Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9456/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydinə düzəliş edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı doğum haqqında şəhadətnaməsində cinsi göstərən qrafada və baza alt sistemində düzəliş edilməsi və təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddiia tələbi “İddiaçı doğum akt qeydində və doğum haqqında şəhadətnaməsində ata adı qrafasında “Ağabala oğlu” əvəzinə “Ağabala qızı”, cinsi qrafasında isə “kişi” əvəzinə “qadın” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1970-ci ildə ünvan 1 ünvanda yaşayır. Valideynləri Əzizbəyov (indiki Xəzər) rayon qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnaməni aldıqları zaman oranın əməkdaşları “Cins” bölməsində Qadın yox Kişi cinsi kimi qeydə almışdır. Anasının sözlərinə görə o vaxtlar həmin qeydiyyat şöbəsində işləyənlər erməni vətəndaşları olublar. İddiaçı hesab edir ki, onlar bunu bilərəkdən ediblər. Lakin sonradan X1 Cins qrafasında qələm ilə üzərində düzəliş etsələr də, bununla bağlı heç bir təsdiqlənmiş möhür və ya sənəd yoxdur. Yaxın zamanlarda ziyarətə getmək üçün, xarici pasportunu yeniləyərkən, doğum haqqında şəhadətnaməsindən əlavə, eləcə də haqqında olan məlumatlar bazasında “Cins” hissəsində “qadın” yox “kişi” cinsi kimi qeydə alındığını bildi. Bununla bağlı, İddiaçı Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə müraciət edərək, Əzizbəyov rayonu (Xəzər) İcra nümayəndəliyi tərəfindən xx.xx.1970-ci il tarixdə tərtib edilmiş AZB № 063608 saylı doğum haqqında şəhadətnamədə cins qrafasında, cinsi göstərən hissədə yanılışlığın düzəldilərək, ona təkrar doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsindən isə bununla bağlı 08 aprel 2025-ci il tarixli 3-16-5/8-xx-xx/2025 saylı imtina məktubu verilərək və həmin doğum haqqında şəhadətnamənin təkrar verilməsi mümkün olmadığı bildirilmiş və mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etmək izah olunmuşdur. İddiaçının hazırda xx.xx.2005-ci il tarixdə aldığı “Əzizbəyov RPİ” tərəfindən verilmiş, “AZE04822690nömrəli və xxxxxxxfin kodlu” şəxsiyyət vəsiqəsində və bütün digər sənədlərində cins “Qadın” və ata adı qrafasında isə “Ağabala qızı” kimi qeyd olunmuşdur. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin baza alt sistemində Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin nümayəndələrinin dediyinə görə şəhadətnamənin cins yazılan qrafasında “kişi” kimi qeydiyyata alınmışdır. Bu səbəbdən də, təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddiaçı məcburiyyət qarşısında qalaraq X1 düzəlişin edilməsi məsələsinin həll edilməsi üçün məhkəməyə müraciət edir.
4. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Sizin Xəzər rayon Qeydiyyat şöbəsində qeydə alınmış xx.xx.1970-ci il tarixli 502 saylı doğum haqqında akt qeydinizdə cinsiniz kişi, şəxsiyyətinizi təsdiq edən sənədinizdə və nikah haqqında akt qeydinizdə isə cinsiniz “qadın” yazılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Göstərilənlərlə əlaqədar bildiririk ki, şəxsiyyətinizi təsdiq edən şəxsiyyət vəsiqəsi ilə doğum haqqında akt qeydində ziddiyyət olduğundan sizə doğumunuza düzəliş edilməsi şöbədə mümkün deyildir. Müvafiq sənəddə düzəliş edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqında akt qeydinizdə cinsinizə düzəliş olunaraq yeni sənəd ilə təmin ediləcəksiniz.”
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
9. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
10. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
11. AZE 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Vəsiqədə şəxsin tam adı “İddiaçı”, cinsi “qadın” kimi göstərilmişdir.
12. Vİ-JQ 368411 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və X4 arasında nikah xx.xx.1993-cü il tarixdə bağlanmışdır. Arvad Əliyeva soyadını almışdır.
13. XİX-JQ 332882 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1995-ci il tarixdə doğulan X2 anası kimi X4 qeyd olunmuşdur.
14. XVİİİ-JQ 363743 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə doğulan X3 anası kimi X4 qeyd olunmuşdur.
15. XİX-JQ 446279 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1996-cı il tarixdə doğulan X5 anası kimi İddiaçı qeyd olunmuşdur.
16. AZB 063608 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əli-zadə Rəzil Ağabala oğlu xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Əli-zadə Ağabala Ağabala oğlu, anası Əli-zadə Rüxsarə Amir qızı göstərilmişdir. Şəhadətnamədə şəxsin tam adı “Əli-zadə Rəzil Ağabala oğlu”, cinsi “kişi” kimi göstərilmişdir. Şəhadətnamə xx.xx.1970ci il tarixdə verilmişdir.
17. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə Əli-zadə X7 akt qeydinin təsdiq edilmiş surəti təqdim edilmişdir. - 06 noyab 1970-ci il tarixli 502 nömrəli doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, Əli-zadə X12 xx xxxxxxxx 1970-ci ildə Bakı şəhərində doğulmuşdur. Cinsi kişidir. Anası Əli-zadə Rüxsarə Amir qızı, atası Əli-zadə Ağabala Ağabala oğludur.
IV. Məhkəmənin mövqeyi
18. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, Sevinc qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
20. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.
21. Belə ki, iddiaçının şəxsiyyət vəsiqəsi mövcuddur, xx.xx.2005-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin ad qrafasında şəxsin tam adı “İddiaçı”, cinsi “qadın” olaraq qeyd olunmuşdur. Həmçinin, müəyyən olunur ki, iddiaçı nikaha daxil olduqdan sonra “Əliyeva” soyadını almış, nikah haqqında sənəddə və övladlarının doğum haqqında şəhadətnamələrinin ana qrafasında “Əlizadə (Əliyeva) Rəzil Ağabala qızı” kimi qeyd olunmuşdur.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»: 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.
23. Qanunveriliyin tələbindən də göründüyü kimi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Yəni, müvafiq qeydiyyat şöbəsi tərəfindən iddiaçıya şəxsiyyət vəsiqəsi tərtib olunarkən onun doğum haqqında şəhadətnaməsi (şəxsiyyətini təsdiq edən sənəd) nəzərə alınmışdır.
24. Şəxsiyyət vəsiqəsinin vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verildiyini nəzərə alan məhkəmə qeyd edir ki, həmin şəxsin AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində tam adının “İddiaçı”, eyni zamanda, nikah bağladıqdan sonra verilən sənədlərdə - nikahın bağlanması və övladlarının doğumu barədə şəhadətnamələrdə ad, soyad və ata adının “Əliyeva (Əlizadə) Rəzil Ağabala qızı” olması iş materialları ilə müəyyən edilir.
25. Göründüyü kimi iddiaçının doğum haqqında şəhadətnaməsi mövcuddur. xx.xx.1970-ci il təvəllüdlü iddiaçının doğum haqqında şəhadətnaməsində “Əli-zadə Rəzil Ağabala oğlu” kimi, aşkar olunan doğum haqqında akt qeydində də onun ata adı “Ağabala oğlu”, cinsi “kişi” olaraq göstərilmişdir. Hər iki sənəd eyni tarixdə (06 noyabr 1970-ci ildə) verilmişdir.
26. Nəzərə alınmalıdır ki, ona məxsus şəxsiyyət vəsiqəsi, nikahın bağlanması haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə və doğum haqqında akt qeydində “atası, “anası” və “doğulduğu vaxt və yer” qrafalarında aparılan qeydlər eynilik təşkil edir. Belə ki, həmin sənədlərdən şəxsin xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulduğu, atasının Əlizadə Ağabala Ağadadaş oğlu, anasının Əli-zadə Rüxsarə Amir qızı olduğu görünür. Odur ki, həmin sənədlərin eyni bir şəxsə məxsus olması iş materialları ilə təsdiq olunur, cavabdeh isə qeyd edilən halları araşdırmadan müraciəti təmin etməkdən imtina etmişdir.
27. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti nəticəsində doğum haqqında şəhadətnamə və doğum akt qeydində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına, o cümlədən sosial təminat hüququnu həyata keçirməsinə mane olmamalıdır. Buna görə də məhkəmə iddiaçının soyadının “Əlizadə” (nikaha daxil olduqdan sonakı soyadı “Əliyeva”), ata adının “Ağabala qızı”, cinsinin “qadın” olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının doğum haqqında şəhadətnamə və akt qeydində düzəliş edilməli və onun ata adı “Ağabala oğlu” deyil, “Ağabala qızı”, cinsi isə “kişi” deyil, “qadın” kimi göstərilməlidir.
28. «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Qərara aldı: İddia təmin edilsin. İddiaçı doğum akt qeydində və doğum haqqında şəhadətnaməsində ata adı qrafasında “Ağabala oğlu” əvəzinə “Ağabala qızı”, cinsi qrafasında isə “kişi” əvəzinə “qadın” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva