Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9459/2024 17.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (DMX) qarşı “vətəndaşlığa mənsubiyyətinin tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1949-cu ildə İran İslam Respublikasının Təbriz şəhərində doğulmuşdur. 12 il orada yaşadıqdan sonra 1961-ci ildə Bakıya gəlmiş, burada orta və ali təhsil almışdır. 1973-cü ildə Ermənistana getmiş və həyat yoldaşı xx.xx.1948-ci il təvəllüdlü X3 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan iki övladı dünyaya gəlmişdir - 1975-ci il təvəllüdlü X2 və 1982-ci il təvəllüdlü X4. Qızı və həyat yoldaşı Azərbaycan Respublikasının vətəndaşlarıdır. İddiaçı 1978-ci ildən 1991-ci ilə qədər Rabitə Nazirliyində çalışmışdır. 2 il də Ermənistanda müəllimə olaraq işləmişdir. 1977-1978-ci illərdə də Bakıda yerləşən 178 nömrəli orta məktəbdə riyaziyyat müəllimi olaraq fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün 2023-cü ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ilə vətəndaşlığa mənsubiyyəti tanınmamışdır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarında imtina səbəbi kimi onun xx.xx.1998-ci ilə qədər (Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunun qüvvəyə mindiyi tarixədək) Azərbaycan Respublikasında yaşayış yerinin olmadığı əsas gətirilmişdir. Halbuki, 1961-ci ildən anasının mülkiyyətində olan ünvan 1 ünvanında yaşamış və qeydiyyatda olmuşdur. 1985ci ilə qədər bu evdə qeydiyyatda qaldıqdan sonra 1985-ci ildən də 1992-ci ilə qədər öz mülkiyyətində olmuş ünvan 2 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. İddiaçı 1992-ci ildən bu günə qədər də Bakı şəhərində yaşayır. Bir müddət kirayədə yaşamışdır. Halhazırda yaşadığı mənzil də kirayədir. Məhkəməyə müraciət etməkdə məqsədi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin onun vətəndaşlıq mənsubiyyətinin tanınmaması barədə vermiş olduğu imtina qərarı ilə bağlıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixli müraciəti əsasında onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Hesab edilir ki, Dövlət Miqrasiya Xidməti sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, şəxsin Azərbaycan SSR vətəndaşı olaraq pasport qeydiyyatında olması barədə məlumat yoxdur (VMMS üzrə məlumat etiraza əlavə olunur). Cavabdeh tərəfindən MAPS-a ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavab olaraq iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı bildirilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (Qaydaların 3.4.3-ci bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir (sistem üzrə sorğunun cavabı əlavə edilir). Bundan başqa bildirilmişdir ki, sözügedən qərar iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir (qəbul etmə ilə bağlı müvafiq sənəd əlavə edilir). İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsi göstərilmişdir. İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması barədə müvafiq qərar qəbul edilməsi xahiş olunmuşdur. İşin hazırlıq icraatı üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında tərəflərin iştirakı ilə iddia müddətinin ötürülməsi ilə bağlı iddianın mümkünlüyü məsələsi müzakirə edilmiş və iddiaçı tərəfə zəruri hüquqi yardım göstərilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, inzibati iş üzrə cavabdeh təşkilatın qərarından şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddəti üzrlü səbəblərdən ötürmüşdür. Belə ki, "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığa mənsubiyyətinin tanınması haqqında" Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarını aldıqdan sonra nəzərdə tutulan 30 gün müddətdən təqribən dörd ay sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Hüquqi savadı olmadığı üçün müddət tələbinin bu qədər ciddi bir məsələ olduğu diqqətindən yayınıb. Habelə, səhhəti və hərəkət məhdudiyyəti yol vermədiyi üçün bu məsələ ilə mərhum həyat yoldaşı X5 məşğul olmuşdur. Cavabdeh təşkilata müraciəti ilə əlaqədar bütün sənədləşmə işləri onun tərəfindən aparılmışdır. Lakin son bir ilə yaxın müddətdə onun da səhhətində ciddi problemlər yarandığı üçün bu işləri, həmçinin şikayət vermə məsələsini də yubatmışlar. Mərhum həyat yoldaşı cavabdehin qərarını aldıqdan sonra səhhəti ilə bağlı olaraq bu məsələ ilə vaxtında maraqlana bilməmiş və sənədlər ancaq may ayında məhkəməyə təqdim edilmişdir. Daha sonra həyat yoldaşı X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir, hazırda tək yaşayır. Heç bir sənədi olmadığı üçün xeyli çətinlik çəkir. Hətta təcili tibbi yardım xidmətinin çağırılmasında belə problemlər yaşayır, nəinki hər hansı bir xəstəxanaya müraciət etmək. Heç bir yerdən köməyi yoxdur. Övladları da xaricdə yaşayır. Mərhum həyat yoldaşı Azərbaycan Respublikası vətəndaşı olduğu üçün sağ olduğu müddətdə ona köməklik edirdi. Ancaq artıq çox çətinlik çəkir, ağır şəkər və təzyiq xəstəsidir. Cavabdeh təşkilatın qərarından narazıdır və işinə məhkəmədə ədalətlə baxılmasını istəyir. Beləliklə, "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığa mənsubiyyətinin tanınması haqqında" Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından şikayət vermək üçün ötürülmüş müddətin bərpa edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq digər bir mülki iş üzrə məhkəmə prosesinin olması ilə əlaqəli məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsinə və ya təxirə salınmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə qarşı təqdim edilmiş etirazı müdafiə edərək, tələbin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, prosessual müddətin bərpa edilməsinə dair ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli məktubdan bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə qeydiyyatdan keçmiş elektron müraciətinizə aidiyyəti üzrə baxılmışdır. xx.xx.2023-cü il tarixli 456866/m nömrəli müraciətiniz əsasında vətəndaşlıq mənsubiyyətiniz araşdırılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndində nəzərdə tutulan hər hansı hal müəyyən edilmədiyindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətiniz tanınmamışdır. Bu barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı qəbul edilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarının surətindən görünür ki, xx.xx.1949-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. -AR Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş qeydiyyat kitabından çıxarışdan görünür ki iddiaçı DMX-nin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarını xx.xx.2023-cü il tarixdə imzalayaraq götürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İPM-in: -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan bu növ iddiaya iddia müddəti tətbiq olunur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini ötürmüşdür. Belə ki, iddiaçının məqsədi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından ibarətdir. İddiaçının göstərilən tələbi ilə bağlı müraciəti isə cavabdeh qurum tərəfindən xx.xx.2023-cü il tarixli qərarla təmin edilməmiş və həmin qərar ona xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Bununla belə, iddiaçı indiki tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsindən imtina edilməsindən təkzibedilməz şəkildə məlumatlı olduğu halda məhkəmədə 5 ay 11 gün (beş ay on bir gün) sonra iddia irəli sürmüşdür. İPM-in 38.2-ci maddəsi isə şəxsə tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində iddia qaldırmaq imkanı verir. Belə olan halda, iddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddiaçı prosessual müddətin bərpasına dair təqdim etdiyi ərizəsini ümumi sözlərlə əsaslandırmağa çalışmış, müddətin üzrlü səbəbdən ötürülməsinə dəlalət edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə qərarı aldıqdan sonrakı dövrdə şəxsən olmasa da səalhiyyətli nümayəndə vasitəsilə hüquqlarının müdafiəsi üçün yuxarı inzibati orqana, yaxud məhkəməyə müraciət etmək, təmsil olunmaq imkanından məhrum edilməmişdi. Odur ki, məhkəmə hesab edir ki, prosessual müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə əsaslandırılmadığından təmin edilməməlidir. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tələbdən imtina barədə qəbul edilmiş inzibati aktın mövcudluğu iddiaçıya ən geci xx.xx.2023-cü il tarixdən məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət edilmədiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-9459/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9459/2024
17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver