı torpaq sahələri kateqoriyasına aid olmaqla Qanunla Saziş ərazisinin hüdudlarına daxil edilərək Şirkətin müstəsna istifadəsinə verilmiş torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaşa ayırmaqla həmçinin Azərbaycan Respublikası Torpaq Qanunvericiliyinin aşağıda sadalanan müddəalarını pozmuşdur: 1.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinin tələbinə görə, cavabdeh, sənaye təyinatlı torpaq sahəsini yaşayış məntəqələrinin torpaq sahəsi təyinatına dəyişməklə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Nazirlər kabineti) tərəfindən həyata keçirilməsi” haqqında qanunun tələbini pozmuşdur. 2.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinin 4-cü bəndinin tələbinə əsasən, torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmədiyi halda, İcra Hakimiyyəti sənaye təyinatlı torpaq sahəsinin məhdudiyyətlərinə məhəl qoymamışdır. 3.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 20-ci maddəsinin 1-ci bəndinə görə, yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu təsərrüfat planlarına müvafiq surətdə istifadə edilməli olduğu halda İcra Hakimiyyəti tərəfindən qanuna uyğun olaraq belə plan tərtib edilməmiş və müvafiq qaydada təsdiq edilməmişdir. 4.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə, dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlətin müstəsna mülkiyyətində olan torpaqlara aid olmasına baxmayaraq, bu torpaq sahəsi İcra Hakimiyyəti tərəfindən qeyriqanuni özgən inkiləşdirilm işdir. 5.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etməyə borclu olduqları təqdirdə, cavabdeh İcra Hakimiyyəti qeyd edilən ərazini təyinatı üzrə istifadə edilməsi üçün vətəndaşa ayırmamışdır. X10 “ 6.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasının torpaq haqqında qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, İcra Hakimiyyəti ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər. İcra Hakimiyyətinin üçüncü şəxsə ayırdığı torpaq sahəsi isə ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələrinə aid deyildir. 7.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci bəndinin tələbinə görə, Azərbaycan Respublikasının dövlət torpaqları alqı-satqı obyekti ola bilməz- Buna baxmayaraq, İcra Hakimiyyəti üçüncü şəxsə satdığı (ayırdığı) torpaq sahəsi dövlət torpaqları daxilindədir. 8.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinin tələbinə əsasən,torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bundan başqa, “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu” və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2 maddəsinə əsasən, “əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır”. Həmin hüquqi rejimlər müvafiq normativ- hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nm 3.3-cü bəndinə əsasən, şəxsi tikililərlə quyular, separatorlar, qızdırıcı avadanlıq, neft rezervuarları və nasos avadanlığı arasında minimum məsafə 300 metr olmalıdır və şəxsi tikililərin sözügedən obyektlərin mühafizə zonaları daxilində inşa edilməsi qadağan edilir. Həmçinin həmin qərara əsasən, şəxsi tikililərlə elektrikötürücü xətləri arasında minimum məsafə 12-19 metr, mühafizə zonaları daxilində isə 10-15 metr olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9455/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı təqdim edilmiş və bildirilmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sözügedən Sərəncamı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (xx.xx.1991-xx.xx.2001 müddətdə qüvvədə olmuş) 22-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə daxil edilmişdir. Göründüyü kimi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1597 saylı, 23 oktyabr 2000-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün vətəndaş R.İ.Məmmədova Binəqədi qəsəbəsi ərazisində 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respubliası Mülki Prosessual Məcəlləsinin 217.2 maddəsinin tələblərinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sözügedən Saziş, iddiaçının özünün iddia ərizəsində göstərdiyi kimi xx.xx.2005-ci il tarixdən qüvvəyə minmiş, Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası Qanunun 5-ci bəndində bu qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanılmış hər hansı Saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələrin ləğv edilməsi göstərilmişdir. Rayon İcra Hakimiyyətinin qəbul etdiyi Sərəncam isə göründüyü kimi “Saziş, kontrakt və ya bu cür başqa sənəd” kateqoriyasına aid deyildir. Sözügedən qanunda yalnız əvvəllər bağlanılmış hər hansı Saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələrin ləğv edilməsi nəzərdə tutulmuşdur. Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsində inzibati aktın etibarsız sayılmasına dair əsaslar qeyd olunmuşdur. Belə ki, aşağıdakı hallarda inzibati akt etibarsız hesab olunur: 1.hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 2.müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 3.qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 4.maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 5.faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 6.kimə ünvanlandığı aydın olmayan inzibati akt. Göründüyü kimi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının X3 torpaq sahəsinin ayrılmasına dair 1597 saylı, 23 oktyabr 2000-ci il tarixli sərəncamında yuxarıda sadalanan halların heçbiri mövcud deyildir. Qeyd olunanlara əsasən, hesab edirik ki, sözügedən sərəncamın etibarsız sayılmasına dair heçbir əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların güvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinin hüquqi mahiyyətindən bəlli olur ki, Azərbaycan Respublikası Konstitusiyası həmin Sazişə münasibətdə daha üstün hüquqi qüvvəyə malikdir. Həmçinin iddiaçı ilkin iddianı qaldırarkən inzibati orqana qarşı pretenziya qaydasında müraciət etməmişdir. Bu da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına ziddir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 1.1 maddəsinə əsasən İnzibati Prosessual Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Azərbaycan Respublikası İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Beləliklə də, iddiaçının Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı Sərəncamın etibarsız hesab barədə iddia irəli sürməsi əsassızdır, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. İddiaçının iddia tələbi əsassız olduğu üçün cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edəərk tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-1247/2024 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1597 nömrəli sərəncamından görünür ki, Biləcəri qəsəbəsi ərazisində yerləşən 600.0 kv.m ölçüdə torpaq sahəsi təqdim olunmuş cizgi əsasında, fərdi yaşayış evinin tikintisi üçün vət. X3 ayrılmışdır. Hazırkı işdən görünür ki, iddiaçı cavabdehin xx.xx.2000-ci il tarixli, 1597 nömrəli sərəncamını xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirir. Halbuki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in "Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır). Göründüyü kimi iddiaçı sözügedən 2000-ci il tarixli sərəncamı qüvvədə olmuş MPM-nin tələbinə uyğun olaraq iddia müddəti çərçivəsində mübahisələndirməmişdir. Bundan əlavə məhkəmə mübahisələndirilən inzibati aktla bağlı xx.xx.2011-ci ildən qüvvəyə minmiş X2 tələbləri baxımından qiymətləndirmə aparmağı zəruri hesab edir. Hazırkı iş üzrə iddiaçının iddiası Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 1597 nömrəli sərəncamının qanunsuzluğunun tanınması barədə olmaqla müəyyən etmə və tanınma haqqında iddia növündə irəli sürülmüşdür. Belə ki, İPM-in həmin iddia növünü tənzimləyən 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Qeyd edilməlidir ki, subsidiarlıq tələbinə əsasən, müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Beləliklə, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində ümumi tələbdir. Yəni, məsələn mübahisələndirmə haqqında iddia üzrə iddia müddətini ötürmüş şəxs eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldıra bilməz. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında deyilir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Qərarda qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mahiyyət etibarilə mübahisələndirmə haqqında iddiadır və İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsi ilə tənzimlənir. İddianın faktiki əsasları sərəncamın qanunsuzluğunun tanınması deyil, üçüncü şəxs barəsində qəbul edilmiş əliverişli inzibati aktın ləğvinə uyğundur və iddiaçı prosessual məhdudiyyətlərin (iddia müddətinin) tətbiqini istisna etmək üçün sonda qərarın etibarsızlığını xahiş edərək hazırkı iddianı "müəyyən etmə və tanınma haqqında iddia” növü kimi göstərmişdir. Müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə maraq barəsində olan ümumi tələbdir. Mübahisələndirmə haqqında iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi qərarın ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə qaldırmış, müvafiq qərar qəbul edildiyi vaxtdan 24 il keçdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən qərarın rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Hazırkı iş üzrə iddiaçı X3 ayrılmış torpaq sahəsinin dövlətin müstəsna mülkiyyətində saxlanılan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyini iddia edir. Hazırkı iş üzrə iddiaçı qeyd edilən Sazişə əsasən məhz həmin Sazişin qəbul edildiyi 2005-ci il tarixdən istifadəsinə ayrılmış torpaq sahələrinin təyinatı üzrə istifadəsinə məsuliyyət daşıyır ki, bu da onun həmin torpaq sahəsi barədə qəbul olunmuş istənilən aktdan xəbərdar olmalı olduğunu, hüququnun pozulduğunu bilməli olduğunu deməyə əsas verir. Hətta iş materiallarına əlavə edilmiş İddiaçı Şirkətinin “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokunun kontrakt sahəsinin topoqrafik planı da tərtib olunmuşdur ki, həmin xəritə xx.xx.2004-cü il tarixdə təsdiq edilmişdir. Dolayısı ilə ən geci adı çəkilən xəritənin təsdiq edildiyi vaxtdan belə iddiaçı onun istifadəsinə verilmiş torpaq sahələri, həmin ərazilərin hüdudlarını, onların hüquqi və faktiki vəziyyətini artıq dəqiq bilmiş (və ya bilməli idi), iddiaçı isə həmin tarixdən hesabladıqda belə 19 il sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. Beləliklə, yuxarıda sadalanmış təkzibedilməz sübutlar iddiaçının iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9455/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9455/2024
05.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver